|
|
|
|

Müqəddəs kitablarda bir başqasını öldürmək günah, özünə qəsd etmək isə cinayət sayılır. Çünki özünü yaradan sən deyilsən və özünlə bağlı hökmü də sən verə bilməzsən. Bəli, Allah bizləri ölüm üçün deyil, həyat üçün yaradıb. İnsana yaşam hüququ bir dəfə verilir. Bəziləri isə bu dəyəri qiymətləndirməyib öz həyatlarına qıyıb intihar edir. Ölüm problemlərdən qurtuluş yolu deyil. Dünyada təxminən 6 milyarddan çox insan yaşayır. Əhali ilə birgə problemlər də günü-gündən çoxalır. Deməli, bütün bu iqtisadi, elmi-texniki inkişaflar və səylər insanları daha xoşbəxt və dinc bir mühitə qovuşdurmaq üçün deyil. Hər gün demək olar ki, minlərlə insan öldürülür və ya canına qəsd edir. Bəlkə də elə dünyanın bu inkişafıdır, insanları intihara sürükləyən?
Son vaxtlar demək olar ki, hər gün kiminsə intihar, özünə qəsd etməsi barədə xəbərlər eşidirik. Ən pisi də odur ki, bununla hər yaş həddində qarşılaşırıq. Yəni intihar edənlər sırasında uşaqlar, gənclər, orta yaşlılar, qocalar olur. Bunun artıq adi hala çevrildiyini desək, bəlkə də yanılmarıq. Qeyd edək ki, bunlar rəsmi qeydə alınan və KİV-də ictimaiyyətə açıqlanan intihar hadisələridir. Bəs görəsən son illər özünə qəsdin bu qədər artmasına səbəb nədir? İntihar hadisələrinin artımı təkcə Azərbaycanda deyil, dünyada müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayı 60 faiz artıb. Maraqlıdır ki, intiharlar həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur. İntihar edənlərin yaşı müxtəlifdir. Çox vaxt bu faciə ilə gənclər rastlaşır. Bəlkə də bu addımı atmazdan əvvəl məqsəd ətrafdakıların diqqətini üzərlərinə çəkmək olur, lakin bunun həyatları bahasına başa gələcəklərini düşünmürlər. Bəzi valideynlər öz övladlarını ibrətamiz nağıllarla, laylalarla deyil, seriallar, internet və cəmiyyət tərbiyəsi ilə özbaşına buraxaraq böyüdürlər. Bununla da valideynlər övladlarını uçuruma yuvarlayırlar. Ata-ananın uşaqlarına diqqətsiz yanaşması, lazımınca vaxt ayırmaması övladın səhv addım atmasına, pozğun insanlarla dostluq etməsinə səbəb olur. İntihar edən səxsin mütləqdir ki, psixologiyasında bir sıra problemlər olur. Bununla bağlı psixoloq Günel Tağızadə ilə görüşüb fikirlərini öyrəndik.
–Günel xanım, psixologiyada intihar anlayışı nədir,necə başa düşülür?
–İntihar problemi həll etmək cəhdidir. İntiharların son zamanlar bu qədər kütləvi hal alması çoxağrı–vericidir. İntihar fenomeninə psixoloji ədəbiyyatda bir neşə baxış mövcuddur. Ümumilikdə intiharların baş verməsi hallarının sosial-iqtisadi və mənəvi böhranla əlaqədar olduğu müəyyənləşdirilib. İntihar fenomenini izah edən psixodinamik, bioloji və sosial-mədəni model, yanaşma var. Psixodinamik yanaşmanın nümayəndəsi Vilhelm Ştekel qeyd edir ki, suisid digər insanlara qarşı yönəlmiş mənfi xarakterli emosiyalardır. İntihar çox hallarda depressiya və qəzəbin nəticəsidir. İntiharda digər bir insanı öldürmək istəyi insanın özünə yönəlir, yəni intiharın kökündə autoaqressiya durur .
–İntihar edən şəxsin psixologiyasında hansı problemlər olur?
–İntihar- insanın özünə qarşı yönələn kəskin qəzəbdir. Digər qrup alimlər suisidin səbəbi kimi uşaqların həyatlarının ilk və ya yeniyetməlik dövründə valideynlərin ölümü, boşanmasının səbəb olduğunu güman edirlər. Sosiomədəni aspektdən E. Dürkeymin fikirləri əsas götürülür. Burada cəmiyyətdəki qruplar və insan arasındakı bağların necə qurulmasından, münasibətlərdən asılı olaraq intihar halı izah edilir.İntihar zamanı bioloji yanaşma,bioloji faktor əsas götürülərək qanda serotonin maddəsinin aşağı aktivliyə malik olması ilə izah olunur. Statistika da göstərir qanın biokimyəvi quruluşu intihar edən şəxslərdə digərlərindən fərqlidir. İntihar niyyəti olan şəxsdə bir sıra halları müşahidə etmək mümkündür. Əhvalın asağı düşməsi, qidalanmanın pozulması, alkoqol asıllığının yaranması, ölüm haqda intensiv şəkildə danışma, yadlaşma, mühitdən, insanlardan uzaqlaşma, davranışlarında kəskin dəyişiklik, ya çox yüksək əhval-ruhiyyənin yaranması, ya da əksinə, həyatın mənasızlığı haqda fikirlər və s.
–Sizcə, gənclərin intihar etməsində valideynlərin səhvi nədir?
–Əgər valideyn nəzarəti yoxdursa, diqqətsizlik, baxımsızlıq, laqeyd yanaşma faktoru varsa əlbəttə intihar üçün şərait yaranacaq, xüsusilə yeniyetmə yaşında. Bir çox hallarda övlad universitetə hazırlaşanda valideynlər həddən artıq tələbkar olaraq “əgər universitetə daxil ola bilməsən, yaxşı bal yığmasan evə gəlmə” deyərək uşağın psoxologiyasına təsir edirlər. Çox vaxt valideynlər özləri bilmədən övladlarının intihara əl atmasına səbəb olurlar. Valideynləri tərəfindən atılmış, tənqid deyil, təhqirə məruz qalan uşaqların xüsusilə yeniyetməlik yaş dövründə intihar riski böyükdür. Boşanmalar, daima ailədə konfliktlər də uşaqların intiharına gətirib çıxara bilir. Eyni zamanda belə desək intiharların profilaktikası üçün valideynlər çox böyük resurs ola bilər. Onların dəstəyi, qayğı və sevgisi olan yerdə həmişə həyat var.
–İntiharların artmasında medianın rolu nədir?
– Media və ya KİV intihar hallarının işıqlandırılmasında çox vaxt ajiotaj yaradır. Məsələ necə işıqlandırmadan gedir. Çox vaxt bu, şou xarakterli xəbər kimi verilir. Bu da həmin halların dərinləşməsinə səbəb olur. İnsanlarda ya qorxu yaradılır, ya onları kəskin şəkildə mühakimə edirlər. Eyni problemli insanlar kiminsə intihar etdiyini eşitdikdə artıq bu xəbər onlar üçün çıxış yolu kimi görünür. Bütün dünyanın statistikası da bunu göstərir ki, hər hansı intihar cəhdinin kütləviləşdirilməsi onun təkrar edilməsi hallarına zəmin yaradır.
Mövzu ilə əlaqədar “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin sədr müavini Nisə Rəhimova da öz fikirlərini bildirib.
–Bu gün gənclərin arasında intihar hallarının artmasının müxtəlif səbəbləri var. Bəzən isə gənclər öz qarşılarına gücü və potensialına uyğun olmayan məqsədlər qoyurlar. Müəyyən zaman keçdikdən sonra bu məqsədlərə çatmayanda və arzularını reallaşdıra bilməyəndə bu, onlarda ruh düşkünlüyü yaradır ki, bu zaman gənclər özlərini yararsız, heç nəyi bacara bilməyən, heç vaxt uğur qazana bilməyəcək şəxs kimi görürlər. Zaman keçdikcə isə artıq onun üçün ən asan və rahat yolun intihar olduğunu düşünür. Beləliklə intihara əl atmaqla tez bir zamanda özünü problemlərdən xilas etmiş olacağını düşünür. Bundan əlavə intihar hallarının artmağında televiziya və internetin rolu danılmazdır. Bu gün nümayiş olunan əksər film və seriallarda, həmçinin cinayətlə bağlı verilişlərdə gənclər ölüm hadisələrinin motivləri ilə tanış olurlar. Bəzən isə internetə çəkilib yerləşdirilən ölüm hadisələri yeniyetmə gənclərdə bir növ maraq oyadır. Bütün bunlar bir daha göstərir ki, tədris mərkəzlərində psixologiya dərslərinin hesabat xatirinə deyil, ciddi şəkildə keçirilməsi vacibdir. Çünki gənclər öz problemlərini çox vaxt ailəsi ilə bölüşməyə çətinlik çəkirlər. Onlar valideynlərinin sərt reaksiyası ilə qarşılaşacaqlarını fikirləşirlər. Valideynlər tərəfindən təzyiqlərə məruz qalan gənclərin bir qismi isə intihara cəhd etməklə bir növ valideynlərini cəzalandıracaqlarını və daha onlara təzyiqlərin olmayacağını fikirləşirlər. Amma heç də nəticə onların istədikləri kimi olmur. Düşünürəm ki, gənclər arasında intihar hallarının qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Çünki bu günki gəncliyin nə istədiyini müəyyən etmək bir az çətindir. Odur ki, ilk növbədə gənclərin nə istədiklərini, onları narahat edən problemlərin nələrdən ibarət olduğunu müəyyənləşdirməli, daha sonra bu istiqamətdə işlər görülməlidir. Sevindirici haldır ki, bu gün gənclərin əksəriyyəti aktiv olmağa cəmiyyəti narahat edən problemlərin həllində fəal rol oynamağa can atırlar. Biz çalışıb həyatdan ümidini kəsmiş, özünə güvəni olmayan gənclərin cəmiyyət üçün nə qədər önəmli olmalarını onlara başa salmalıyıq. Bunun üçün biz QHT-lərin üzərinə çox böyük məsuliyyət düşür və biz bu məsuliyyəti dərk edib gənclərin problemlərini ictimaiyyətə çatdırmalı və həmin problemlərin həlli istiqamətində çalışmalıyıq.
Samirə QULİYEVA



