|
|
|
|
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Teatrının 140 illiyinə həsr olunmuş elmi sessiya təşkil edilib.
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanı giriş sözü ilə açaraq Azərbaycan Teatrının 140 illik yubileyinin qeyd edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamı xatırladıb, yubileylə bağlı AMEA Rəyasət Heyətinin də qərar qəbul etdiyini bildirib. Akademik İsa Həbibbəyli milli teatrımızın keçdiyi şərəfli yoldan ətraflı danışıb, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə qarşıda duran məsələlər barədə məlumat verib. O bildirib ki, yubileylə bağlı tədbirlər davam etdirilir və yaxın günlərdə akademiyanın elmi-tədqiqat müəssisələrində birgə elmi konfrans keçirilməsi də nəzərdə tutulub.
Filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşov “Azərbaycan teatrının inkişafında dramaturgiyanın rolu” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Üç əsrdən gələn teatr” mövzusunda məruzə ediblər.
Sonra məruzələr ətrafında çıxışlar olub.
Məruzə və çıxışlarda Azərbaycan Teatrının keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb, müstəqillik dövründə teatrın inkişafı məsələlərindən danışılıb, problemlər və vəzifələrə toxunulub, teatr ideologiyasının əsas istiqamətləri barədə ətraflı söhbət açılıb.
Elmi sessiyada institutun rəhbərliyi və elmi əməkdaşlar iştirak ediblər.
Bunu da qeyd edək ki, AMEA-da start götürən islahatlar çərçivəsində Nizami adına Ədəbiyyat İnstitutunda da bir sıra tədbirlər həyata keçirilir. Belə ki, bir neçə ay öncə institutda artıq “Azərbaycan mühacirət ədəbiyyatı” şöbəsi, Nizamişünaslıq və Füzulişünaslıq sektorları yaradılıb və uyğun elmi istiqamət üzrə ciddi fəaliyyətə başlayıb.
Elmi-tədqiqat müəssisəsində keçirilən tədbirdə institutun direktoru, akademik İsa Həbibbəyli AMEA-da aparılan struktur islahatlarının artıq səmərə verdiyini diqqətə çatdırıb, həmçinin bir sıra dəyişikliklərə zərurət yarandığını bildirib. Ölkə rəhbərliyinin bütün sahələrə olduğu kimi, elm sahəsinə də böyük diqqət yetirdiyini xüsusi vurğulayan akademik alimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Azərbaycan elminin dünyaya inteqrasiya edilməsi, elmi araşdırmaların nüfuzlu beynəlxalq nəşrlərdə çap etdirilməsi qarşıda duran vacib məsələlər kimi qeyd olunub. Vurğulanıb ki, AMEA-da aparılan islahatlar çərçivəsində günün tələblərə cavab verməyən bəzi strukturlar ləğv edilməli, müstəqillik dövrünün tələblərinə uyğun yeni qurumlar yaradılmalı, mövcud ştat vahidləri saxlanılmaqla yeni yaradılacaq sahələrə diqqət yetirilməlidir. Aparılan islahatlara uyğun olaraq Ədəbiyyat İnstitutunda bir sıra yeniliklər edildiyini, bu istiqamətdə işlərin bu gün də davam etdirildiyini önə çəkən İsa Həbibbəyli AMEA rəhbərliyinin islahatlara xüsusi diqqət yetirdiyini bildirib. Belə ki, 2014-cü ildən akademiyada ciddi kadr islahatlarının davam etdiriləcəyini, tamamilə yeni istiqamətə malik elmi qurumların yaradılacağını deyən akademik AMEA rəhbərliyi tərəfindən gənc alimlərə xüsusi diqqət yaradılması, əmək haqlarının artırılması, əmək intizamına ciddi riayət edilməsi və bu kimi bir sıra digər məsələlərin də prioritet istiqamət kimi müəyyənləşdirildiyini qeyd edib.
Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi institutda fəaliyyət göstərən “Müasir Azərbaycan ədəbiyyatı” şöbəsinin iki hissəyə ayrılaraq mövcud ştat vahidləri çərçivəsində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və “Ədəbi tənqid” şöbələrinin yaradılması barədə təkliflər verib. Qeyd edib ki, bu şöbələrdə ölkəmizin müstəqillik dövrü ədəbiyyatı, ayrı-ayrılıqda nəsr, poeziya, dramaturgiya sahələri ətraflı öyrənilib tədqiq edilməli, müasir ədəbi proses diqqətlə izlənilməli, paralel olaraq tənqid tarixi də öyrənilməlidir. Həmçinin hər ilin sonunda Yazıçılar Birliyi ilə birlikdə ilin ədəbi yekunları çap olunmalıdır. O, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdirliyinə filologiya elmləri doktoru Elçin Mehrəliyevin, “Ədəbi tənqid” şöbəsinə isə filologiya elmləri doktoru Vaqif Yusiflinin irəli sürülməsi təklifi ilə çıxış edib.
Təklif bəyənildikdən sonra filologiya elmləri doktorları E.Mehrəliyev və V.Yusifli çıxış ediblər. Onlar yeni yaradılacaq şöbələrdə elmi istiqamətlərin müəyyən edilməsi və iş bölgüsünün aparılması, eləcə də digər məsələlər barədə ətraflı danışaraq institut rəhbərliyinin etimadını doğruldacaqlarına söz veriblər.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri



