Qış olub üstümə niyə gəlmisən?..
Soldurub bağını, töküb barını,
Daha şuxdan salıb yarpaqlarını,
Soldurub o çiçək yanaqlarını
Qış olub, üstümə niyə gəlmisən?
Sən adlı o xanım-xatını mənə,
Vermədin öz şahlıq taxtını mənə.
Qıymadın gül-çiçək vaxtını mənə,
Qış olub üstümə niyə gəlmisən?..
Məni həsrət qoyan ilk bəhərinə
İndi gəlib məni yadamı salıb?!
Gözünün alovu özgələrinə,
Saçının qırovu mənəmi qalıb?
Qış olub üstümə niyə gəlmisən?
Gözəllik - neylədin o bəxşişini,
Gəlmisən, bəs kimə bəxş etdik onu?
Nə bildin taleyin göndərişini
Qaytara bilmirəm, nə bildin bunu?
Nə bildin mən bir az ürəyi kövrək,
Qadın baxşında mütiyəm, lalam.
Nə bildin o həsrət məni əyəcək,
Nə bildin səninçin keçilmiş yolam.
Qış olub üstümə niyə gəlmisən?..
Ağlayan hirsimi soyutmağamı,
İncik ürəyimi uyutmağamı?..
Təkəbbürlü xanım, a nazlı xanım,
Yox, yox, yalvarışı saxla, sən Allah.
Bu yazıq baxışı saxla, sən Allah.
Di yaxşı, bu dili, bu fəndi saxla,
Dilinin altında o qəndi saxla.
Gücün var - keçəni qaytar, soraqla,
Qış olub üstümə niyə gəlmisən?..
Nə dedin?... Ah, bu nə yanıqlı sözdü!
Bir dayan, gözündə bu nə torandı…
Ah, mənim ürəyim nə ikiüzlü,
Vüqarımı necə yerə vurandı! -
Bacara bilmədim, özümlə, heyf!
Qış olub üstümə niyə gəlmisən?
***
SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜRƏYİM
Elə öz sinəmdə yandı gileyim,
Həmişə belədir mənim taleyim.
Qonum-qonşu ayıq düşəydi gərək,
Evdəkilər ayıq düşəydi gərək,
Mənim taleyimə əsdi bu külək
Sındı çilik-çilik, sındı pəncərən.
O həyəcanda sən,
Bu əzabda mən.
Şüşələr salındı, çəkildi pərdə,
Pəncərənin gözü qaraldı bir az,
Amma o atəşli gözlərlə bir də
Bu təzə gözlərə baxmağım olmaz.
Bir bitməz sevdaya qarışdı başım,
Elə öz sinəmdə yandı gileyim.
Sənin pəncərəndə sındı baxışım,
Sənin pəncərəndə sındı ürəyim.
Nigaran baxışı bir də sal yada,
Güzgü qıtlığında gəlin nənələr
Yorğan arasında, taxça, boğçada
Bir güzgü qırığı saxladığı tək
Sən də o qırığı saxla eləcə.
Saxla bir məhəbbət sınığı kimi,
Saxla bir ürəyin qırığı kimi.
Mən də boylanıram,
Bir boylan yenə,
A mənim təsəllim, bax pəncərənə.
A mənim ümidim, bax pəncərənə!
Həmişə daynıb bax deyirəmmi?
Günəş qütblərə baxdığı kimi,
Bahar bir quzeyə baxdığı kimi,
Yağış bir səhraya baxdığı kimi,
Heç olmasa belə bax pəncərənə,
Elə bir baxışın bəs edər mənə.
Divarda kölgən var,
Ona baş əyim,
O sənin qamətin, sənin boyundur.
Sənin pəncərəndə mənim ürəyim,
Bir azca yaxın dur onu ovundur.
Qərarı da çatar, səbri də çatar,
Sübh ilə oynayıb, gün ilə batar.
Kəsib ümidini büzüşüb yatar
Sənin pəncərəndə mənim ürəyim.
Aldanar öz uşaq təbiətiylə,
Qeybdən var olan tunc sifətiylə.
Gözləyər bir leylək sədaqətiylə
Sənin pəncərəndə mənim ürəyim.
Hələ o qütbdə buz lülə-lülə,
Hələ k, o quzey həsrətdir gülə.
O səhra bəs haçan bürünər tülə
Sənin pəncərəndə mənim ürəyim.
O sevda gülünü qucarmı görən.
Bir yol pərvazlanıb uçarmı görən?
Bu yaz çiçəklənib açarmı görən
Sənin pəncərəndə mənim ürəyim?!