
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira FUAD
logiya elmləri doktoru
***
Elyad MUSƏVİ
1985-ci ildə Salmas şəhərində dünyaya göz açıb. İlk və orta məktəbi həmin şəhərdə bitirib. Sonra təhsilini Tehran universitetində Antropologiya ixtisası üzrə davam etdirib və burada magisturaturanı da tamamlayıb.
Gənc yaşlarından ədəbiyyat və şeirə böyük maraq göstərib. İlk qələm təcrübələri ilə "Şəhriyar" və "Alma" şeir festivallarına qatılıb və birinci yeri qazanıb.
Şeirlərindən örnəklər ölkə dışında, o cümlədən, "Qardaş qələmlər" dərgisində çap olunub. Tənqid, araşdırma və təhlil yazıları da bir çox dərgilərdə yayınlanmaqdadır.
Səssiz otağını hansı evin,
Mənsiz yatağını hansı otağın,
Gizli qucaqladığındandı
Gecənin səsində bu hız...
Axı hərdən də şor baxışları var acı Təbrizin,
Dadımsamışam bunu,
Tək tümənə dəyməz...
Xiyabanlarda
sən çıxmayacaqsanmı qarşıma?
Bəs nədən ayaq səsin gəlir?
Nədən ürəyim çalınır?
Nədən tutulur dilim?
Yox, ağlamadım.
Dəsmalın əsdirdi ürəyimi...
Yatağımın ağ çiçəklərini boyadı,
Bu əsimdəndi boyluluğu bağların,
Calandı alma alma,
heyva desəm, yox...
Yelə dalğa-dalğa ləzgi öyrədən
dəsmalını əyil götür,
Söz olmasın deyə
sil gözümün şorunu yanaqlarımdan...
Axıb dodaqlarımda dayan,
...Dayanma... Alma... alma...
Gəl gecəni as, qurusun şəritdə,
Nəfəs-nəfəs boğuluram
Tut əlimi əlinlə,
Ayağımla ayağını,
Alma-alma...
Min, atla məni, qurtar məni,
Bu cür otur, dur, otur, dur,
Alma-alma,
Nəfəs-nəfəs
Atul məni,
Tutul məni,
Atul tutul,
At tut!
Alma nəfəs, nəfəs alma,
Tut ol
Dodaqlarımdan yanağıma
şor-şirin dadı var sevginin
Əlləri, ayaqları var...
Onunla qəhvə içmək olur,
Adını səsləyəndə
"Bəli, canım!" deyir...
Canım deyir mənə,
dodaqları var
Adımı səsləyəndə,
gecənin o başından
eyni balışa baş qoyuruq...
Bu gecədən qaçmağa
isladır yanaqlarımı səsin...
Adımı səslə,
Səslə məni,
Səslə, yarat məni!
***
Anam güzgüdə gözəlliyinə baxır
Mən nəvələrimlə birgə
şahmata düzülmüşəm
Sənin 14 yaşın var
və göy geyiminlə
oxuldan dönəcəksən birazdan
Alfabetlə tütün yenicə kəşf olub
Şəhvətlə əl çəkmək olur sənin adına...
***
Qapıdan sonra
qol saatımı bağladım
Tozlu güzgüdə
ağ birçəklərini
qara ləçək altında
gizlədir
sənə oxşayan bir qadın
***
Dilim dolanır qapı-qapı,
Döyülür ürəyimə yumruqla...
[Qapı qonşudan pisdi,
Gəlmə buralara!
Dün gecə quyladıq ölüləri
gün batan yerlərində...
Sən bağışlanmayıbsan]
Dolanır başım
Dilim-dilim zamanı...
12...
3...
6...
9...
12... əəhh... yenə 12...
Yerimək
bucaqsızlığın eşiyində qurulur
Zaman saatın dışında
Düşür tablosuz yola
Sınır şüşəsi
(sınmaq səsi)
Gedir də getmək var
Gün çıxan olur
Gedir də çatmaq var
Günorta olur
Gedir də keçmək var
Günbatan olur
Gedir də getmək var
Gün çıxan
-əəhh yenə gün çıxan oluram
[ölülər özəl mahnılarıyla
daşa çevrildilər...
çal-oyna səsi ucaldır alt qatdan
qapıqonşu]
Pis mənim bağışlanmamağım...
Dilini dişlə,
söz atmasın...
Dolaşır ayaqlarıma
Düşürəm pillədən...
Çıxır qarşıma,
Gedir qabağımca...
Tıq taq tıq...
Bəsdi, yorma sözü, duraq
İndi qatar yetişər
saatın hesabına
Yoxsa mən dildən düşmüşəm
reylin arxasında
itib mahnılarım
***
Hansı qapıdan desəm
qonşunun qulağı
görünməyəcək dalından
və çıxmayacaq
gözəlliyini evdə itirən bir qız
Bax!
Qapınınkı çoxalmağına deyil
Yoxsa çalınmağına nə gəlib
(oğru-tülüdü qıtlığıdır?)
Döyəcək bir gün də o oğlan
sizin qapızı
və "tü dabana" qaçacaq...
"İndinin uşaqları
halsızdır" - atan deyir
Yoxsa kilid yerinə
saqqız da yapışdırardım
özüm şəxsən
Buyurun pıçıldaşın
Biz qulaqlarımızın daşını atmış
"Şeytana lənət"
Özümü sizdə itirdim
Anamı payız boyalarında
Yoxsa sırğasız da bilirdim
sevməkdən deyil
Sevinmək sevməməkdən gəlir
və xışşaxışla önümdən keçib
Qonşunun evində yatır namussuz
Güvənmə çoxluğuna
qapının
Bir üzü də bağlanmaqdır
Bağlanıb dalında qalmaqdır.
***
Əlimi çiyninə qoyub
kiçik adını səslirəm
Sən məni başa düşmürsən
mən sənin gözəlliyini...
Çatışmazlıq
Səni yaxınladır mənə,
məni səndən uzaqladan kimi...
Kilometrlər uzaqda,
Əlini qaldırırsan
çiyninə qonan quşu
qovmaq üçün...



