|
|
|
|

Sənə səslənirəm, Tofiq abi. Uzun müddətdir birgə çalışdığımız “525-ci qəzet”də bu yazını oxumağa artıq fiziki imkanın olmasa da, ruhunun məni eşidəcəyinə əminəm. Son mükaliməmiz cismani ölümündən 3 gün əvvəl olmuşdu. Artıq bir daha Səninlə söhbət etmək imkanımız olmayacaq. Sənə etiraf edirəm, bu göz yaşları axıdaraq yazdığım ilk yazıdır. Bunu həm də Səninlə olan söhbətlərimizdən birinin davamı da hesab edə bilərsən...İndi deyəcəklərimə cavab vermirsən, amma sanki yanımdaymışsan kimi səsin qulağımda çinləyir.
Yaşca özümdən böyük insanlara “sən” deyə xitab etməyi heç sevmirəm. Amma Sən başqaydın. “Sən” dedirdəcək qədər doğma və məhrəm idin hamımıza. Sağlığında heç vaxt “sən” deyə müraciət etmədim Sənə. Amma ölüm həmişəki kimi elə qəfil gəldi və bizi o qədər doğmalaşdırdı ki, indi özüm də bilmədən “sən” deyirəm, Tofiq abi.
Əminəm ki, indi göz yaşları içərisində yazdığımı görsəydin, həmişə olduğu kimi ərklə və insanın düz ürəyinin içini görən qayğıkeş baxışlarla “ağlama, qurban olum, müəllimə, ağlama” deyərdin...
Ağlama..
göz yaşların dəyməz ağrılarına..
ağlama, artıq sona çatır bu ağrılı günlər,
bil ki, bu dünyayla görüşmək kimi,
bir vida da var—
söylərdin sağ olsaydın...
Məni “müəllimə” çağırırdın. Səbəbini bilmirdim, amma maraqlı idi mənə. Fikir vermişdim, Sənə də işdə hamı “Abi” deyə müraciət edəndə sevinirdin...
Tofiq abi, Səndə ədəbi talantdan başqa həm də özünü sevdirmək istedadı vardı. Redaksiyada oturduğumuz otaqların pəncərələri qarşısından keçməyinə və keçərkən əl eləməyinə alışmışdıq... Dünyanın pəncərəsindən də baxıb, keçib getdin birdəfəlik... İndi də işdə hər dəfə qapı açılanda düşünürəm ki, Sən içəri girəcəksən. Diksinirəm, sevinirəm qeyri-iradi. Bəlkə doğrudan da Sənsən deyə...
Redaksiyamız da, ürəyimiz də sənin xatirələrinlə dopdoludur... Nədən danışasan, hansını deyəsən...
Biz Səni sağlığında tanıyırdıq, amma indi düşünürəm ki, biz həm də Səni tanımadıq... Dəyərləndirmədik layiq olduğun kimi...Qınama bizi, Tofiq abi. Biz insanın əsl dəyərini anlamaq üçün onun ölməsini gözləyənlərin övladlarıyıq axı...
Çoxdandı “Müəllimə, poeziyamdan, prozamdan bir yazı yaz, yaxşı bir müsahibə götür məndən” – deyirdin. Vaxtın azlığından, işin çoxluğundan alınmırdı desəm... yox, daha özümə bəraət qazandırmayım, buna macal tapmadım. Əfsuslar, bu yazını yazmaq indiyə nəsib oldu. Bağışla məni, Tofiq abi. Sən sağlığında həmişə özünlə xoş bir enerji daşıyardın getdiyin hər yerə. Ölümün də dərs verdi, xatırlatdı ki, bu günün işini sabaha qoymaq olmaz... Dəyərli bir insanı sadə yazıyla sevindirmək olardısa, niyə ləngidim o yazını yazmağa? Vicdan əzabı çəkirəm indi, Tofiq abi...Amma bilirəm, əfv edəcəksən məni. Sənin elə böyük ürəyin vardı ki... Ürək demişkən, heç ürəyindən şikayətlənməzdin Sən. Bəlkə də incidirmiş Səni, amma mən eşitməmişdim...Sən ürək sahibi idin, arxayın idin o ürəyə... Amma çox vaxt arxayın olduqlarımız beləcə yarıyolda buraxır bizi...
Tofiq abi, bizim üçün kim olduğunu bilirdinmi? Sən dünyanın ən diqqətli həmkarı idin. Yazılarımızı bircə- bircə oxuyub iradını, rəyini və təqdirini bildirərdin. Sən bilirdin yaradıcı insana necə stimul vermək lazımdır... İnsanı bir baxışdan anlayacaq qədər arif idin, bir o qədər də təvazökar...
Yaman pis öyrətmişdin məni... Hər bayramda təbrik mesajı yazırdın və mən artıq buna təbii hal kimi baxırdım. Telefona baxıram... Son mesajın Yeni il təbriki idi...Bəzən ən kədərli vaxtımda, qəmli ovqatımda Səndən gələn və bir anda adamı özün demiş- mutlu eləyən o mesajların üçün elə darıxıram ki...Daha mesaj gəlməyəcək səndən... və mən də mesaj göndərmədiyinə görə küsməyəcəm... Ölüm bütün umu-küsülərdən ötə imiş, Tofiq abi...
Gündən-günə cavanlaşmağından və gümrahlaşmağından qorxuya düşmüşdüm son zamanlarda... Sənin həndəvərində ölümün fırlandığını hiss eləyirdim elə bil...Son illərdə müşahidə eləmişəm ki, insanların ölümü yaxınlaşanda üzləri torpaq rəngi alır... Biz hiss etməsək də, ana təbiətdən qopsaq da, təbiətin bir parçasıyıq... Bunu dəyişə və dana bilmərik ki. Hamımız torpağa qayıdış zamanına yaxın torpağa oxşamağa başlayırıq.. Əbədilik tapşırılacağımız yerə bənzəyirik...Sən son zamanlar yaman torpağa oxşamağa başlamışdın.
İtaliyada çap edilən Azərbaycan şairlərinin şeirlərindən ibarət “Çağdaş Azərbaycan poeziyası” kitabında Sənin də şeirlərin vardı. O şeirlərdə Tofiq Abdin adlı həssas, kövrək və yaxşı bir şairi yenidən kəşf eləmişdim. Ordakı Tofiq abi mənim hər gün gördüyüm, rastlaşdığım şair, publisist deyildi, aysberqin su altında qalan hissəsi idi desəm, daha doğru olar. Əslində onda anladım ki, əsl Tofiq Abdin həmin şeirlərdə yaşayır. Bunları Sənin özünə dedim lap bu günlərdə, onda hələ aramızdakı ölümlə üç günlük məsafəmiz vardı. Bunları Sənə danışanda çox sevindin, “deməli, yazmağa səbəbin var. Yazsana o şeirlər haqqında” – dedin... Çatdıra bilmədim, Tofiq abi, çatdıra bilmədim. Mən də Sənin kimi tələskənəm, hövsələsizəm, amma yenə çatdıra bilmədim italyanların da könlünü oxşayan o şeirlərdən yazmağa.. Ölüm məndən cəld tərpəndi. Ölümün hamımızdan cəld olduğuna bir daha inandıq...
Həmin şeirlərinin birində yazırsan: “Allahın dik dayanmaq üçün verdiyi beli niyə əyilməyə məcbur edirsiniz? Məni sevməyiniz üçün nə edim?...”
Amma nəsə eləsən də, eləməsən də, biz Səni sevirdik, sevirik, Sənin üçün çox darıxırıq...
Çox kədərliyəm, abi... Yalnız susaraq Səni düşünəcək qədər kədərli... Susmaq bəzən elə yaxşıdır ki...Sən də bilirdin ki, əsl hisslər sükutda gizlənir...
Yenə məhz cavabını eşitmək xatirinə “Necəsiz, Tofiq müəllim” deyə sual vermək istəyirəm. Elə bil cavabı da eşidirəm, o qədər aydın eşidirəm ki; “Belə də, qurban olum, idarə olunuruq...”. Sənin o cavabını hamımız xoşlayırdıq... Amma elə desən də, Səni “idarə olunan” görməmişdim mən, təsəvvür eləmirdim. Sənin azad ruhun idarə olunmağın və idarə etməyin fövqündə idi... Sən nə idarə olunmağı, nə də idarə etməyi sevmirdin...Dediyini elədin- Allahın Sənə dik dayanmaq üçün verdiyi beli əymədən yaşadın.. Həyatdakı kimi yazılarında da azad idin. Doğma dilimizin qrammatikası, sintaksisi Sənin özünəməxsus, Türkiyə və Azərbaycan türkcələrinin şirin bir vəhdəti ilə yazdığın cümlələrlə, misralarla ayaqlaşmırdı. Daha doğrusu, Sən bizim sintaksislə, qrammatikayla çərçivələnmək istəmirdin. Bu da Sənin söhbətlərini, yazılarını daha maraqlı edirdi. Türkiyə türklərinin çox sevdiyim “adam kimi adam” ifadəsi tam Sənin boyuna biçilmişdi ...
Sən orijinal idin. Yaş komplekslərinə qapılmayacaq, bəzən avanqard, bəzən tamam uyğunsuz – istədiyini geyinəcək qədər, bəzən mübtədasız, ya da xəbərsiz yazacaq, durğu işarələrini özbaşına buraxacaq qədər orijinal...
Gözümüz qapıda qalıb, Tofiq abi. Demə, həyatımız Sənin dipdiri xatirələrinlə dopdolu imiş...
Həmişə düşünürdüm ki, ölümdən qorxursan. Sövq-təbii hiss eləyirdim bunu...Son müsahibələrinin birində bunu etiraf elədiyini oxudum. Şeirlərindən də ölüm qorxusu boy verirdi:
bu qorxu o tindəymiş,
həmən qarşıma çıxdı.
çıxıb bir yad gözündən
həmən içimə axdı.
mən necə görməmişəm,
mən necə kor olmuşam.
bu yaşda bu qorxunu
içimə doldurmuşam.
ha çabala, ha vuruş,
ata bilmərəm onu
heç belə gözləmirdim
mən ömrümün sonunu.
yazıq, ömrümə yazıq
məni güdürmüş bu şər
atalar düz deyibmiş:
qorxan gözə çöp düşər.
Amma indi dərk eləyirəm ki, Sən əslində ölümdən qorxmurdun, daha çox unudulmaqdan qorxurdun,Tofiq abi. Həmişə deyirdin ki, torpağın üzü soyuqdu, insan ölənə kimidi, öldünmü, vəssalam, qarışırsan min ilin ölülərinə, heç kim Səni xatırlamır... Amma bu sözlər Sənə aid deyil ki... Sən xoşbəxt deyilsənmi, Tofiq abi? Bu ölümlü-itimli dünyada nə qədər ki, Səni xatırlayanlar var, yaşayacaqsan. Axı bizimlə tanış olanda özün demişdin bunu:
Sonu görünməyir bizim səfərin,
Sonu görünməyir bizim dünyanın.
Bu ulu cahanda bircə nəfərin
Qəlbində, fikrində qalsam, inanın
Dünyanın ən xoşbəxt insanı mənəm,
Gəlin, tanış olaq Tofiq Abdinəm..
Səni hamımız xatırlayacağıq Tofiq abi...Rəflərimizdəki kitabların, ürəyimizdəki xatirələrin Səni həmişə xatırladacaq...
Tərcümə Mərkəzinə girənlər Səni gah yuxarıdan – “Xəzər” jurnalının redaksiyasından birinci mərtəbəyə – “525-ci qəzet”in ofisinə enən, gah da tərsinə istiqamətdə – aşağıdan yuxarıya qalxan görərdi. Sən bir yerdə qərar tuta bilmirdin, sığmırdın bu boyda binaya... Beş qarış torpağa necə sığdırdılar səni, Tofiq abi...
Bahar kimi idin- gah Günəş görünürdü, gah da buludlar gəlirdi göyün üzünə...Niyəsə həmişəyaşıl ağacları xatırladırdın mənə...
Eşidirsənmi, hər səhər quşlar necə cikkildəşir, baharın həniri duyulur... Sən bu baharı görmədin, Tofiq abi... Çox təəssüflənirəm, çox...
“525-ci qəzet”də “Oralarda kimlər var”, “Köhnə tanışlar” layihələrinin müəllifi idin. Unudulmaqdan qorxan bir adam xofu ilə unudulmuş hesab etdiyin insanlardan (əslində, Sən haqlıydın unudulmaq məsələsində) yazırdın. Əslində Sən özün də bizim tam tanımadığımız köhnə tanış idin...
Allah, əlini uzat,
şəfqət at
içimə...
məni hazırla
içi dolu şəfqətlə ölməyə...-
Bu duan qəbul olunmuşdu çoxdan. Allah nəinki şəfqət əta eləmək, şəfqətin özü kimi yaratmışdı Səni... İçindəki şəfqətin bolluğu üzünə yansımışdı...
Adam dərdlənəndə hər şey danışa bilər, Tofiq abi...Kədərdən nə danışdığımı bilmirəm, Sənin təbirincə desək, bu yazımda “səndən sənə danışıram”...
Şeirlərinin hər misrası Səni anladır, biz Səni anlada bilmərik, anlaya bilmədiyimiz kimi: “Biz itirdiyimiz şeyləri daha çox sevirik...”
Dostlarımız, tanışlarımız
yaşıl budaqlar kim budanır
ölümün baltasıyla.
küsülü adamlar kimi
barışa bilmirik dostlarımızın yasıyla...
2003-cü ildə yazmışdın: “Elə ən çətin şey ölməkdi...”
Sən ən çətinini keçdin Tofiq abi...Bizim ən çətinimiz qarşıdadır hələ...
...öləndən sonra darıxmaya bilsəydim
o tənhalıqda-
deyirsən...Darıxma, Tofiq abi, darıxma...Bir gün hamımız köhnə tanışlar kimi qarşılaşacağıq oralarda...Görüşənədək...
Sevinc MÜRVƏTQIZI



