|
|
|
|
Azərbaycanın Bolqarıstanda səfiri Nərgiz Qurbanova Bolqarıstanın ən böyük özəl televiziya kanalı olan NOVA televiziya kanalında yayımlanan “Dünya Bolqarıstanda” verilişinin qonağı olub.
525.az xəbər verir ki, verilişdə Azərbaycanın çay dəstgahı ənənəsi nümayiş olunmuşdur. Səfir N.Qurbanova Azərbaycanda ənənəvi çay süfrəsi barədə məlumat verərək çayın əsasən armudu stəkanda içildiyi, çayın dəmləmə üsulu və çay süfrəsinin necə bəzədilməsindən, eləcə də çay süfrəsində təqdim olunan milli şirniyyat və mürəbbələrimizdən bəhs edib, Azərbaycanda müxtəlif növ meyvə və tərəvəzlərdən ləziz mürəbbələrin hazırlanmasından söz açıb, ölkəmizdə mövcud “çay evləri” və “çayxanalar” barədə danışıb.
Verilişdə səfir həmçinin Azərbaycanda multikulturalizm ənənələrinə toxunaraq ölkəmizdə 25-dən artıq millətin yaşadığını və onların Azərbaycanı öz vətəni gördüyünü qeyd etmişdir. Səfir 1918-ci ildə müsəlman və türk dünyasında ilk dünyəvi parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, bu dövlətin bir çox Avropa ölkələrindən daha əvvəl 1918-ci ildə qadınlara səsvermə hüququnu verdiyini bildirmişdir. Azərbaycan tarixində “ilklərin” bununla məhdudlaşmadığını qeyd edərək əlavə etmişdir ki, Azərbaycanın adı müsəlman Şərqində ilk kino, opera, balet ilə birgə xatırlanır.
Eyni zamanda mədəni irsimizin YUNESKO-nun dünya irsi siyahısına daxil olan nümunələri barədə danışan səfir Bakıdan 55 km aralıda yerləşən, qayaüstü təsvirləri ilə məşhur Qobustan, dünyada sayına görə Azərbaycanın birinci olduğu palçıq vulkanları, Naxçıvanın müalicəvi əhəmiyyətli məşhur “Duzdağ”ı, ölkəmizdə ipəkçilik ənənələri barədə məlumat vermişdir. Azərbaycan milli mətbəxinin vazkeçilməz təamlarından olan nar və zəfəran barədə qeyd etmiş, onların yetişdirilməsi və növlərindən söz açmışdır.
“Küləklər şəhəri” Bakıda barədə məlumat verən N.Qurbanova paytaxtımızda təşkil edilən əhəmiyyətli idman və mədəni tədbirlərə diqqət çəkərək “küləklər şəhəri”nin Avroviziya, Birinci Avropa Oyunları, Formula 1 yarışlarına ev sahibliyi etdiyini vurğulamışdır. Həmçinin Bakının rəmzləri olan İçərişəhər, Qız Qalası barədə danışmışdır. Səfir qədim tarixə malik Novruz ənənələri barədə də izləyicilərə məlumat vermişdir.
Müsahibədə səfir eyni zamanda 44 gün davam edən Vətən Müharibəsinə də toxunmuşdur. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat verərək Vətən Müharibəsinin müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndiyini fəxrlə bildirmişdir. O davam etmişdir ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanmış və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulmuşdur. Həmin bəyanatın imzalanmasından sonra Cənubi Qafqaz bölgəsi yeni mərhələyə - yenidənqurma və dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoymuşdur. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxmış, yeni perspektivlər açılmışdır.
Azərbaycanda koronavirus pandemiyasının təsirləri ilə bağlı suala cavab olaraq ölkəmizdə COVİD-19 pandemiyası ilə mübarizə, pandemiyanın iqtisadiyyat, məşğulluq, sosial sahəyə vurduğu zərərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən həyata keçirilən tədbirlər, COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın beynəlxalq müstəvidə dəstəyi barədə danışmışdır.
Sözügedən veriliş NOVA televiziya kanalının eyniadlı verilişləri sırasında reytinqlərdə birinci olmuşdur.