“Greencard” ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. “Greencard” aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və bu ölkəyə daimi vizasız rejimdə girib çıxmaq hüququ əldə olunur. “Greencard” sahibi olan istənilən şəxs Amerika vətəndaşı ilə eyni hüquqlara malikdir.
Hər il müraciət edən yüz minlərlə şəxs içərisindən 50 min nəfər qalib olur və onlar ABŞ-a leqal formada köçə bilirlər. Proqramda seçimlər komputer vasitəsilə təsadüfi şəkildə aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar qoyulmur.
Bu proqramın əsas məqsədi ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq, eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşları hesabına aradan qaldırmaqdır.
Ancaq hərdən də elə olur ki, belə bir fürsət əllərinə keçməsinə baxmayaraq, insanlar həmin fürsəti, necə deyərlər, geri çeviri -əllərinin tərsi ilə itələyə bilirlər.
Bəs yüz minlərlə şəxs içərisindən seçilmiş bir insan ABŞ-a getməkdən hansı səbəblərə görə imtina edə bilər?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nofəl Ümidin cavabı belədir:
- 2018-ci ildə qeydiyyatdan keçdim və 2019-cu ildə qalib oldum. Sənədlərimin demək olar ki, böyük bir hissəsini hazırlamışdım, getmək üçün çox həvəsli idim. Dil biliyim olmasa da, qəti qərar vermişdim. Düzdür, evdə valideynlərim ölkəni tərk edib tanımadığım bir yerdə tək yaşamağıma razı deyildilər. Amma mən həqiqətən israrlı idim. Sadəcə oğlumu yola gətirə bilmədim. Məndə plan belə idi ki, gedib 4-5 ay işlədikdən sonra qayıdıb oğlumu da özümlə aparmaq istəyirdim. Amma oğlumu buna razı sala bilmədim. O heç cür qəbul edə bilmədi getməyimi. Oğlum zəif yerim olduğuna görə də mən getmədim. Çox istəsəm də, artıq xaricdə yaşamaq düşüncəsinə son qoymuşam. Çox güman ki, belə bir təklif gəlsə, yenə imtina edərəm. Bizi başqa ölkəyə çəkib aparan ən çox iş imkanlarının geniş olmasıdır. Düşünürəm ki, bunu öz ölkəmizdə də əldə edə bilərik. Hər şey insanın özündən asılıdır. İş qabiliyyətin varsa, niyə də onu burada dəyərləndirməyəsən?
Azərbaycan Yazıçılar Biriyinin üzvü, şair İntiqam Yaşar "Greencard" qazandığı halda gedə bilməməyinin səbəbini yerli nümayəndəliyin məsuliyyətsizliyi ilə əlaqələndirir:
- Mənim gedə bilməməyimin səbəbi, əslində, imtina yox, Azərbaycandakı nümayəndəliyin məsuliyyətsizliyi oldu. Anketi düzgün doldurmamaqlarına görə gedə bilməmişdim. Amma sonradan ABŞ-da elə hadisələr baş verdi ki, gedə bilmədiymə görə sevindim. Bu, gerçəkdir, hər şeyin yaxşı tərəfinin olması ilə bərabər, həm də pis tərəfi var. Həm də düşünürəm ki, ora texniki sahədə fəaliyyət göstərənlər üçün daha çox uyğundur, nəinki humanitar sahədə. Təbii ki, "Greencard" ABŞ-a getməyin yeganə yolu deyil, amma müəyyən sahələrdə fəaliyyət göstərən insanlar üçün şübhəsiz ki, çox yaxşı fürsət sayıla bilər.
Ölkəmizdə də populyarlaşan və hər il minlərlə iddiaçısı olan bu kart üçün müraciətlər həddindən artıq çoxdur. Aydın məsələdir ki, müraciətin çoxluğu ABŞ-a həqiqətən getmək istəyən hansısa bir şəxsin seçilmək ehtimalını qat-qat azaldır. Düşünürəm ki, sonradan imtina etmək ehtimalı olan heç kəs bu kart üçün müraciət etməməlidir. Çünki öncədən müəyyən plan tərtib olunur və bu kartın verilməsi prosesi həmin plandakı sayı aşmamaq şərti ilə tətbiq edilir. Kimsə sonradan imtina etdiyi halda isə yaranmış boşluq təzədən başqası ilə doldurulmur.
Mənim üçünsə "Greencard" ünvanına göndərilən zərfdə gözlənilmədən qalib gəldiyini öyrəndiyin zaman səni çox sevindirsə də, sonradan doldurmalı olduğunu öyrəndiyin anketin sayı, 435 dollarlıq ödəniş, adına bank hesabı açıb həmin hesabda minimum 5000 dollar məbləğ göstərmək məcburiyyəti, müsahibə üçün ölkədəki nümayəndəliyə getmək və qaliblər siyahısında olsan belə, müsahibədən keçə bilməmək ehtimalı, hər 6 aydan bir ölkəyə daxil olmasan, kartın ləğv edilməsi kimi şərtləri öyrəndikdən sonra insana "qazandım, amma görəsən vazkeçimmi?" dedirdən yaşılımtıl kartdan başqa bir şey deyil.