|
|
|
|

Dinin əvvəli Allahı tanımaqdır. Allahı tanımaq özünü tanımaqdır. Özünü tanımaq isə nəfsini tanımaq, acizliyini dərk etməkdir. Özünü dərk etmək “mən”i tərk etməkdir. “Mən”i tərk etmək isə kinin, nifrətin, yalanın, riyanın, təkəbbürün, özündənrazılığın və lovğalığın zindanından azad olmaqdır.
Bu yol ilahi təslimiyyətin, ilahi itaətin və səmimi ibadətin yoludur. Bu yol qulluğun ədəbini öyrədən, bəndəni Rəbbinə yaxınlaşdıran müqəddəs yoldur. Qulluq ədəbi imana silah kimi sarılmağın təsdiqidir. İmana silah kimi sarılmaq isə iman zirvəsinə ucalmaq, çətinliklər qarşısında Rəbbinə arxalanmaqdır.
İmanlı insan mərhəmətin, şəfqətin və sevginin daşıyıcısıdır. Çünki sevgi dinin ruhudur, mahiyyətidir. Sevgi aşiqin Məşuquna qovuşmaq həsrətidir. Sevgi bütün yaradılmışları Yaradanın xatirinə sevməkdir.
Sevgi adına and içdiyi, ümid və qorxu içində könül bağladığı Bir Olan Allaha bağlılıqdır. Həqiqi sevgi insanı nəfsin əsarətindən qurtarar, qəlbi kin və qaranlıqdan təmizləyər, onu mərhəmətin və bağışlamağın ünvanına çevirər.
Mərhəməti qəzəbini üstələyən Rəbbin rizasını qazanmaq bağışlanmağın ən böyük müjdəsidir. Haqq sahibi olmaq Haqq dərgahına yüksələn göz yaşının, səmimi duanın, aciz bir qəlbin səssiz naləsinin qəbuluna ümid bəsləməkdir.
Sevgi ilahi eşqin şərbətini içən həqiqi aşiqin adıdır. Həqiqi aşiq məzhəbinin və ya təriqətinin adı ilə deyil, əxlaqı, mərhəməti, ixlası və Allah sevgisi ilə tanınar. O, nəfsinin əsiri olmaz, şeytanın tələsinə düşməz, dünyanın keçici cazibəsinə aldanmaz.
Fəryad qoparan könüllərin, incidilmiş qəlblərin, çarəsizlik içində çarə axtaranların tapdığı ünvan təmənnasız sevgidir. Bu sevgi ötəri həvəs deyil; sevdiyi Məşuqun qarşısında qəlbin səcdəsi, ruhun təslimiyyəti, ömrün ən gözəl duasıdır.
Təmənnasız sevgi ruhun dirçəlişidir. Ruhun dirçəlişi isə sadiq qulun azadlığıdır. Azad ruh sahibi məqamın, şöhrətin və dünyanın deyil, yalnız Sevdiyinin və Ona təslim olmağın əsiri olar.
Sevən insan şəhadət şərbətinə təşnə olar, Vətəninə və müqəddəs dəyərlərinə fəda olmağı şərəf bilər. Təslim olan bəndə öz ağrısını, sızıltısını və göz yaşını gizlədər, amma sevgisini, nəvazişini, mərhəmətini və ümidini hər kəslə paylaşar.
Paylaşmaq imandandır. Sevgi paylaşıldıqca azalmaz, əksinə çoxalar. Bərəkəti artar, qəlbləri dirildər, ümidləri cücərdər, qaranlıqları nura çevirər.
Unutmayaq ki, Allah sevgisi ilə döyünən qəlbdə kinə yer qalmaz. Mərhəmət olan yerdə nifrət yaşaya bilməz. Təvazökarlıq olan yerdə təkəbbür dayanmaz. İman olan qəlb isə insanları ayırmaz, birləşdirər; qırmaz, könül alar; incitməz, şəfa verər.
Ən böyük zənginlik qəlbin Allah sevgisi ilə zəngin olmasıdır. Ən böyük azadlıq nəfsin əsarətindən qurtulmaqdır. Ən böyük qələbə isə insanın öz nəfsi üzərində qazandığı qələbədir.
Rəbbimiz bizlərə Özünü tanıyan, özünü tanımaqla nəfsini tərbiyə edən, sevgini həyatının mayasına çevirən, mərhəməti ilə könülləri dirildən, imanı ilə yaşayan və yaşadan qullarından olmağı nəsib etsin. Amin.
Sevgi və dualarımla!



