İyulun 28-də Prezident elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Bu Fərmana görə AMEA-nın elmi institutları və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Fərmana görə, nazirlik bu qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini hökumətə təqdim etməlidir.
Hazırda ciddi maraq doğuran məsələ məhz nazirliyin tabeliyinə verilən elmi institutların fəaliyyətinin necə səmərəli qurulmasıdır .
Son zamanlar aparılan müzakirələrdən, Prezidentin yuxarıda adı çəkilən fərmanından və "Azərbaycan -2026" Strategiyasından belə qənaətə gəlmək olar ki, nazirlik qısa müddətdə tabeliyindəki elmi institutları fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək.
Yəni, məsələn, düşünmək olar ki, artıq nazirliyin tabeliyində olan İqtisadiyyat İnstitutu UNEC tabeliyinə, Riyaziyyat və Mexanika İnstitutu BDU-nun tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika İnstututu AzTU tabeliyinə, Neft və Qaz İnstitutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər.
Son zamanlar nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya yönümlü, araşdırma istiqamətində fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin, universitetlərin bir çoxu universitet- sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar.
Düşünmək olar ki, nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə üstünlük verəcək.
Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat yönümlü, innovasiya yönümlü fəaliyyət çox zəif olduğundan düşünürəm ki, yeni yaradılan Elm və Ali Təhsil Agentliyi də bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməli olacaq.
Yeri gəlmişkən, güman ki, hazırda bir çox universitet rəhbərləri hansı elmi institutların onlara birləşdiriləcəyini də səbirsizliklə gözləyirlər.
Amma düşünmək olar ki, bu proseslər ağrısız da ötüşməyəvək. Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir.
Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı.
Təbii ki, yeni yanaşmalara görə elmi institutlarda aparılacaq optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər. Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə nazirilik tərəfindən təyin olunması da məntiqli və ağlabatan olardı.
İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adı çəkilən Strategiyada elm və təhsilin inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək və sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər müəyyənləşdirəcək.