
525.az-a verilən məlumata görə, kitab bu tədqiqatın əsas müddəalarını türkologiya elmi üçün uğurlu bir addım və gərəkli bir araşdırma hesab edən akademik Möhsün Nağısoylunun ön özü ilə çap olunub. Türkiyəli türkoloq, böyük alim professor Əhməf Bican Ərcilasunun yüksək qiymətləndirdiyi əsərdə türk xalqlarının əlifba məsələləri, müstəqil türk respublikalarında əlifba islahatları istiqamətində görülən işlər, xüsusilə də XX əsrin əvvəlindən bu günə kimi əlifba və imla məsələləri sahəsində gedən proseslər araşdırılmışdır.
Kitabda türklər arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba və imla prob-lemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq olunmuşdur. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapmışdır. Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər.
Türk dünyasının iqtisadi-siyasi və mədəni əlaqələrinin gücləndiyi, müstəqil türk respublikalarının latın əlifbasına keçid prosesini sürətləndirdiyi bir vaxtda bu əsərdə işlənən mövzular ortaq əlifba və imla məsələlərinin əhəmiyyətini bir daha diqqətə çatdırır. Müəllif III fəsli bütövlükdə türk xalqları arasında ortaq ünsiyyət dilinin zəruriliyi məsələlərinə, ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər və onların aradan qaldırılması yollarına həsr etmişdir ki, bu da bugünkü vəziyyətin dəyərləndirilməsi və gələcək perspektivlərin müəyyən edilməsi baxımından son dərəcə önəmlidir. Əlbəttə ki, Türk dünyasının gələcək birliyi yolunda atılan hər addım qiymətlidir, ancaq bu yolda bir alimin ortaya qoyduğu araşdırma təkcə elmi dəyəri ilə seçilmir, həm də bu binanın bünövrə daşlarını meydana gətirir.



