"İRS" jurnalının yeni sayı Vyetnam dilində çıxıb.
Buraxılışda Vyetnam Sosialist Respublikasının sabiq rəhbəri Truong Tan Sangın məqaləsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi, Vyetnam Dostluq Təşkilatları İttifaqının sədri səfir xanım Nguyen Phuong Nganın məqaləsi, habelə, Azərbaycan tarixi və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə aid materiallar nəşr olunub.
Sözügedən buraxılışda Truong Tan Sangın həyat yoldaşı xanım Mai Thi Hanhın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın hədiyyə etdiyi Azərbaycan milli geyimindəki fotosu verilib.
Məqaləsində Truong Tan Sang Vyetnam-Azərbaycan münasibətlərinə toxunmuş, ölkəmizə 2015-ci ildəki rəsmi səfərini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşləri xatırlayır, ikitərəfli əlaqələrin yaxın keçmişi və gələcəyi ilə bağlı fikirlərini bölüşür.
Hikmət Hacıyev müsahibəsində 2019-cu ildə 100 illik yubileyi qeyd olunan Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının keçdiyi tarixi yol, Azərbaycan xarici siyasətinin prioritetləri və Vyetnamla dostluq münasibətlər barədə danışır.
Nguyen Phuong Nga isə məqaləsində iki ölkə arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən neft-qaz və təhsil sahələrilə bağlı əməkdaşlıqdan, dövlətlərarası münasibətlərdə müstəsna rol oynayan xalq diplomatiyasının əhəmiyyətindən bəhs edir.
"İRS" jurnalının Vyetnam dilindəki bu buraxılışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Bakı Dövlət Universitetinin 100 illiyi, Novruz bayramının qeyd olunması, tətbiqi sənətimizlə bağlı materiallar da əksini tapıb.