Son illər Bakı şəhərində məişət tullantılarının daşınması, utilizasiyası istiqamətində xeyli işlər görülüb. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonunda yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanıb.
Layihə Böyük Britaniyanın tanınmış Mott McDonald şirkəti ilə birgə hazırlanıb və həyata keçirilir. Qoyulan rəngli qutulara ştatda olan fəhlələr nəzarət edir. Çoxmərtəbəli bina sakinlərinin isə zibili yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi, tullaması halları hələ də var.
Mən "Medik-Kaspar" MTK-nın sədriyəm. Nərimanov rayon Prokurorluğu vaxtilə doqquzmərtəbəli binanın zibil tullantı yerini siçovul səbəbiylə bağlamışdı. İllər sonra həmin yeri təmir edərək orada "İRS" nağıl mərkəzi inşa etdim. Üzüm əkdim, həmin üzüm indi inkişaf edərək içəridən bayıra çıxıb və hər il bar verir. Həyətə su çəkdim, gül əkdim və uşaqlar üçün öz yaradıcılıq məhsulumun Elektron kitabxanasını yaratdım.
Salyan rayonu, Qaraçala qəsəbəsi mənim doğma kəndimdir. Uşaqlığım orada keçib. Qaraçalada süpürgəçilər ştatı vardı. Azərbaycanın cənnət guşəsi idi. Kəndimizdə əczaxana, bazar, radioqovşaq, istixana, yay və qış klubları, gözəl məktəb, uşaq bağçası, hamam, Kür sahilində çimərlik vardı.
İllər keçdi, dünya dəyişdi, hər yerdə olduğu kimi, rayon və kəndlərdə də inkişaf olmalıydı. Küçələrdə zibil üçün müxtəlif yerlər təyin olunmalıydı, amma kənd və rayonlarda tullantıların yığılması ilə bağlı problem hələ də ciddidir. Bu məsələ məni çox narahat edir. Bir çox qəsəbələrdə sakinlər tullantıları atmağa zibil qutuları tapmadığından onları ya evlərin, məhəllələrin kənarına, kanalların, kollektorun, Kürün sahilinə atır, ya da həyətdə torpağa basdırırlar. Heç bir qurum bu məsələyə görə məsuliyyət daşımır. Ekologiya Nazirliyi nə üçün bu məsələyə müdaxilə etmir? Restoranların ətrafındakı zibilləri gizlətməyə çalışsalar da, yağış yağanda, Kür qalxanda həmin zibil sellə və ya axar suyla yenə özümüzə qayıdır. Yollarda əhali üçün ayrılmış tualetlər natəmizdir. Biz pandemiyaya necə son deyə bilərik, zibil baş götürüb kəndləri basıb.
Bu mövzu ilə bağlı İsveç nümunəsi: bu ölkədə nəinki sadaladığımız problemlər mövcud deyil, üstəlik İsveçdə zibil qıtlığıdır və hətta xaricdən zibil idxal edirlər. Çünki hökumət məişət tullantılarının utilizasiyası ilə bağlı məsələni o qədər mükəmməl şəkildə nizamlayıb ki, ölkədə zibil qıtlığı yaranıb. Məcbur olub, təkrar emal üçün xarici ölkələrdən zibil alırlar. Bu ölkədə çoxdandır ki, bütün tullantılar və yanacaq təkrar emal olunur. Məsələn, plastik materiallar 7 dəfə təkrar emal oluna bilir və bundan sonra da yanacaq kimi elektrik stansiyasına göndərilir. Əhali arasında daim maarifləndirmə işi aparılır və onlara tullantılardan düzgün istifadə yolları öyrədilir. Hər bir ailənin sərəncamında zibillərin çeşidlənməsi üçün 6 və ya 7 ədəd zibil qutusu var. Burada plastik materiallar, kağız, şüşə, karton, metal və digər materiallar ayrıca toplanır. Daha bir qutu isə təkrar emal edilə bilməyən tullantılar üçün nəzərdə tutulur. Stokholmda hətta balaca uşaq da konfet kağızını yanlış konteynerə atmır. Uşaq bağçaları və məktəblərdə zibilin düzgün şəkildə çeşidlənməsi öyrədilir və qutulardan qeyri-düzgün istifadəyə görə cərimə nəzərdə tutulur. Metal və plastik bankalardan da pul qazanmaq mümkündür. Bunun üçün onları qəbul məntəqələrinə təhvil vermək lazımdır. İsveçdə, digər Avropa ölkələrində olduğu kimi, butulkalar xüsusi qurğuya atılır və bunun əvəzində oradan pul çıxır.
Azərbaycanda ilk öncə təmizlik məsələsinə böyük əhəmiyyət verilməlidir. Salyan rayonu, Qaraçala qəsəbəsində "Zibilliyə son, virusa son" kampaniyası başladıldı. 2019-cu ildə Kürün sahili təmizlənmişdi. Kənd icra nümayəndəliyi çox çalışır, lakin dəfələrlə zibilləri təmizləsə də, elə bir köməyi olmur. Çünki struktur, bu problemə qarşı münasibət kökdən dəyişilməlidir. Koronavirus pandemiyası dövründə bütün camaat məsuliyyət daşımalıdır. Rayonlarda və kəndlərdə marketlərdə plastik və dəmir qablar üçün avtomatlar (fandomatlar) quraşdırılmalıdır. Qaraçalada Mədəniyyət evi bərbad gündədir. Adamın ağlamağı gəlir. "Keçən günlərimi qaytaraydılar" mahnısı yadıma düşür.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev daima abadlıq işlərinə ciddi fikir verir. O, şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən özü nəzarət edir. Bir çox önəmli layihələr icra olunub. Keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub, zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması üçün yeni zibilyandırma zavodu inşa etdirilib. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
Bu məsələ ilə bağlı bütün həmvətənlərimə səslənirəm! Zibilləməyin bu torpağı! Axı o, bizim anamızdır, bizə yadigardır! Suyunu içdiyimiz Kürü öz əlimizlə niyə çirkləndiririk?! Salyan mənim doğma elimdir və mən onu təmiz, parlaq, zibilsiz, virussuz görmək istəyirəm. Azərbaycanın bir nömrəli pambıq sovxozu, digər rayon və kəndlər, necə təmiz ola biləcəyimizi göstərin bütün Azərbaycana!
"Xoşbəxtlik" oxuyan bədbəxtlər, qeyb olan övlad, bir nağılın kədərli sonu...
Solmaz AMANOVA
Yazıçı, Avropa Təbii Elmlər Akademiyasının akademiki, professor