
Bakı Slavyan Universitetində əlamətdar günlərin özünəməxsus tərzdə keçirilməsi artıq uzun illərdir ki, ənənə halını alıb. Bu sıradan ilin son təqvim bayramı olan Yeni ilə keçid də, təbii ki, daha şövqlə, daha həvəslə qeyd olunur. Bu günlərdə BSU-nun Alman filologiyası kafedrasının təşəbbüsü ilə kafedranın müəllimləri tələbələrlə birgə "Milad" bayramı təşkil etmişdi. Tədbirin təşəbbüskarları və təşkilatçıları kafedra müdiri dos. Sevinc Rzayeva, kafedranın müəllimləri - baş müəllimlər Məmmədova Fəridə, İbrahimova Sahibə, Səlimova Fatimə, müəllimlər Həmidova Ülkər, Bəhramzadə Yelena və başqaları idi. Tədbirdə fakültənin dekanı dos. İbrahimpaşa Babayev, kafedranın müdirləri prof. İlyas Həmidov, dos. Xalidə İsazadə, Firuzə Bayramlı, Janna Əliyeva, Alman-Azərbaycan cəmiyyətinin sədri prof. Çingiz Abdullayev, DAAD-nin əməkdaşı və kafedranın müəllimi Nina Simon iştirak edirdilər.
Almanca "Weihnachten" (Yeni il) adı almış mərasimdə Alman filologiyası kafedrasının müdiri dos. S.Rzayeva ilk öncə qonaqları salamladı və tədbir haqqında qısa məlumat verdi. Mərasimin davamı IV kurs tələbəsi Gülçin Hüseynova tərəfindən aparıldı.
Tədbirdə tələbələr maraqlı səhnəciklər, musiqi nömrələri və şeirlərlə çıxış edərək qonaqların alqışını qazandılar. Sonda fakültənin dekanı dos. İ.Babayev və DAAD-nın əməkdaşı Nina Simon tədbir haqqında öz ürək sözlərini dedilər. Bədii hissədən sonra tələbələrin alman reseptləri ilə hazırladıqları şirniyyat və salatlar "Milad Yarmarkasında" xeyriyyə məqsədi ilə satıldı. Yarmarkadan yığılan vəsaitlə uşaq evlərindəki kimsəsiz və xəstə uşaqlar üçün Yeni il hədiyyələrinin alınması nəzərdə tutulub. Həmin hədiyyələr tələbələr tərəfindən ünvanlarına çatdırılaraq həmin uşaqlara təqdim ediləcək.
Günay ƏLİYEVA



