
Mayın 14-də Naxçıvan şəhərindəki "Saat meydanı"nda, tanınmış yazar Təranə Arifqızının kitablarının təqdimatı keçirilib. Naxçıvan ədəbi mühiti və ictimaiyyət nümayəndələrinə şairin son aylarda nəşr olunan "Qarabağda 44 gün", "İçimdəki səs" və "Sözün bayatı rəngi" adlı kitabları təqdim edilib.
Giriş sözü şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlidən gəlib: "Naxçıvan ədəbi mühiti işıqlı simaları, istedadlı şairləri, yazıçıları ilə hər zaman seçilib. O cümlədən, Naxçıvan görkəmli qadın şairləri ilə də tanınıb. Qönçəbəyim, Aşıq Nabat, Heyran xanım, Kəmalə Ağayeva, Güllü Məmmədova, Rəhilə Elçin və başqa qadın şairlərimiz öz imzaları ilə zaman-zaman öz sözlərini deyiblər. Bu gün üç kitabının təqdimat mərasiminə yığışdığımız Təranə Arifqızının yaradıcılığı özünəməxsusluğu ilə seçilir. Təranə xanım qələmini həm hecada, həm də sərbəst vəzndə sınayıb və gözəl poeziya nümunələri yaradıb. Həmçinin, dövrün nəbzini tutaraq hər bir mövzuya qələmilə münasibət bildirən şair fəlsəfi fikirlərinə ayna tutan "İçimdəki səs", qırx dörd günlük Vətən müharibəsini hərtərəfli əhatə edərək vətənpərvər poeziya nümunələrinin yer aldığı "Qarabağda 44 gün" və folklorumuzun bir qolu olan bayatılara yeni, fərqli cinaslı bayatılar yazıb əlavə etməklə ərsəyə gətirdiyi "Sözün bayatı rəngi" kitablarını bu gün cəsarətlə oxucularının qarşısına çıxarıb".
Şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Yurdoğlu T.Arifqızının yaradıcılığındakı rəng çalarlarından, bayatı yaradıcılğından söhbət açıb.
Tanınmış yazar Hədiyyə Şəfaqət müəllifin nəsr yaradıcılığına toxunub. Onun hələ kitab halında oxucularının ixtiyarına vermədiyi maraqlı hekayələrində əsl yazıçı ruhunun olduğunu bildirib. Nəsrə daha böyük diqqət ayırarsa, yeni-yeni gözəl, düşündürən əsərlər yazacağına inandığını qeyd edib.

Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov, Xalq artisti Həsən Ağasoy, Əməkdar artist Elmira Kərimova, şairlərdən Kirman Rüstəmli, Natiq Əlisoy, Şükür Qafar, "Cahan" Holdinqin mətbuat katibi Ulduz Əliyeva, rəssam Səriyyə Əkbərova və digər iştirakçılar da T.Arifqızının yaradıclığı haqqında fikirlərini bölüşüb, şeirlər səsləndiriblər.
Sonda T.Arifqızı tədbir iştirakçılarına minnətdarlığını bildirib, son yazdığı şeirlərindən söyləyib, oxucuları üçün kitablar imzalayaraq onlara hədiyyə edib.



