|
|
|
|

Məlum olduğu kimi, "Füzuli" Beynəlxalq hava limanında test uçuşları həyata keçirilir. Hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə həyata keçirilən uçuşlar avqustun 20-də başlayıb. Bu proses avqustun 25-də tamamlanacaq. Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir. Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) - hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.
44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdə hazırda 3 aeroportun tikintisi həyata keçirilir. Bunlar Füzuli, Zəngilan və Prezident İlham Əliyevin bu il avqustun 16-da təməlini qoyduğu Laçın beynəlxalq hava limanlarıdır. Xatırladaq ki, Füzuli rayonunda beynəlxalq hava limanının təməli cari il yanvarın 14-də, Zəngilanda isə aprelin 26-da qoyulub. İşlər maksimum sürətlə aparılır. Dövlət başçısının sözlərinə görə, Zəngilan hava limanını 2022-ci ildə istifadə vermək mümkün olacaq.
Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasında mühüm rol oynayacaq. Bu hava limanları həm yüklər, həm sərnişinlərin daşınması ilə məşğul olacaq, eyni zamanda, hərbi məqsədlərə xidmət edəcək. Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Bu ərazilərdə beynəlxalq hava limanlarının tikintisi və istifadəyə verilməsi işğaldan azad edilən ərazilərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bölgələrdə turizmin inkişafını sürətləndirəcək, xarici turistlərin səfərlərini situmullaşdıracaq.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Füzuli aeroportu regionda ən qısa zamanda inşa edilən Beynəlxalq Hava limanlarından biridir. Bu ilin əvvəlində inşaatına başlayan hava limanında artıq gələn ay ilk uçuşları həyata keçirmək mümkün olacaq. Deputat vurğulayıb ki, hava limanına bu ilin may ayında səfər zamanı işlərin intensivliyini müşahidə etmişdik:
"Bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib. Cəmi 4 aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. Qeyd edim ki, hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərən terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək".
Onun sözlərinə görə, Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq: "Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur, Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir".
V.Bayramov xatırladıb ki, 1993-cü ilin bu günü Füzuli şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunaraq 27 il işğal altında saxlanıldı: "Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 2020-ci il oktyabrın 17-də işğaldan azad olunan Füzuli rayonu artıq bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Və tezliklə Qarabağ səmasında havaya qalxan təyyarələr beynəlxalq uçuşlar həyata keçirəcəklər".
PƏRVANƏ



