2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin
oktyabrın 28-də ikinci toplantısı olub. Lent.az-ın məlumatına görə, Avropa
Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva toplantıda iştirak edib.
Toplantıya sədrlik edən
Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib ki, bu
oyunlar ölkəmiz üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik deməkdir: “Bu
gün Azərbaycan idman ölkəsi kimi tanınır və bizim ölkəmizdə mötəbər yarışların
keçirilməsi bir ənənə halını alıb. Azərbaycanda mütəmadi olaraq Avropa və dünya
çempionatları keçirilir. Həm bizim qonaqlar, həm də mütəxəssislər bu tədbirlərin
yüksək səviyyədə keçirildiyini təsdiqləyirlər. Azərbaycanda keçiriləcək birinci
Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə
bu tarixin ilk səhifəsini yazan ölkə olacaq. Bir daha qeyd etmək istərdim ki,
Azərbaycan xalqı bu oyunları dəyərləndirir və ölkəmizin Avropa idmanının
tarixində çox böyük rol oynayacağı bu oyunlarla bağlı məsuliyyətini dərk edir.
Eyni zamanda, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək verir, onun uğurla
keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni
edir”.
Mehriban Əliyeva Avropa Oyunlarının Əlaqələndirmə
Komitəsinin birinci iclasından sonra keçən dövrdə bir çox nailiyyətlərin əldə
edildiyini vurğulayaraq bildirib ki, bugünkü iclasda görülən işlər haqqında
təfərrüatlı təqdimatlar olacaq. Artıq idman yarışlarının cədvəl layihəsi tərtib
olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların
sayı və yarışların baş tutacağı günlər nəzərdən keçirilib. İdman tədbirlərinin
təşkil olunacağı məkanların siyahısı tamamlanıb, maliyyə məsələləri təhlil
olunub.
Mehriban Əliyeva çıxışında Olimpiya şəhərciyində aparılan işlər
haqqında da danışıb. Qeyd edib ki, media şəhərciyinin inşa ediləcəyi yer müəyyən
olunub, Avropa Olimpiya Oyunlarının rəsmi internet saytının ilkin versiyası
yaradılıb, kommunikasiya strategiyası işlənilib, oyunların yayımı məsələsi ilə
bağlı razılıq əldə edilib. Bakı şəhərinin oyunlara hazırlıq səviyyəsinin
mühüm əhəmiyyət daşıdığını deyən Mehriban Əliyeva bu gün Azərbaycan paytaxtının
inkişafı ilə bağlı layihələrin icra olunduğunu, yeni aeroportun inşa edildiyini,
istirahət məkanlarının, parkların salındığını diqqətə çatdırıb.
Mehriban
Əliyeva qalan müddətdə bütün əlaqəli qurumlar arasında sıx əməkdaşlığın təmin
olunmasının vacibliyini bildirib və Avropa Oyunlarının yüksək səviyyədə
keçəcəyinə əminliyini ifadə edib. Sonra çıxış edən Avropa Olimpiya
Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işləri yüksək
qiymətləndirib və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib.