Orta əsrlərdən sonra dünya fərqli bir yer olmağa, insanlıq tamamilə dəyişməyə başlamışdı. O dövrdə, xüsusilə, elmi tərəqqilər insanlara sehr kimi gəlirdi. Amma tibb dünyası, sanki keçmişdə ilişib qalmışdı. Ağrılı müalicələr, effektsiz üsullar və yenilənməyən sağalma texnikaları insanların qorxulu yuxusu kimi idi. İnsanlar, demək olar ki, ölməkdən çox, xəstələnməkdən qorxurdular.
Amma bir şey ümid vəd edirdi. Daha doğrusu, bir həkim. Anton Mesmer.
Mesmer, sadəcə əllərindən istifadə edərək, xüsusi bir enerji ötürməklə müalicə üsulu tapdığını iddia edirdi. Bəlkə də elə bir şey kəşf etmişdi ki, bütün insan anatomiyasında kilid nöqtəni tapmışdı. Mesmerin şöhrəti hətta o qədər yayılmışdı ki, Fransa kraliçası Maria Antoinette də onun müalicə etdikləri sırasında idi.
Frans Anton Mesmer Vyana Universitetinin Tibb fakültəsindən məzun idi. İlk başlarda yaranışdan bəri mövcud olan qüvvələrə maraq göstərirdi. Bu mövzuda bir çox araşdırmalar aparan Mesmer enerjinin insanları hər cür idarə edə bilən bir qüvvə olduğu qənaətinə gəlməyə başladı. Canlılardan yayılan bir sıra enerji titrəyişləri və axını barədə əldə etdiyi bilgilər sayəsində elmi məqalələr yazan Mesmer xəstələrinə öncə xüsusi hazırladığı dəmir daşları diri-diri uddurur və maqnitlərdən istifadə edərək daşların hərəkətini izləyirdi. Əlləriylə etdiyi maqnit müalicələrinin uğurlu olduğunu düşünərək, Fransa Elmlər Akademiyasına müraciət edərək bu üsulun təsdiqlənməsini istədi. Onun bu təklifi dəfələrlə rədd edildi.
Aldığı rədd cavabları onu daha çox həvəsləndirdi. Mesmer artıq birbaşa fransız xalqına xitab edirdi. Bir çox insan xəstəlikləri səbəbilə onun yanına gəlməyə başlamışdı. 1780-ci illərdə təqribən 3000 nəfər xəstə ondan müalicə almaq üçün sırada dayanmışdı.
Mesmer müalicə üsullarını getdikcə püxtələşdirirdi. İnsanları bir otağa toplayıb, xəstəni hər kəsin gözləri önündə müalicə edirdi. O an arxa fonda bir musiqi səsinin insanları daha çox rahatlatdığını düşünürdü. Müalicəvi seanslar zamanı qışqıranlar və özündən gedənlər də olurdu. Artıq bir nöqtədən sonra, seanslar sanki fərqli bir mahiyyət qazanmışdı. İnsanlar onun yanına elə bil, müalicə almaq üçün yox, zövq almaq üçün gəlirdilər. Sanki aludəçi idilər, hipnoz altında olan əsirlər kimi...
İşlər çıxılmaz bir nöqtəyə çatmışdı. Mesmerin qrup seansları Parisdə o illər populyar olmuşdu. Həmin illərdə falçı kimi tanınan Mesmer bu dəfə Fransanın böyük elm adamı Benjamin Franklinin hədəfinə tuş gəldi. Franklin Mesmeri araşdırmaq üçün bir komanda qurdu. Komanda araşdırmalar nəticəsində Mesmeri "şarlatan" adlandıraraq ölkədən qovdu. Ona "saxtakar" damğası vurulmuşdu.
Bəs bu, nə dərəcədə doğru idi? Müalicə alan onlarca insan necə sağalmışdı?
Hər şey pis sonluqla bitsə də, bu sadəcə, hekayənin başlanğıcı idi - hipnozun ortaya çıxmasındakı başlanğıc.
Hipnoz bir növ süni yuxu və ya yuxululuq-ayıqlıq arası bir vəziyyətdir. Ruh və bədən münasibətinin yumşaldılmasından sonra insanlar sanki yuxudaymışlar kimi idarə oluna bilirlər və buna qarşı reaksiya verirlər. Bunu yuxuda olanda yaşadıqlarınızı gerçəkmiş kimi hiss edərək, bədəninizin müəyyən reaksiyalar verməsi kimi də başa düşmək olar.
1900-cü illərdə Mesmerin texnikasından istifadə edən, hətta onu inkişaf etdirənlər də oldu. Onlardan biri də Ziqmund Freyd idi. Freyd hipnozu "ikinci zehin" adlandırırdı. Xəstələrini rahatladaraq onların zehinlərinə girməyə çalışırdı. Məhz həmin nöqtədə onlarla danışmağa başlayırdı. Yaşanılan bütün psixoloji problemlərin uşaqlıqdakı travmalardan qaynaqlandığını düşünürdü. Onun fikrincə, bütün problemlər cinsi durumlarla bağlı idi. Freyd konfranslarından sonra məsləkdaşları tərəfindən məsxərə mövzusuna çevrildi. Amma bir çoxu ondan və Mesmerdən çox şey öyrənmişdi.
Hipnoz edən şəxsin verdiyi təlimatlarla altşüur yenidən formalaşmağa başlayır. Beyin özünü verilən təlimatlara görə hazırlayır və insanlara bunu gerçəkmiş kimi hiss etdirir.
Seanslardan birində insanlara çox soyuq bir şəraitdə olduqları təlimatı verilir. Altşüurda temperatur aşağı düşdükcə insanlar daha çox üşüdüklərini düşünürlər.
Dövrümüzdə hipnozun gücünü isbat etməyə çalışan insanlardan biri də Yan Bekerdir. Beker sanki hansısa yolla insanların yaddaşları ilə oynamağı bacarır, onların yaddaşını qarışdırır. Seanslarından birində bir izləyicisindən soruşur:
- Betina, adını deyə bilərsənmi?
Bu sırada Betina sadəcə gülür. Konfransdan sonra "adımı unutduğumu deyə bilmərəm, sadəcə həmin an dodaqlarımın arasından çıxara bilmədim" deyən Betina, insanlarda təəccüb doğurur.
Bu şey, əslində, daha öncə adını bildiyiniz bir şeyi yaddaşınızda tapmağa çalışmağa bənzəyir. Siz onu bilirsiniz, hətta dilinizin ucundadır, amma heç cür xatırlaya bilmirsiniz. Bunu, demək olar ki, hər kəs yaşayıb. Betinanın başına gələn də məhz həmin vəziyyətdir. Fərq burasındadır ki, o, həmin duruma başqa bir insanın təhriki ilə düşüb.
İnsan beyni çox həssas bir quruluşa malikdir. Bütün duyğularımız, xəyal gücümüz, bacarıqlarımız bu bağlı qutunun içərisində gizlənir. Bu qutunun mütləq bir açarı olmalıdır. Kim bilir, bəlkə də, həqiqətən kimlərsə bu qutunun açarını tapa bilir.