|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Ulduz" ədəbiyyat jurnalının oktyabr buraxılışı işıq üzü görüb.
Jurnal oxucularını bu nömrədə jurnalın baş redaktoru Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm..." yazısı ilə salamlayır, daha sonra Ruzbeh Məmməd "özüylə söhbəti..."ni və şeirlərini təqdim edir. "Ulduz"un bu sayında jurnalın "525-ci qəzet"lə birgə layihəsində yazıçı, publisist Rəşad Məcid, tənqidçi Məti Osmanoğlu və şair Elşən Əzim çıxış edirlər. "Nəsr" bölümündə Ruslan Mollayev "Divar", Nur İşıq "Nanələr", Əfsanə "Mənim robot anam", Murad Muradov "Keşişlə söhbət" hekayələrini təqdim edir, "Şeir vaxtı"nı isə Xalid Mahmud, Rəsmiyyə Sabir, Ceyhun Aranlı və Qoşqar Qaraçaylı bölüşür.
"Debüt" rubrikasında Amin Namazlı "Böyük əzablar şəhəri" hekayəsini, Aypara Ayxan isə şeirlərini təqdim edir. "Türk eli" rubrikasında Sedat Dəlioğludur. Kamran Nəzirli "Karantin hekayələri" silsiləsindən yeni hekayəsini təqdim edir. "Tənqid" rubrikasında Elnarə Qaragözova "Zahid Sarıtorpağın mətnindən süzülənlər"dən yazarkən, "Təbriz eli" rubrikasında Pərvanə Məmmədli "Bütün uşaqların könül qapısını açan yazar"dan - Səməd Behrənginin yaradıcılığından bəhs edir.
Jurnalın son səhifələrində "Dərgidə kitab" rubrikasındakı şeirləriylə Fuad Cəfərli çıxış edir. 2020-ci ildə "İlin peşəkar rəssamı" mükafatı ilə təltif olunan Nihad Əliyev "Sərgi" bölümündə öz rəsm əsərləri ilə jurnala rəng qatır.