Avqustun 26-da Meksikanin Azərbaycandakı səfiri Rodriqo Labardini Şəmkir rayonuna səfər edib.
Səfirlikdən verilən məlumata görə, R.Labardini əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ilə görüşüb.
Görüşdə İcra başçısı rayonun tarixi və əhalisi, eyni zamanda, vacib sənaye sahələri haqqında məlumat verib. A.Məmmədov rayonun turizm potensialı barədə də danışıb.
Səfir R.Labardini isə Azərbaycan-Meksika ikitərəfli əməkdaşlığının müxtəlif sahələrdə müsbət nəticələr verdiyini bildirib. O, turizm sahəsindəki əməkdaşlığı iqtisadi əlaqələrdə vacib sektorlardan biri kimi qeyd edib. Bu xüsusda, səfir vurğulayıb ki, 2017-2018-ci illər ərzində Azərbaycanda meksikalı turistlərin sayı 8.93 faiz, Meksikada isə azərbaycanlı turistlərin sayı təxminən 20 faiz artıb.
R.Labaridni əlavə edib ki, azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko və Kankun şəhərlərini seçirlər.
Ümumilikdə tərəflər regionlararası əlaqələrin möhkəmləndirilməsini vacib hesab ediblər. Şəmkir rayonu ilə Meksikanın oxşar profil və xüsusiyyətləri olan şəhəri arasında mümkün qardaşlaşmadan söhbət aparılıb.
Səfər çərçivəsində, səfir Labardini alman kilsəsi, Tarix-Diyarşünaslıq muzeyi, Şəmkir Aqroparkı və şərab istehsalı zavodunda olub.
C.ABASOV