
"DH-Hüquq Consulting" Şirkətinin
vitse-prezidenti, hüquq elmləri namizədi
Azərbaycan müxalifəti növbəti dəfə acı aqibətlə üz-üzədir. 2013-cü ildə keçirilən prezident seçkilərində alınan ağır məğlubiyyət bu düşərgəyə az-çox etibar edənlərin də ümidlərini bütünlüklə puça çıxardı. Uzun illərdir əl çəkilməyən radikallıq, proseslərə qeyri-real yanaşma, ölkənin gələcəyi ilə bağlı vahid konseptual baxışların formalaşmaması bu düşərgəni iflas həddinə gətirdi.
2013-cü il ərzində müxalifətin əsas istinad qalası olan Milli Şura ətrafında baş verənlər, ondan əvvəl İctimai Palata daxilindəki proseslər müxalifət adına iddia edənlərin təkcə siyasi deyil, həm də mənəvi böhran həddində olduqlarını göstərir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, indiki müxalifətin Azərbaycandakı sosial bazası yox səviyyəsindədir. Son illər ölkədə aparılan islahatlar, əhalinin yaşayış səviyyəsinin gündən-günə yüksəlməsi, iqtisadi inkişaf, əhalinin üzləşdiyi problemlərin mərhələ-mərhələ aradan qaldırılması müxalifətin imkanlarını xeyli məhdudlaşdırıb.
Amma müxalifətin uğursuzluğa düçar olmasının başqa səbəbləri də var. Bunlardan ən diqqətçəkənlərindən biri düşərgə daxilində heç bir səmimiyyətin olmamasıdır. Müxalifət təmsilçiləri bir-birilərinə mübarizə yoldaşı kimi deyil, düşmən kimi yanaşırlar. Uzun illərdir AXCP ilə Müsavat arasında yaşanan və davam etməkdə olan qovğa heç kimə sirr deyil. Bu iki partiyanın üzvləri imkan düşdükcə bir-birilərinə qarşı ən ağır ittihamları belə səsləndirməkdən çəkinmirlər.
Bu "adət-ənənə" 2013-cü ilin siyasi proseslərindən də yan keçmədi. Həm Milli Şuranın yaradılması ərəfəsində, həm şura yaradılandan sonra, həm də prezident seçkiləri dövründə səngiməyən bu didişmə seçkilərdən sonra tam yeni bir müstəviyə qədəm qoydu.
Nəhayət, ilin əvvəlində müxalifət düşərgəsinə çoxdandır gözlənilən hadisə reallaşdı. Müsavat Partiyası Milli Şuradan getmək qərarı verdi.
Əslində, Azərbaycanda siyasi prosesləri izləyən hər bir şəxsə AXCP ilə Müsavat arasındakı qarşıdurma, qısqanclıq, rəqabət yaxşı məlumdur. Bu rəqabəti təkcə Əli Kərimli ilə İsa Qəmbər arasındakı rəqabət kimi də qələmə vermək doğru deyil. Cəbhəçilərlə müsavatçılar arasında fikir ayrılıqları, bir-birindən qıcıq olma, haqsız rəqabət hələ mərhum Əbülfəz Elçibəy sağ olanda da mövcud idi. O vaxt bu partiyaların rəhbərləri ən müxtəlif məsələlərlə bağlı eyni mövqedən çıxış etməyə çətinlik çəkirdi. Sonrakı dövrlərdə də təkcə partiyaların liderləri deyil, sıravi üzvləri də həmişə bu rəqabətin içində olublar. Hətta vaxtilə müxalifət qəzetlərindən birinin redaktoru cəbhəçilərlə müsavatçıların bu yersiz rəqabətinə etiraz əlaməti olaraq öz işindən istefa vermək həddinə qədər gəlib çıxmışdı. Həmin vaxt redaktor baş redaktoruna şikayətlənirdi ki, paytaxtda keçirilən etiraz aksiyaları zamanı Müsavatın adı daha çox çəkilən kimi cəbhəçiləri, AXCP-nin adı daha çox çəkiləndə isə müsavatçıların qınağına tuş gəlir və onun işi ilə məşğul olmasına ciddi maneələr yaradılır.
Bütün bu rəqabətə, fikir ayrılıqlarına baxmayaraq, 2010-cu ildən etibarən AXCP və Müsavat ictimaiyyətə guya müttəfiq olduqlarını nümayiş etdirirdilər. Bu partiyalar 2010-cu ilin parlament seçkilərində vahid blok olaraq iştirak etmiş, seçkidən sonra İctimai Palatanı yaratmış, prezident seçkiləri öncəsi isə Milli Şuranın əsas təsisçisi qismində çıxış etmişdilər. Buna baxmayaraq, həm 2010-cu ilin parlament seçkiləri ərəfəsində, həm bu seçkidən sonra İctimai Palata yaradılanda, həm də Milli Şura formalaşdırılanda AXCP ilə Müsavat arasında rəqabət elementləri açıq-aydın hiss olunurdu. 9 oktyabr prezident seçkilərindən sonra isə iki partiya rəsmiləri arasında əsl "soyuq müharibə" yaşanmaqda idi. Bu baxımdan bu iki siyasi təşkilatın müttəfiqliklərin nə qədər davam edəcəyi, Milli Şuranın nə zamana qədər yaşayacağı dartışılırdı. Prosesləri yaxından izləyən analitiklər AXCP-Müsavat müttəfiqliyinin əvvəl-axır pozulacağını proqnozlaşdırırdılar. Bu baxımdan son günlərdə cərəyan edən hadisələr çoxdandır gözlənilən hadisənin artıq yetişdiyi anlamına gəlməkdə idi.
Bir qədər də konkretləşdirsək, son proseslərdən sonra Müsavat Partiyası AXCP ilə müttəfiqlik etdiyi Milli Şurada qalmağın mənasız olduğunu anlamağa başladı. Seçkidən dərhal sonra Rüstəm İbrahimbəyovun Milli Şurada həmsədrlik institutunun tətbiqi təklifinin əleyhinə çıxan, sonra onun istefasını tələb edən, buna nail olduqdan sonra İbrahimbəyovun hətta fəxri sədr olmasına da etirazını ortaya qoyan Müsavat faktiki olaraq qərarı vermiş kimi görünürdü.
Müsavat funksionerləri sadəcə, bu qərarlarını əsaslandırmaq üçün zəmin hazırlayırdılar.
Amma ayrılığın baş tutması belə AXCP ilə Müsavat arasındakı didişmələrə son qoyulacağı anlamına gəlməməlidir. Yaranmış vəziyyətdən istifadə etmək şansını qaçırmaq istəməyən AXCP sədri Əli Kərimli bütün imkanlardan istifadə edib əsas rəqibi olan İsa Qəmbəri və Müsavat Partiyasını gözdən salmağa çalışır. Diqqət yetirsək Əli Kərimliyə yaxın mətbuat demək olar ki, bütün gücünü bu mövzuya həsr etməkdədir.
Müxalifəti indiki rəzil duruma salan məqamlardan xüsusi qeyd ediləsi biri də İsa Qəmbər və Əli Kərimlinin bu düşərgəni faktiki olaraq inhisara almalarıdır. Bu iki şəxs neçə illərdir ki, bir-biri ilə birincilik davasına çıxmaqla yanaşı, proseslərə yeni qüvvələrin qoşulmasını da ciddi şəkildə əngəlləyirlər.
Apardıqları siyasətin nəticəsidir ki, onların hər ikisinin müxalifətdəki digər partiya sədrləri ilə münasibətləri çox gərgindir. Məsələn, liberalların lideri Lalə Şövkət Hacıyeva 2005-ci il parlament seçkilərindən sonra Müsavat başqanı İsa Qəmbərlə heç bir birlikdə təmsil olunmaq istəmir. O, Milli Şuraya qoşulduqdan sonra da İsa Qəmbərə qarşı səmimi münasibətdə olmayıb. Açıq şəkildə ifadə edib ki, bu birliyə Rüstəm İbrahimbəyova görə qoşulub. Uzun müddətdir ABŞ-da məskunlaşan Rəsul Quliyev də artıq həm Əli Kərimliyə, həm də İsa Qəmbərə ironiya ilə yanaşır. Seçki ərəfəsində o, Milli Şuranın üzvü ola-ola vahid namizəd elan etdikləri Cəmil Həsənlini də açıq şəkildə ironiya obyektinə çevirmişdi. Onun Müsavat funksionerləri ilə münasibətləri isə artıq bütün əndazələri, etik sərhədləri aşıb. İsa Qəmbər və partiyadaşları da imkan düşdükcə sabiq spikeri təhqir etməyə çalışırlar.
Bu baxımdan AXCP sədri Əli Kərimli də mələk deyil. Hələ 1995-ci ildən etibarən müxalifət daxilində oynadığı dağıdıcı rol onu da tamamilə gözdən salıb. Vaxtilə AXCP-nin şinelindən çıxan əksər müxalifət liderləri onu ciddi siyasi fiqur kimi qəbul etmir, xəyanətkar kimi təqdim edirlər. Əli Kərimlinin ötən illər ərzində yürütdüyü siyasət onu müxalifət düşərgəsindəki əksər siyasi liderlərin gözündən salıb. Fürsətkeşlik, şəxsi maraqları naminə lider hesab etdiyi şəxsləri belə qapı dalında qoyması, özünü önə çıxarmaq üçün başqalarına ləkə yaxması onun bir iddialı, təmiz reputasiyalı, narazı elektoratı ardıyca apara biləcək bir lider kimi önə çıxmasını mümkünsüz edibdir.
Bu iki lider gənclərin müxalifət düşərgəsindəki təmsilçiliyinin qarşısında da ciddi maneəyə çevriliblər. Bir məqama diqqət yetirək ki, onlar hətta öz partiyalarında belə gənclər təşkilatlarının liderlərinin demokratik qaydada seçilməsinə imkan vermirlər. Ötən il hər iki partiyada gənclər təşkilatının yeni sədrinin seçilməsi zamanı yaşananlar dediklərimizin nə qədər əsaslı olduğunu iddia etməyə şərait yaradır. Belə ki, Müsavat Partiyasında gənclər təşkilatının sədri postu uğrunda keçirilən ilk seçkinin nəticəsi ciddi bir əsas gətirilmədən rəhbərlik tərəfindən ləğv edildi. Bundan sonra seçkidə qalib gələn namizəd prosesdən tamamilə kənara çəkildi və ikinci yalançı seçki keçirildi, müsavatçı gənclərin belə yaxından tanımadığı bir şəxs mübarizənin qalibi elan edildi. AXCP-də isə ümumiyyətlə seçki keçirməyə ehtiyac duyulmadı. Əli Kərimli partiyanın nizamnaməsinə istinad edərək öz qohumunu təşkilatın gənclər təşkilatının sədri vəzifəsinə təyin etdi.
Bütün bunlar guya ölkədə demokratiyanın bərqərar olması uğrunda mübarizə aparan müxalifət partiyalarının daxilində belə demokratiyanın olmamasını göstərir. Belə olan halda partiyaların daxilindən demokratik dəyişikliklərin gözlənilməsi də mənasız olur.
Müxalifətin iflasına səbəb olan əsas məqamlardan biri də daim şəxsi maraqlarla dövlət maraqlarını uzlaşdırılmasında meydana çıxan problemlərdir. Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələlərində dəfələrlə bu məqamın əyani şahidlərinə çevrilmişik. Bu düşərgədəki siyasi qüvvələr hakimiyyətə gəlmək, hətta hakimiyyətdəki rəqiblərinə problem yaratmaq naminə istənilən qüvvə ilə əməkdaşlığa açıq olduqlarını nümayiş etdiriblər. Aydın məsələdir ki, Azərbaycan hökuməti hansısa prinsipial bir məsələ ilə bağlı milli maraqların müdafiəsinə qalxanda dərhal xarici təzyiqlər baş qaldırır. Hər dəfə də müxalifət bu məqamlarda fürsətkeşlik etməyə, buna da imkanı çatmayanda baş verənlərdən həzz aldığını nümayiş etdirməyə can atır. Başqa sözlə desək, hazırkı Azərbaycan müxalifəti öz varlığını hakimiyyətə nifrət üzərində qurur. Bəzən bu nifrətin dozası o qədər çox olur ki, dövlətçilik maraqları belə arxa plana keçir. İndi artıq ötən əsrin 90-cı illəri deyil. Siyasi proseslər kifayət qədər şəffaflaşıb, kimin kimə xidmət etdiyi, kimin əlinin kimin cibindən çıxdığı çoxumuza məlumdur. Bu baxımdan hazırda özlərini demokratik qüvvələrin təmsilçiləri hesab edən bu siyasi təşkilatların ölkə xaricindən idarə olunduqları heç kimə sirr deyildir. Daim Qərbin buyruq qulu kimi çıxış etməyə can atan bu qüvvələrin 2013-cü il seçkiləri ərəfəsində hətta Rusiyaya da qucaq açmaq dərəcəsində qeyri-milli olduqlarını gördük. Hər addımda bir Rusiya layihəsi kimi qələmə verilən Milli Şuranın formalaşdırılmasında həvəslə iştirak edən bu qüvvələr qısa bir müddətdə daim demokratiya carçısı kimi çıxış etdiklərini unudub, avtoritarizmin beşiyi hesab edilən bir ölkənin layihəsində də təmsil olunmağa razılıq verdilər. Bunlar gözümüzün qabağında Rusiyanın maraqlarına xidmət edən bir təşkilatı formalaşdırmaqdan, Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu onu sədr seçməkdən, hətta prezidentliyə vahid namizəd etməkdən belə çəkinmədilər. Açıq-açığına nümayiş etdirdilər ki, önəm verdikləri əsas məqam Azərbaycanın milli maraqları deyil, şəxsi ambisiyalarıdır. Seçki ərəfəsində Rusiyanın Azərbaycana təzyiqləri, Kremlin Moskvadakı azərbaycanlı milyarderləri bir araya gətirməsi, yaradılan birliyə Rüstəm İbrahimbəyovu da üzv etməsi radikal düşərgə təmsilçilərini əməlli-başlı şirnikləndirmişdi. Halbuki müxalifətin xilaskar kimi təqdim etdiyi Rüstəm İbrahimbəyov elə siyasətə baş vurduğu ilk mərhələdəcə əsl mahiyyətini ortaya qoymuşdu. Ağsaqqal yaşında siyasətçi olmaq arzusu çiçəklənən kinorejissorun siyasi təcrübəsinin olmaması, rəhbərlik etdiyi təşkilatın adında "milli" sözü olsa da, özünün reallıqda millikdən xeyli uzaqda olması məlum idi. Müsahibələrində o, Azərbaycanın ümummilli problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da milli maraqlarımıza uyğun gəlməyən fikirlərini açıq şəkildə ifadə etməyə çəkinmirdi. Məsələn, Rusiya mətbuatında müsahibəsində R.İbrahimbəyov bildirirdi ki, Dağlıq Qarabağ məsələsinin hərbi yolla həlli ilə bağlı danışmaq istəmir: "Mən hakimiyyətdə müvəqqəti adam olacağam. Qoy bu məsələləri yeni seçilmiş parlament həll etsin. Ümumiyyətlə, Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. Biz Qarabağı verməli deyilik, amma biz ermənilərə demokratiya, korrupsiyanın olmaması, azərbaycanlılarla real bərabərlik barədə zəmanət verməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də bu bölgənin erməni əhalisidir. Buna görə də biz Qarabağın erməni əhalisini sadaladıqlarımda əmin etməliyik. Ermənilər bacarıqlı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi başa düşəcəklər".
Göründüyü kimi, Rüstəm İbrahimbəyov prezident seçiləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə heç bir addım atmağı planlaşdırmadığını açıq şəkildə ifadə edirdi. Belə çıxırdı ki, o, prezident olacaq, amma Dağlıq Qarabağ məsələsinin həlli ilə məşğul olmayacaq. Bununla da müxalifətin "xilaskarı" ölkənin ən ciddi milli probleminə açıq biganəlik nümayiş etdirirdi. Onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşürdü. Hansı ki, məhz bu mövqeyə görə, 20 ildir ki, münaqişənin həlli ilə bağlı heç bir addım atılmayıb. Amma müxaliət liderləri bütün bunları görə-görə Rusiya vətəndaşı olan bu adamı vahid lider edib Azərbaycanı idarə edən şəxs statusu qazandırmaq istəyirdilər. Təbii ki, sadə vətəndaşlar, seçicilər bunu görürdülər və gələcək üçün də nəticə çıxarırdılar.
Bütün bunlar yaxın gələcəkdə də Azərbaycan müxalifətinin indiki gücsüz və aciz durumda qalacağını deməyə əsas verir. Artıq tam iflas həddinə çatmış qüvvələr qarşıdakı dövrədə əsas diqqəti öz aralarındakı hesablaşmaya yönəldəcək və hazırda malik olduqları imkanları da bu istiqamətdə səfərbər edəcəklər.
İndiki imic, indiki rəhbərlik və siyasi qabiliyyətlə müxalifətdəki təşkilatların heç birinin hazırkı hakimiyyət rəqib olması mümkün deyil. Daxili çəkişmələr, 20 ildən artıq davam edən nəticəsiz mübarizə müxalifət liderlərini də, bu ada iddia edən müxalifət partiyalarını, onların yaratdıqları siyasi birlikləri də hamının gözündən salıb. Hamının gözündən düşən adamların isə xalqın etimadını qazanmaları, hansısa siyasi uğura imza atmaları tamamilə mümkünsüzdür.
Bu sadə həqiqətləri dərk edib obyektiv şəkildə qiymətləndirməyə hansısa xüsusi məharət lazım deyil. Sadəcə, məsələyə bir qədər ədalətli yanaşmaq kifayətdir. Yetər ki, əbəs yerə qaranlıq otaqda pişik axtarmaq sevdasına düşməyəsən - illah da o zaman ki, o pişik o otaqda, ümumiyyətlə, yoxdur.



