|
|
|
|
Hüquqdan, standartdan, metodikadan kənar distantın gətirdiyi problemlər. Dərhal qeyd etmək istərdim ki, UNEC tələbələrinin imtahan suallarının verilməsi ilə bağlı tələbləri ədalətsiz və doğru olmayan yanaşmadır. Mən gözləyirdim ki, tələbələr tamam başqa məzmunda tələblər irəli sürəcək.
Əslində, UNEC rəhbərliyi, çox güman ki, belə müqavimətin olacağını proqnozlaşdırırdı. Çünki bu məsələni rəhbərlik UNEC İctimai Şurasına da çıxarmışdı. Yəni, rektor qabaqcadan İctimai Şuranın da mövqeyini öyrənmək istəmişdi.
Yeri gəlmişkən, Şurada bu istiqamətdə ciddi müzakirələr gedib, UNEC rəhbərliyinin mövqeyi dəstəklənib. Sadəcə, Şura üzvü olaraq mənim bu məsələdə mövqeyim bir qədər fərqli olub. Əlbəttə, sualların və ya cavabların verilməməsi tələbələr üçün əlavə bir yükdür, əlavə əzab-əziyyətdir. Daha çox oxumaq, daha çox zaman tələb olunacaq. Amma keyfiyyətli təhsil üçün, keyfiyyətli bilik və bacarıqlar üçün bunlar zəruridir.
UNEC də tədrisin keyfiyyəti və qiymətləndirmə istiqamətində uzun müddət aparılan işlərin məntiqi yekunu olaraq, məhz keyfiyyətli təhsil baxımından belə bir addım atıb. Ola bilər ki, distantın yaratdığı diskomfort mühit Universitetlər üçün də keyfiyyətli təhsil baxımından əlavə-gözlənilməz problemlər yaradıb.
Təəssüf ki, hökumət, Təhsil Nazirliyi zamanında distantla bağlı tənzimləməni, metodiki və texniki-texnoloji standartları müəyyən etməyib. Əslində, biz indi dolayısıyla məhz bu məsələlərin zamanında həll edilməməsinin ağrısını yaşayırıq.
Amma nəzərə almaq lazımdır ki, UNEC az sayda universitelərdən biridir ki, məhz distantın keyfiyyətini qaldırmaq üçün əlavə xeyli investisiyalar yatırıb. Bu qədər islahatlar aparmaqla, bu qədər investisiyalar yatırmaqla universitetdə təhsilin keyfiyyətini qaldırmaq istiqamətindəki addımları təqdir etmək və dəstəkləmək daha doğru olardı.
Fikrimcə, tələbələrin distantın keyfiyyəti və mahiyyəti, tələbələr və müəllimlər üçün internetin əlçatanlığı və keyfiyyəti ilə bağlı müzakirələr açıb Universitetə və hökumətə təkliflər verməsi daha məntiqli olardı.
Yuxarıda qeyd etdiyim fərqli mövqe də məhz bu istiqamətdə olub. Fikrimcə, tələbələrin günahı olmadan, mövcud pandemiya səbəbindən qaynaqlanan keyfiyyətsiz, standartlardan, hüquqdan və metodikadan kənar distant və texniki-texnoloji problemlər səbəbindən tələbənin yekun balında imtahanın xüsusi çəkisinə yenidən baxılmalıdır.
Bildiyim qədər UNEC-də növbəti mərhələdə bu istiqamətdə dəyişikliklər gözlənilir.
Material müəllifin Feysbuk səhifəsidən götürülüb.