|
|
|
|
Ötən il İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75 illiyi tamam olduğu üçün "Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" adlı kitab nəşr edilmişdi.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və "Respublika Xatirə Kitabı"nın baş redaktoru Nəzakət Məmmədlinin rəhbərliyi ilə hazırlanan nəşrin təqdimatı isə pandemiya səbəbindən keçirilməmişdi. Nəhayət, dünən - aprelin 26-da Respublika Veteranlar Təşkilatında redaksiyanın əməkdaşları, təşkilatının şöbə müdirləri, media nümayəndələrinin iştirakı ilə kitabın təqdimatı baş tutdu.
"Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" adlı nəşr "Respublika Xatirə Kitabı"nın xüsusi buraxılışıdır. Kitabda 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakusda xarakterizə edilib. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər də nəşrdə yer alıb. Kitabdakı mətnlər oxuculara Azərbaycan və rus dillərində təqdim olunub.
Tədbirdə N.Məmmədli İkinci Dünya müharibəsi illərində xalqımızın həm arxa cəbhədə, həm də döyüş meydanında göstərdiyi şücaət barədə söhbət açıb. Baş redaktor bildirib ki, "Respublika Xatirə Kitabı" vaxtilə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və indiyə qədər 16 cildi işıq üzü görüb. N.Məmmədli bu mühüm nəşrin MDB-yə üzv ölkələrin hər birinə göndərildiyini deyib.
Daha sonra "Respublika Xatirə kitabı"nın redaktoru Hikmət Məlikzadə Azərbaycan xalqının döyüşkən ruhu və qəhrəmanlığı barədə öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşərək qeyd edib ki, bu kitabın ərsəyə gəlməsi çox təqdirəlayiq haldır: "Bu nəşr İkinci Dünya müharibəsində canından keçən Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsinə bir yaddaş salnaməsidir, kitab böyük bir tarixi özündə əks etdirir".
Respublika Veteranlar Təşkilatının şöbə müdirləri Adil Haqverdiyev, Bəhram Zahidov və Telman Babayev, N.Məmmədli başda olmaqla, "Respublika Xatirə kitabı" redaksiyasının bütün əməkdaşlarına təşəkkür edərək nəşrin önəmini vurğulayıblar. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın veteranları daima diqqət mərkəzində saxladıqlarını, onlara xüsusi qayğı ilə yanaşdıqlarını minnətdarlıqla dilə gətiriblər.
Nadir RZALI