Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi ilə Kürdəmir rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin 140 illik yubileyinə həsr olunmuş Elmi vebinar konfrans keçirilib.
525.az xəbər verir ki, vebinarda Köhnəbazar tam orta məktəbinin, Təhsil Nazirliyinin, Milli Məclisin, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Yazıçılar Birliyinin, ADPU-nun, ADU-nun, ATU-nun, BSU-nun, ADBTİA-nın, Azərbaycan Respublikası Təhsil İnstitutunun, AMEA Tarix İnstitutunun, Kürdəmir rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, Kürdəmir rayon Regionlararası Mədəniyyət İdarəsinin nümayəndələri, eləcə də Köhnəbazar məktəbinin xarici ölkələrdə (Rusiya, Ukrayna, Türkiyə, İsveç, İngiltərə, Almaniya, Amerika və Kanada) yaşayan məzunları iştirak ediblər.
Tədbiri Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin sədri, vebinarın moderatoru, professor Habil Məmmədov açıb. Vətən uğrunda canlarını fəda vermiş şəhidlərimizin, soyqırım qurbanlarının və eləcə də Köhnəbazar məktəbinin kollektivi və məzunlarından vəfat edən şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi konfransda Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirən Ağəli Kərimli, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, Köhnəbazar kənd tam orta məktəbinin direktoru Zülfi Zahidov, Əməkdar elm xadimi Fərrux Rüstəmov, Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri, professor İntiqam Cəbrayılov, ADPU-nun kafedra müdiri, professor Müseyib İlyasov, A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Mais Əmrahov, BDU-nun kafedra müdiri, dosent Məmmədağa Baxışov, Ukrayna Kadrları İdarəetmə Regionlararası Akademiyasının professoru Azad Ömərov, Xarkov Milli Radioelektronika Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Murad Ömərov və digərləri Azərbaycanda orta təhsilin tarixindən, problemlərindən bəhs ediblər, Köhnəbazar kənd tam orta məktəbinin Kürdəmir rayonunda fəaliyyət göstərən 43 tam orta məktəb arasında xüsusi yer tutduğunu bildiriblər.
Tədbirdə Nuralı İsmayılovun “140 yaşlı Köhnəbazar məktəbi” kitabının təqdimatı xüsusi maraqla qarşılanıb.
Daha sonra Nuralı İsmayılov, Elnurə Eminbəyli, İntiqam Cəbrayılov, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri Yaqut Bahadırqızı, Tofiq Abdullayev, Yadigar Təvəkkül, Şəhla Yunusova, Pənah Bəkirov, Müseyib İlyasov, Şəlalə Əbil, Badam Şirəlizadə, Ramazan Tağıyev müxtəlif mövzularda məruzə ilə çıxışlar ediblər.
Konfransın fəxri qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid çıxış edərək qocaman təhsil ocağının 140 illik yubileyinə həsr olunmuş vebinar konfransın təqdirəlayiq hadisə olduğunu bildirib, məktəbin kollektivinə və bütün məzunlarına uğurlar arzulayıb.
Məktəbin məzunlarından - tanınmış şairə Zemfira Əliş qızı (Zərbalıyeva), Vüqar Məmmədov (məzun, Kanada), Ülviyyə Məmmədova (Almaniya) və digərləri Köhnəbazar məktəbi və müəllimləri haqqında öz xatirələrini bölüşüblər.