1992-ci il, mayın 8-də avtobusla "Azərbaycanfilm"ə gedən yolda, Şuşa döyüşlərindən verilən xəbəri eşidərkən, heç bilmədim, nə vaxt düşüb, ağlaya-ağlaya yeriyərək kinostudiyaya çatmışam.
"Şuşa, Şuşa" hıçqırıqlarıma elə studiyanın girişindəcə reaksiya verən həmkarımın ilk sözü bu oldu: "Kimin var orda, məgər sən şuşalısan?" Sorğu-suala son qoymaq üçün daha dodaqlarımı "Şuşa, Şuşa" deyib tərpətmədən, yaş giləli gözlərimi düz gözlərinin içinə dikib baxdım ona. Bax mən məhz həmən o gün milli şüarımız deyə səslənən "Qarabağ Azərbaycandır", yəni O, azərbaycanlınındır - Şuşasıyla da, Xankəndisiylə də! - hökmünü təhtəlşüur eşitmişdim.
Nizami Gəncəvi, Xan Şuşinski, Abbasqulu ağa Bakıxanov - bu şəxsiyyətlər doğulduqları yeri öz adları ilə əbədiləşdirən şöhrətli azərbaycanlılarımızdır. Lakin yeni tarixi dövr aşkar etdi ki, tək şəxsiyyətlər deyil, xalq hamılıqla əl-ələ verəndə adına öz doğulduğu lokal məkanın deyil, amalının şüarını əlavə etməklə də seçilə bilir. Bəli, xalqımız hamılıqla şuşalı gördü özünü 44 günlük qələbənin əzmiylə. Xarici jurnalistin "Niyə Şuşa sizinçin bu qədər məna kəsb edir?" sualına hörmətli Prezidentimizin verdiyi cavab da mahiyyətcə elə bu mənanı kəsb edirdi.
***
Mən Şuşada 1980-81-ci illərin yayında və qışında olmuşam. O zaman o, sovetlərin müalicə və istirahət mərkəzlərindən biri idi. Gürcülər, ruslar, ermənilər və digər xalqlara mənsub kimsələrlə bir masa arxasında oturub təam etmişəm orda. Xarı bülbül Şuşanın rəmzi kimi təbliğ olunmurdu o zamanlar. Leninin portretləriydi başda. O vaxt şöhrətli rejissorumuz Mehdi Məmmədovu da istirahətə gələnlərin sırasında görəndə onun şuşalı olduğunun fərqinə varmamışdım. Bir sıra görkəmli insanımızın da şuşalı olduğunu indilərdə bilmişəm. O vaxt azərbaycanlının şuşalı olması prioritet deyildi.
Halbuki tariximizi varaqlasaq, Şuşanın elə lap əvvəldən tək torpağımız deyil, həm də xalqın qəlbinin bir güşəsi olduğunu görəcəyik. O, Azərbaycanın tək əsrarəngiz təbiətli, musiqili məkanı deyil, həm də yaralı qəlbi kimi asılıb sinəsindən tariximiz boyu. Başı nələr çəkməyib Şuşanın, "kimlər gəlib-kimlər gedib" Şuşadan.
Əsilzadə keçmişimizi unutdurmaq üçün Azərbaycanda xanlıqlar dövrünün ən seçilən şəhərlərindən olan Şuşadan az söhbət açılıb Sovet dövründəki tarix dərsliklərimizdə. 1968-ci ildə fədakar tarixçi və musiqişünas Firudin Şuşalının (o vaxtlar Şuşinski) "Şuşa" adlı kitabı - təhrif olunan tariximizlə bağlı həqiqəti açıb göstərdiyinə görə - qadağan edilmiş, hətta xaricdəki "üzdəniraqlar" onu öldürtməkçün başına pul da kəsmişdilər. Mərkəzi Komitə tərəfindənsə - Moskvanın təkidilə! - müəllif "Xaqlar dostluğunun düşməni", "burjua millətçisi" damğasıyla mümkün qədər sıxışdırılmışdı. O zamanlar Şuşanın mübarizə dolu qan-qadalı tarixindən danışılmasın deyə gizli qadağalar var idi.
***
Filmoqrafiya tariximizdən Şuşanın daha çox kurort və istirahət mərkəzi kimi təbliğ olunduğunu görürük. Hələ 1937-ci ildə Şuşa haqda çəkilmiş sənədli filmin adı sadəcə belə idi: "Şuşa kurort və istirahət mərkəzidir". 1960-cı ildə Şuşanı ekrana gətirən digər bir film isə "Sağlam olun" adıyla, yenə də kurort və istirahət mərkəzi kimi çəkilmişdi. 1978-ci ildə çəkilən "Şuşa" filmi də eləcə "SSRİ-yə 10 dəqiqəlik səyahət" silsiləsinə daxil filmlərdən biri idi. 1973-cü ildə rejissor Rüfət Şabanovun çəkdiyi "Şuşa" sənədli filminin son kadrında səslənən "Tez-tez Şuşaya gəlin" çağırışıyla da əsasən xoşbəxt Şuşaya istirahətə çağırılırdı Sovet xalqları. Şuşayla dolayı da olsa bağlı mövzularda çəkilən "Qarabağa səyahət" (1968), "Natəvan" (1982), "Oxuyur Şövkət Ələkbərova" (1970), "Bülbül" (1968) kimi bir neçə film də, Sovet senzurası üzündən, Şuşanın həqiqi tarixi haqda tutarlı informasiya vermir. Bir sözlə, Sovet dövründə Şuşayla bağlı çəkilmiş xoşbəxt əhval-ruhiyyəli filmlərin bir məqsədi olub: Şuşaya çoxlu turist cəlb edib torpağımızın Şuşa adlı sərvətindən maksimum bəhrələnmək. 28 illik işğal dövründə də ermənilər Şuşadan bu məqsədlə yararlanmağa çalışıblar.
Şuşayla bağlı filmoqrafiyamızı bir başqa yöndən vərəqləyəndə məlum olur ki, kino tariximizə daxil olan bir neçə filmimizin natura çəkilişləri orda aparılıb. 1928-ci ildə "Gilan qızı", 1929-da "Hacı Qara", 1960-da "Koroğlu" belə çəkilib.
***
Əlbəttə, kinomuzun təşəkkülü illərində çəkilmiş filmlər haqda az məlumatlı olsaq da, 1981-ci ildə çəkilmiş "Uzun ömrün akkordları" və ya "Üzeyir ömrü" filminə, demək olar ki, hamılıqla baxmışıq.
Şuşanın tək təbiətini deyil, onun fonunda musiqi mədəniyyəti tariximizin taleyüklü, təkrarsız dövrünü canlandıraraq milli varlığımızı sənədli faktlar əsasında ucaldan bu filmə Şuşanın 28 illik işğalı zamanında Vətən yanğımıza su səpən təsirli ekran əsəri kimi dəfələrlə baxmışıq. Öz nurlu simaları və əməlləriylə tariximizin qızıl səhifələrini yazan sənətkarlarımızın gənclik çağlarını görürük ekranda. Bütün bunlarsa Şuşa fonunda xüsusi qürur hissi bəxş edir Vətən həsrətli tamaşaçısına. Filmin bu kimi dəyərli xüsusiyyətləri Şuşanın "Dağlıq Qarabağ Muxtar Vilayəti" adıyla Sovet rejimi tərəfindən bizdən qoparılmaq istənən bir məkan deyil, canımızın - Azərbaycanımızın ayrılmaz parçası olduğunu tam mənasıyla təsdiqləyən gizli mesajlar kimi qəbul etməyimizə əsas verir. Ekran əsərində "balaca Üzeyir"in təhsil ardınca Qori seminariyasına yola düşməsi epizodunda kadrarxası səsləndirilən "Üzeyir Şuşanı tərk edirdi: gələcəkdə əbədiləşdirməkçün tərk edirdi" - qənaəti də "Qarabağ Azərbaycandır" nidasının üstüörtülü, ancaq əslində, aydın-aşkar mesajı kimi anlaşılır.
"Uzun ömrün akkordları" nurlu filmdir. Musiqi tariximizi yaradan sənətkarlarımızın gənclik çağlarını əks etdirən simalarıdır Şuşa fonundakı bu nur.
Lap elə bugünkü həyatımızın ekranındakı kimi. Qarabağ uğrunda, Şuşaya qovuşmaq yolunda 44 günlük müqəddəs ölüm-dirim savaşımızın da nuru gənclik olmadımı; üzlərindən nur yağan, hər zaman gənc, çöhrəsi təbəssümlü şəhidlərimiz.
Bu yöndən baxsaq, sözsüz ki, gözəl Şuşamıza həsr olunan filmlərimiz ötən illərin filmoqrafiyasındakı kimi barmaqhesabı olmasın gərək. Çox filmlər çəkiləcək "Qarabağ Azərbaycandır!" deyib canından keçən gənclərimiz, gənc şəhidlərimiz haqda. Axı Azərbaycanın uzaq keçmişdən bu günümüzə qədər uzanan tarixinin akkordlarını onlar vura bildilər. Kinomuz bu gənclik qarşısında missiyasını yerinə yetirmək arzusundadır. Hər birinin ayrı-ayrılıqda öz taleyi, öz həyat hekayəsi olan, yeni tariximizə işıq yayan bu gənclər haqda ayrı-ayrılıqda kino inciləri yaratmaq olar.
İndi bizi şəhidlərimiz uyuyan xiyabanlardan keçirərək onların müqəddəs xatirəsini yaşadacaq Kino Xiyabanımızı yaratmağa aparan günlərdəyik. Bu günlərimizin hər birini kino mühitimiz gərək Qarabağın, Şuşanın havası ilə yaşasın!