XIX əsrdə britaniyalı cərrah Brayt Adison ilk dəfə olaraq appendisit xəstəliyini kliniki olaraq təsvir edib.
Cərrah xəstəliyin mövcudluğunu və onun bağırsaq iltihabı ilə əlaqəli olduğunu sübut edib. Appendisitdən əziyyət çəkən ilk xəstənin isə 1735-ci ildə Londonda, kral cərrahı Georgi Claudius əməliyyat edib. Cərrahın əməliyyat etdiyi 11 yaşlı oğlan appendisitdən azad olduqdan sonra tez bir zamanda sağalıb. Bu gün də uşaqlarda edilən təcili cərrahi əməliyyatların 75 faizini appendisit təşkil edir. Appendisitə hətta yeni doğulmuş körpələrdə də rast gəlinir. Bu xəstəliyə bir yaşa qədər uşaqlarda 1 faiz, 1-3 yaşda 5,5 faiz, 4-5 yaşda 13 faiz, 8-14 yaşda isə 80 faiz hallarda təsadüf olunur.
Kor bağırsağın soxulcanabənzər çıxıntısı
Həkim-pediatr Leyli Quliyevanın sözlərinə görə, appendisit qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab edilir. Kor bağırsağın soxulcanabənzər çıxıntısının kəskin iltihabına appendisit deyilir. Böyüklərdən fərqli olaraq erkən yaşlı uşaqlarda appendisitin klinik gedişi ağır, diaqnostikası isə çox mürəkkəbdir ki, bu da onların xüsusiyyətləri ilə əlaqədardır. Üç yaşa qədər uşaqların bir sıra anatomik-fizioloji xüsusiyyətləri var ki, bu da appendisitin klinik gedişini böyüklərdən əsaslı sürətdə fərqləndirir: "Üç yaşa kimi uşaqlarda mərkəzi sinir sisteminin funksional çatışmazlığı nəticəsində bütün kəskin xəstəliklər özünü oxşar klinik əlamətlərlə - yüksək temperatur, təkrari qusma, bağırsağın funksional pozulması ilə büruzə verir. Bu yaşda uşaqlarda soxulcanabənzər çıxıntıda iltihabi proses çox sürətlə inkişaf edir, prosesin məhdudlaşdırılması zəif olur. Appendisitin törətdiyi iltihabi prosesin məhdudlaşmasında böyük piyliyin və bağırsaq ilgəklərinin birlikdə böyük əhəmiyyəti var. Lakin belə bir bioloji baryer funksiyasına malik olan böyük piylik kiçik uşaqlarda zəif, qısa və kiçik olduğuna görə kor bağırsağın iltihablaşmış soxulcanabənzər çıxıntısına çata bilmədiyi üçün onu əhatə edə bilmir. Ona görə də bu yaşlarda uşaqlarda proses məhdud şəkildə deyil, yayılmış şəkildə olur".
Bəzən müayinə aparmaq çətinləşir
Pediatr deyir ki, appendisitin inkişafında onun anatomik yerləşməsinin, yaşdan asılı olaraq formalaşmasının və follikulyar aparatın böyük rolu var. Normada appendisit çıxıntısı kor bağırsağın önündə yerləşir, uzun və hərəkətlidir, bu isə onun qanla təchizatını asanlaşdırır. 3 yaşa kimi uşaqlarda appendisit çıxıntısının kor bağırsağa keçən yeri qıfabənzər olduğuna görə, kor bağırsaqdan möhtəviyyat asanlıqla appendisit çıxıntısına daxil olduğu kimi, asanlıqla da xaric olur. Beləliklə, onun içərisində möhtəviyyatın durğunluğu baş vermir. Bu yaşda appendiksin follikulyarları zəif inkişaf etdiyindən appendisitə az təsadüf edilir: "Kiçikyaşlı uşaqlarda müayinə aparmağa çətinlik törədən spesifik amillər - uşağın ağlaması, narahatlığı, baxışa müqavimət göstərməsi xəstəliyin əlamətlərini aşkar etməyə mane olur. Appendisitin əmələ gəlməsində qidalanmanın və mədə-bağırsaq sisteminin normal funksiyasının rolu böyükdür. Çox vaxt kiçik yaşlı uşaqlar rejimlə, keyfiyyətli qida qəbul edirlər ki, bu da bağırsaqların normal funksiyasını təmin edir və appendisitin az əmələ gəlməsinə səbəb olur".
Erkən yaşlı uşaqlarda kəskin appendisit çox az halda təsadüf olunur
Həkim bildirib ki, qarın boşluğunda kor bağırsağın yerləşmə vəziyyətindən asılı olaraq soxulcanabənzər çıxıntı da müxtəlif nahiyələrdə yerləşə bilər ki, bu da xəstəliyin klinik gedişinə və diaqnozun qoyulmasına ciddi təsir edir. Ona görə də appendiks çıxıntısının qarın boşluğunda yerləşmə variantlarını bilmək çox vacibdir: "Erkən yaşlı uşaqlarda kəskin appendisit çox az halda təsadüf olunur. Bu yaşda kəskin appendisitin klinik mənzərəsi bir sıra xüsusiyyətlərlə səciyyələnir. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, xəstəlik zamanı meydana çıxan ümumi əlamətlər bu yaş üçün xarakterik olan digər xəstəliklərin əlaməti kimi özünü büruzə verir. Əgər böyükyaşlı uşaqlarda kəskin appendisit olduqda o, sağ qalça çuxurunda olan ağrıdan şikayət edirsə, erkən yaşlı uşaqlarda bu şikayət olmur və ona görə də bu simptom barədə yalnız dolayı əlamətlərlə fikir yürütmək mümkündür. Bu dolayısı əlamətlərdən ən vacibi uşağın davranışında olan dəyişikliklərdir. Appendisit olduqda uşaq süstləşir, narahat olur və ətrafdakı adamlarla az kontakta girməyə çalışır. Uşağın narahatlığı qarın nahiyəsində agrının artması ilə əlaqədardır".
Kəskin ağrı, qusma, hərarət
Həkim-pediatrın dediyinə görə, appendisitin ilkin əlamətləri kəskin ağrıdır. Ağrının daim artması nəticəsində uşaqda yuxu pozulur və o, çox narahat yatır. Yuxu çox səthi olur, ona əl vuran kimi qışqırıb ağlayır və narahat olur. Xəstəliyin ikinci əsas əlaməti təkrari qusmadır. Qusma çox olarsa, bu, dərin intoksiyanın olmasına dəlalət edir. Yüksək hərarət appendisitin simptomlarındandır. Bəzi hallarda xəstələrdə ishal baş verir ki, bu da adətən appendisitin destruktiv (qanqrenoz - deşilmiş) forması üçün xarakterikdir. Mədə-bağırsaq traktının funksiyası çox vaxt normal, ancaq bəzi xəstələrdə dil ərpli, az quru olur. Adətən iştahsızlıq olur, uşaq yeməkdən imtina edir. Kəskin appendisiti olan uşaq çox vaxt ya arxası üstə, ya da sağ böyrü üstə ayaqlarını qarnına bükmüş vəziyyətdə uzanırlar: "Əksər hallarda xəstələrin ümumi vəziyyəti kafi olur, qarına baxdıqda elə bir assimmetriya və tənəffüs aktından geri qalma nəzərə çarpmır. Böyükyaşlı uşaqlarda kəskin appendisit tədricən başlayır. Xəstəliyin əsas əlaməti olan ağrı əvvəlcə epiqastral və ya göbəkətrafı nahiyədə başlayır, sonra ağrı bütün qarına yayılır, yalnız bir neçə saat keçdikdən sonra sağ qalça çuxurunda cəmlənir. Ağrı adətən daimi xarakter daşıyır, onun intensivliyi isə müxtəlif olur. Tutma şəkilli ağrıya çox az halda təsadüf olunur".
Müayinə və əməliyyat
L.Quliyeva vurğulayıb ki, xəstədə appendisitin olub-olmadığını müəyyən etmək üçün klinik müayinə diqqətli və hərtərəfli aparılmalıdır. Klinik əlamətlər dəqiq diaqnozun qoyulmasında və son qərarın verilməsində həlledici rola malikdir. Diaqnozu dəqiqləşdirmək üçün ultrasəs müayinəsindən də istifadə olunur: "Müayinə zamanı xəstənin ümumi vəziyyətinə diqqət yetirməli, hərarəti, nəbzi və qan təzyiqi dəqiq ölçülməlidir. Appendisit zamanı xəstə qarını köpürdərkən, öskürərkən, yeriyərkən ağrının güclənməsi, sola çevrilərkən isə ağrının artması müşahidə olunur. Kəskin appendisit zamanı qanın ümumi analizində leykositlərin miqdarı 11000 - 15000 minə kimi yüksəlir və leykoformulada sola meyllilik baş verir. Appendisit zamanı adətən sidikdə elə bir dəyişiklik baş vermir. Ancaq destruktiv dəyişiklik və intoksikasiya olduqda sidikdə zülal, eritrositlər və hialın silindirləri aşkar edilir.
Xəstəyə həkim tərəfindən dəqiq appendisit diaqnozu qoyulduqdan sonra əməliyyat gecikdirilməməlidir. Əməliyyat gecikdirildiyi təqdirdə irinləmiş soxulcanabənzər çıxıntı partlayar və onun möhtəviyyatı qarın boşluğuna yayılar. Bu da xəstənin ölümü ilə nəticələnə bilər".
S.QARAYEVA