“Bakı”
klubunun prezidenti Hafiz Məmmədov Topaz Premyer Liqasının XVII turunda
“Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra jurnalistlərin
suallarını cavablandırıb. H.Məmmədov əvvəlcə oyun barədə fikirlərini
bildirib...
- Qələbə qazanacağımıza inanırdım. Amma
təəssüf ki, oyuna sonadək baxa bilmədim. İlk yarıya ofisimizdə baxdım, sonra
yolda oldum. Heç qolu görə bilmədim. 52-ci dəqiqədə maşına mindim və stadiona
gəldim. Qollar yolda olduğum vaxt vurulub. Bazamıza çatdığımız vaxt oyun başa
çatmışdı. Baş məşqçimiz Milinko Pantiçə də, komandamıza da inamım
böyükdür. Hətta “Qarabağ” üzərində qələbə qazanmasaydıq belə, heç tələsməzdim.
Düzdür, liderdən çox uzağıq. Amma bu, Pantiçin komandası deyil axı... “Bakı”
onun formalaşdırdığı komandaya çevrildikdən sonra baş məşqçimizin işinə tam real
qiymət vermək mümkün olacaq.
- Ümumiyyətlə, komandanızın
durumundan, çıxışlarından razısınız?
- Razıyam. 3 yerli
futbolçu – Rauf Əliyev, Əfran İsmayılov və Kamran Ağayevi komandaya götürdüyüm
vaxt bunu birmənalı qarşılamamışdılar. Onları və Cavid Hüseynovu Fransa “Lans”ı
öz sıralarında görmək istəyirdi. Lakin mən buraxmamışdım. İndi onlar çıxışı ilə
komandadan razı olub-olmadığımın cavabını verirlər. Amma Deyvidas Çesnauskisdən
razı deyiləm. Düzdür, yaxşı uşaqdır, amma oyunu məni qane etmir. Bilirsiniz,
mənim bir rahatlığım, arxayınlığım var. Baş məşqçimizin “Bakı”ya kömək edəcəyinə
inanıram. Çünki biliyi çox yüksək səviyyədədir. İspaniya “Atletiko”su ilə
danışığımız var. Pantiç də ona görə gəlib. Demişəm ki, həm oyun sistemində, həm
də idarəçilikdə ispan modelini qursun. Hələ menecerimiz yoxdur. Amma mütləq
lazımdır. Gətiririk ki, vitse-prezidentimiz Yaşar Seyidova kömək etsin.
Görəcəksiniz, çox yaxşı komanda olacağıq.
- “Lans” və ya
İspaniya “Atletiko”sundan “Bakı”ya futbolçuların da gəlişi
gözlənilir?
- Fransada “Lans”la görüşdüyüm vaxt
futbolçulardan 3-4-ü “Bakı”ya gəlmək istədiklərini dedilər. İspaniyaya qış
təlim-məşq toplantısına yollandığımız vaxt onlar bizə qoşulacaqlar. Ümumiyyətlə,
nə vaxt burada İspaniya La Liqasından və ya Fransa Liqasından 3-4 futbolçu olub?
Maksimum 1 nəfər gəlib. “Canal+”in əməkdaşları keçmiş futbolçumuz Stefan
Borbikonini Parisdə tapmışdılar. O da demişdi ki, klub prezidenti “Bakı”nın
bazasına gələndə, klubun rəsmiləri geyimlərini də dəyişirdilər. Mən də deyirəm,
Yaşar Seyidov niyə həmişə “Bakı”nın qalstukunda gəzir? (gülür)
- Bəs ulduz
futbolçu transferi gözlənilir?
- Ulduz futbolçu bura necə
gəlsin? Kiminlə oynasın, necə oynasın? Bazarımız o səviyyəyə qalxmalıdır. Biri
deyir ki, Ceyhun Sultanova 33 min verib, mən isə 200 min manat verirəm.
Birincisi, qiyməti o qədər olmayana bu məbləği vermək düz deyil. İkincisi, lap
düz olsa da, marketini o səviyyəyə qaldırmalısan. Fransa ilə Azərbaycanın
transfer bazarındakı fərq nədədir? Argentinadan ora gəlib 300 minə oynayarlar,
bura 1 milyona gəlməzlər. Gəlsələr də, korlanarlar. “Lans”ın futbolçularının
qiymətinə baxmışam. Gülməlidir: 200 min, 300 min. “Bakı”da onlardan çox alırlar.
Digər tərəfdən, futbolçuların ailələrini də nəzərə almaq lazımdır. Məsələn,
Radamel Falkao “Monako”ya ailəsinə görə keçdi. Həyat yoldaşı knyazlıqda yaşamaq
istədiyini bildirdi, Falkao da orada oynamağa razılaşdı. Belə elementlər
futbolçuya da motivasiya verir. Ailədə hər şey yaxşı olduqda, futbolçunun da
zehni itiləşir. Jan-Pyer Papen bizə demişdi ki, Fransanın II Liqasında futbol
oynamaq yox, yalnız vuruşmaq lazımdır. “Lans” I Liqaya yüksəlsə, komanda
tamamilə dəyişməlidir. Çünki hazırkı heyət vuruşur, futbol
oynamır.
- Azərbaycan futbolunda alman modeli daha çox
yayılıb. Siz isə deyəsən, “Bakı”da ispan modelini tətbiq etmək
fikrindəsiniz...
- Alman modeli də yoxdur, ispan modeli
də. Metodika olaraq, alman metodikası var. Amma oyunçunun özü almana
çevrilməlidir. Bu isə futbolçumuz oralarda yaşamayacağı, oynamayacağı təqdirdə,
mümkün deyil. Bu yaxınlarda 14 yaşadək futbolçulardan ibarət komandamızın
məşqçilərinə dedim ki, nə var Bakıda? Hamınız yetirmələrinizi göndərin,
Fransaya, İspaniyaya oxumağa getsinlər, oxuyub gəlsinlər, burada çalışsınlar.
Uşaqları burdan çıxarmaq lazımdır, onlar Avropa futboluna transformasiya
olunmalıdırlar. Ən güclü idarə heyəti “Bakı”da olacaq. Rəhbərlikdə həm
“Atletiko”, həm də “Lans”dan yer alanlar olacaq. Papenin özü 3-4 təklif verib.
Bunlar təkcə klubumuzla bağlı yox, AFFA-ya aid təkliflərdir. Deyib ki, çalışın,
uşaq futbolçularınız böyüklərdən ibarət komandanızın oyun günü çıxış etsinlər.
Bütün yaş qrupları üzrə çempionatlarda. Bir gün də fərqləndirməyin. “Lans”ın 12
yaşadək futbolçulardan ibarət komandası “Danone Cup”da çempion oldu. Təəssüf ki,
həmin yarışda Azərbaycan komandası yox idi. Oaradakı auraya baxsaydınız,
Azərbaycana olan sevgini görərdiniz. Ölkəmizə qarşı o qədər sevgi yaranıb ki...
Allaha and olsun, mən belə şey görməmişəm.
- Hər şeyi öz
gözləri ilə görmələri üçün Fransa və İspaniyaya azərbaycanlı jurnalistlərin
səfərini təşkil etmək fikriniz var?
- Nə vaxt ürəyiniz
istəsə, hazıram. “Atletiko” ilə də danışığımız olub. Hər oyunda nə qədər
jurnalist getmək istəsə, buyura bilərlər. Özü də VİP sektorda 10-12 nəfərlik
yerləri var. Üstəlik, Arda Turanı və digər futbolçuları görmək istəyirlərsə,
uşaqlarınızı da apara bilərsiniz. Orada jurnalistlər arasında yarış keçirə
bilərik. Ürəyiniz nə istəsə, hazırıq. Bu barədə hələ sponsorluq anlaşması
imzaladığımız vaxt razılığa gəlmişdik. Sonradan pulu ödəyərkən, klubun
səhmlərinə də sahib olmağa qərar verdik.
- “Canal+”də efirə
gedən süjeti necə qarşıladınız?
- O süjeti telekanal
hazırlamışdı, Fransa xalqı etməmişdi ki... “Lans”ın stadionunda oyun vaxtı
izlədiyiniz kadrlarda azarkeşlərin mənə münasibətinin əyani şahidi olmusunuz.
“Canal+” hələ “Lans”a ayaq basdığım vaxt bir nömrəli anons vermişdi. Hara
gedirdimsə, məni izləyirdilər. Həm də məndən müsahibə almamışdan 3-4 gün əvvəl
Bakıya gəlmişdilər. Onların bu niyyətinin arxasında yalnız və yalnız erməni
qüvvəsi dayanmışdı. Bu, fransızın işi deyildi. Əksinə, “Sağ ol ki, gəldin,
“Lans”ı xilas etdin” deyə məni alqışlayırdılar. Amma “Canal+”in əməkdaşları bura
məqsədli şəkildə göndərilmiş killerlər idilər. 8 gün Bakıda qaldılar. Mən Bakıya
qayıdanadək uşaqlar onlara yaxşı münasibət göstərmişdilər deyə, bir qədər
süjetlərini yumşaltmışdılar. Halbuki onlar çox qəddar süjet hazırlamalı idilər.
Bir adam ki, sənin evində oturub gizli kamera ilə içki içməyini
çəksin...
- Berti Foqtsun
Azərbaycan millisində saxlanılmasına münasibətiniz
necədir?
- Onun işindən razıyam. Hafiz Məmmədovu ermənilər
qəbul etmirsə, Foqtsu da düşmənləri qəbul etmir. Bilirəm, pisdir. Amma ilk
növbədə, özümüz düzəlməliyik. AFFA-da da demişəm ki, əks bir şey danışmaq
istəmirəm. Amma ürəyim doludur. AFFA İcraiyyə Komitəsinin avqustun 14-də
keçirilmiş iclasında Portuqaliya “Sportinq”i ilə əməkdaşlıq etmək istəyini
açıqladılar. Dedim: “Nə danışırsınız? “Lans” və “Atletiko” kimi əməkdaşlıq
etdiyimiz klublar var. Niyə istifadə etmək istəmirsiniz?” “Lans” da, “Atletiko”
da tam Azərbaycanındır. Biri də istifadə etmir. “Sportinq”dən uşaq məşqçisi
gətirirlər.
- Yeri gəlmişkən, “Lans” və “Atletiko” ilə
birgə layihələrinizə sanki AFFA-da biganə yanaşırlar...
-
Məni təəccübləndirən jurnalistlərin biganəliyidir. Bunları sizə və digər
vətənpərvər həmkarlarınıza aid etmirəm. Özüm məəttəl qalmışam. Demə,
jurnalistlər də adama paxıllıq edərmiş. Yaxşı, deyək ki, AFFA-dan kimsə paxıllıq
edir, bəs jurnalistlər niyə paxıllıq edirlər, gördüyümüz işləri lazımi qaydada
işıqlandırmırlar? Axı bu işlər ölkəmizin adınadır. “Canal+”dəki sujetin axırında
belə bir cümlə var idi: “Hafiz Məmmədov komandanın formalarına atasının adını
yazmayıb ki... Ölkəsinin adını yazdırıb”. “Lans”a da, “Atletiko”ya da sərmayəni
ölkəmə fayda vermək üçün qoyuram. Görəcəksiniz, faydasını verəcək
də...
- Amma son tədbirlərinizdə AFFA ya baş katib, ya da
mətbuat katibi səviyyəsində təmsil olunub...
- Mənə
arxayındırlar. Bir də ki, işlər yaxşı gedir, ona görə də narahat olmurlar.
- Bəlkə bu, Sizin
AFFA prezidenti postuna namizəd göstərilməyinizlə
əlaqədardır?
- Xeyr. Mənə bir dəfə də bu barədə sual
ünvanlamışdılar. Demişdim ki, Rövnəq Abdullayev FİFA-ya Yozef Blatterin yerinə
getsə, mən AFFA prezidenti olacağam. İnanın, Rövnəq müəllim çox yaxşı insandır.
Bir azərbaycanlı, vətənpərvər kimi kişi adamdır. Bəli, o ayrı söhbətdir ki, sırf
futbolla yaşayasan. Avropada, Latın Amerikasında futbol hətta dindən də
irəlidir. Lans kimi 35 min nəfərlik şəhərdə oyunlara elə bu qədər insan gəlir.
Orada insanlar məzuniyyətə getmirlər, gəlib komandaya azarkeşlik edirlər.
Fransalı nazirlərdən biri dedi ki, siz “Lans”a sahib olduqdan sonra Azərbaycana
hörmətim yüksəldi. Yaxud, İspaniyada biri “Atletiko”ya ayağımın düşdüyünü
söylədi. Əvəzində “Mənim yox, Azərbaycanın müqəddəs adı düşdü” cavabını
verdim.
- Amma belə görünür ki, “Atletiko” və “Lans”la
əməkdaşlığınıza AFFA-dan çox Gənclər və İdman Nazirliyi dəstək
verir...
- Əvvəla, Gənclər və İdman Nazirliyindən fərqli
olaraq, AFFA dövlət təşkilatı deyil. Digər tərəfdən, nazirlikdən də, AFFA-dan da
dəstək alıram. Ünsiyyətlərimiz o qədər yaxındır ki, bir-birimizə bələd
adamlarıq. Rövnəq müəllimlə bir yerdə böyümüşük. O, mənim gördüyüm işlərə
arxayındır. Bəli, onun mənə ayırmağa vaxtı olmaya bilər. Çünki daha böyük
qayğıları var. Demişəm, klublar gətirsinlər gənc futbolçularını, öz hesabımıza
“Atletiko”nun, “Lans”ın akademiyalarına göndərək, gedib oxusunlar. Bu klublar
bizdən hərəyə 100 yeniyetmə futbolçu istəyir. Vaxtilə Heydər Əliyev azərbaycanlı
uşaqları xaricə oxumağa göndərirdi. İndi də, məsələn, ən yaxşı futbolçuların
yetişdiyi Tovuzdan kasıb ailələrin övladları futbolun hesabına Sorbonna
Universitetində də, Madriddə də oxuya bilərlər.
lent.az