|
|
|
|
Bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib.
525.az xəbər verir ki, imtahandan əvvəl Azərbaycan Mətbuat Şurasının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mövzular seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb.
MŞ sədri Əflatun Amaşov mövzuların kifayət qədər əhatəli olduğunu vurğulayıb. O bildirib ki, 2014-cü ildən ali məktəblərin jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilir. “Həqiqətən də jurnalistika xüsusi qabiliyyət və istedad tələb edən sahədir. Sahə eyni zamanda strateji əhəmiyyətlidir. Ölkənin informasiya təhlükəsizliyi, cəmiyyətin düzgün yönləndirilməsi kimi mühüm məsələlər var. 44 günlük Vətən müharibəsində də medianın önəmi bir daha vurğulandı. Buna görə jurnalist təhsili məsələsi son dərəcə vacibdir. Qəbulda qabiliyyət imtahanı isə bu vacibliyin təmin edilməsinin ilkin, eyni zamanda son dərəcə həssas mərhələsidir”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul üçün keçirilmiş qabiliyyət imtahanlarında ümumilikdə 700-dən çox abituriyent iştirak edib. Mətbuat Şurasının və Dövlət İmtahan Mərkəzinin birgə ekspert qrupu tərəfindən onların mövzular üzrə yazı işləri qiymətləndiriləcək. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın günlərdə açıqlanacaq.
***
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək.
DİM-dən 525.az-a verilən məlumata görə, imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahanda 760 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (Buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
Yazı işi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.