
Dövlət başçısı İlham Əliyevin görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı sərəncamı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Siyasilər bunun dövlət başçısının Azərbaycanın ictimai-siyasi tarixinə hörmətinin bariz nümunəsi olduğunu dilə gətirərək, sərəncamın mühüm əhəmiyyətinin olduğunu bildiriblər.
Məhəmməd Əmin Rəsulzadənin milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş şəxsiyyət olduğunu deyən millət vəkili Musa Qasımlı bunları söyləyib: "Siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə misilsiz töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Sərəncam, dövlət başçısının Azərbaycanın ictimai-siyasi tarixinə hörmətinin bariz nümunəsidir. Bu sərəncamın verilməsi ilə Azərbaycan tarixində misilsiz xidmətləri olan bu görkəmli şəxsiyyətin yubiley tədbirləri keçiriləcək. Bu qərar çərçivəsində Rəsulzadənin keçdiyi həyat yoluna nəzər salınaraq, onun haqqında məqalələr, monoqrafiyalar dərc ediləcək. Ölkə prezidentinin bu addımını bütün ictimaiyyət nümayəndələri təqdir edir".
Millət vəkili Fərəc Quliyev sərəncamla bağlı belə deyib: "Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamasını nəyinsə xətrinə etdiyini düşünmək ağla sığmazdır. Ölkə başçısı son addımlarında, əsasən də andiçmə mərasimində bir sıra dəyərli fikirlər səsləndirmişdi. Cənab prezident hər zaman milli maraqlarımızın əsas götürüləcəyini vurğulayıb. Sərəncamın imzalanması kiməsə edilən jest deyil. Ona görə də Prezident İlham Əliyevin bu addımını alqışlayır və yüksək qiymətləndirirəm. Keçmişimizə xoş baxmaqla gələcək ənənələrin bünövrəsini qoymuş oluruq. Vətənlə bağlı zərrə qədər də olsa əməyi olanlara normal şəkildə münasibət olursa və xatırlanırsa, eləcə də onun adı əbədiləşirsə, bu həm də vətənpərvərlik ruhunun cəmiyyətdə yüksəlməsinə səbəb olur. Prezident İlham Əliyev dəfələrlə çıxışı zamanı qeyd edib ki, hər hansı bir ənənəmiz varsa, bunu hər zaman qorumağa çalışacağıq. Bizim özümüzə aid olanları sağlam şəkildə gələcəyə ötürəcəyik. Prezident nitqində onu da bildirib ki, itirdiyimiz torpaqlarımızı azad edəcəyik. Bu da təbii ki, bizim strateji hədəfimizdir. Bütün bu kimi ifadələrdən sonra Rəsulzadə ilə bağlı atılan addım uğurlu siyasətin nəticəsidir".
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə sərəncamı şərh edərkən belə deyib: "Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamaqla müxalifəti tərksilah etdi. Çünki müxalifətin yeganə ideoloji silahı ondan ibarət idi ki, Azərbaycan dövləti Məhəmməd Əmin Rəsulzadəyə kifayət qədər diqqət və qayğı göstərmir. Bu sərəncamdan sonra müxalifət Azərbaycana qarşı hər hansı bir ideoloji ittiham irəli sürə bilməyəcək. Bununla da cənab prezident böyük bir jest etmiş oldu. Hətta ölkə başçımız mətbuat nümayəndələri ilə görüşəndə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini yüksək səviyyədə öyrəndiyinə görə Şirməmməd Hüseynova təşəkkür etdi. Prezident İlham Əliyev Rəsulzadə irsinin öyrənilməsini yüksək qiymətləndirdi. Ona görə də bu sərəncam digərlərindən çox fərqləndi. İnanıram ki, bu kimi sərəncamlar bundan sonra da mütəmadi olaraq imzalanacaq. Hətta prezidentin bir sıra qərarları da var. Belə ki, Cümhuriyyətin banilərinin xatirəsini əbədiləşdirmək üçün kompleks abidə hazırlanır. Bununla yanaşı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva öz təşəbbüsü ilə vaxtı ilə cümhuriyyət dövründə çap olunan Azərbaycan qəzetinin təxminən 450 nüsxəsinin latın qrafikasına köçürülməsini təmin edib".
AQİL



