
“Hər bir xalqın, dövlətin tarixində xüsusi qeyd olunan və mühüm önəm daşıyan günlər olur. Lakin, dünya tarixində elə əlamətdar günlər olur ki, onu bütövlükdə bəşəriyyət bir yerdə qeyd edir və bu baxımdan, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü çox mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri Milli Məclisinin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə dekabrın 9-da parlamentdə BMT tərəfindən qəbul olunmuş İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr edilən dəyirmi masada çıxışı zamanı adıçəkilən komitənin sədri Rəbiyyət Aslanova dilə gətirib. Komitə sədrinin qeyd etdiyinə görə, 1948-ci ildə qəbul edilən Bəyannamə ondan sonra qəbul edilən və imzalanan beynəlxalq sənədlərin ən alisi hesab edilə bilər. Lakin, R.Aslanova onu da təəssüf hissi ilə bildirib ki, həmin Bəyannamənin 40-cı ildönümündə, yəni, 1988-ci ildə Azərbaycan Ermənistanın təcavüzünə məruz qaldı, 1 milyondan artıq insan məcburi köçkün və didərgin vəziyyətinə salındı:
“Həmin müddətdən düz 25 il keçir. Lakin, təəssüflər olsun ki, İnsan Hüquqları Bəyannaməsinin 65 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda Ermənistanın Azərbaycana qarşı təcavüzünə hələ də son qoyulmayıb. Bununla yanaşı, dünya birliyi Ermənistanın təcavüzkarlığının qarşısının alınması üçün heç bir ciddi tədbirlər görmür”.
Komitə sədrinin bildirdiyinə görə, insan hüquqları anlayışı heç də abstrakt bir anlayış deyil:
“İnsan hüquqları insanların azad, sərbəst, təhlükəsiz yaşaması, öz hüquqlarını istədiyi şəkildə reallaşdırmasıdır. Onu da deyim ki, yaşadğımız 21-ci əsr də təhlükəsizlik və sabitliyinin hökm sürdüyü bir əsr deyil. Bəlkə də 20-ci əsrin insanları daha optimist idilər, ancaq 21-ci əsrdə hələ də davam edən münaqişələr, müharibələr bu optimizmə bir qədər kölgə salır”.
Bununla yanaşı komitə sədri İnsan Hüquqları Bəyannaməsinin bütün müddəalarının Azərbaycan Konstitusiyasında və qanunvericiliyində əks olunduğunu, bu istiqamətdə mərhum dövlət başçısı Heydər Əliyevin və indiki ölkə Prezidenti İlham Əliyevin bir sıra önəmli sərəncamlar imzaladağını da diqqətə çatdırıb.
“Bədnam qonşularımız gələn il Türkiyədə guya ermənilərin soyqırımına məruz qalmasının 100 illiyini qeyd etmək istəyirlər. Biz də onlardan çox, onlardan da köklü faktlara əsaslanan ədəbiyyat nəşr etməliyik, tədbirlər həyata keçirməliyik”. Bunu ombudsman Elmira Süleymanova bildirib. Tədbirdə “Azərbaycanda insan hüquqlarına dair MFP-nın tələblərindən irəli gələn vəzifələr və nəticələr” mövzusunda çıxış edən ombudsman Elmira Süleymanova qeyd edib ki, dünyada ilk dəfə olaraq soyqırımının qarşısını almaq və onu törədənləri cəzalandırmaq haqqında Konvensiya işləndi və qəbul olundu: “Bu Konvensiya xüsusi əhəmiyyət kəsb edir”. Dünya tarixində bir sıra soyqırımı aktlarının baş verdiyini deyən E. Süleymanovanın fikrincə, əslində ermənilər özləri soyqırımı siyasəti həyata keçirirlər:
“Soyqırımının ən qəddarı Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti zamanı, ermənilər tərəfindən Azərbaycanda, konkret Xocalıda törədilib. Əslində Xocalı soyqırımı son soyqırımı olmadı. Bundan sonra da bir neçə yerdə özündə genosid əlamətlərini daşıyan bir sıra belə hadisələr baş verdi”.
Kamil Həmzəoğlu



