|
|
|
|
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən XIII qrant müsabiqəsinin qalibi İlduzə Vəlizadənin “Havalansın tarın səsi” adlı fərdi layihəsinin icrasına başlanılıb.
“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi gənclər arasında Muğam sənətinin təbliğ edilməsi, istedadlı gənc ifaçıların üzə çıxarılması və onların tanıdılmasıdır.
Layihənin birinci günündə Azərbaycanda ilk qaval ustası olan Mahmud Salah iştirakçılara muğam sənətində peşəkar olmağın sirləri, muğamın tarixi və incəliklərindən danışıb. Daha sonra layihə iştirakçıları qaval və tarda ifa ediblər və buraxılan nöqsanlar üzərində danışıqlar aparılıb.
Qeyd edək ki, 4 gün ərzində baş tutacaq layihədə muğam sənətkarları ilə görüşlər keçiriləcək, iştirakçıların ifası olacaq və qonaqlar ifalar haqqında fikirlərini səsləndirəcəklər. Görüşlər başa çatdıqdan sonra iştirakçıların ifalarından ibarət videoçarx sosial şəbəkə hesablarında paylaşılacaq.
Sonda layihə iştirakçılarının ifalarından ibarət bağlanış konsertinin baş tutması planlaşdırılıb.
Cavid QƏDİR