
"Gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik".
525.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada başlayan Vaqif Poeziya Günlərinin açılış mərasimindəki nitqi zamanı söyləyib. İlk olaraq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət başçısı tədbirdə çıxış edib. Çıxışı zamanı Prezident Şuşanın tarixindən söz açıb:
"Şuşa Azərbaycan şəhəridir. Hamımız yaxşı bilirik ki, Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoymuşdur. Gələn il biz Şuşann 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bilib. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı və bizi gözləyirdi. Biz gəlməli idik və biz gəldik! Döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədəkarlıq göstərərək gəldik. Gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Bu qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi. Biz qələbə əldə edərək düşməni öz diyarımızdan qovduq, şəhərlərimizi, doğma Şuşamızı azad etdik və bu gün Şuşa artıq dirçəlir. Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır.
Müharibədən sonra mən ilk dəfə Şuşaya bu ilin 14 yanvar tarixində gəlmişdim. Bu tarix təsadüfən seçilmədi. Çünki bu tarixdən 39 il əvvəl burada Ulu öndərin iştirakı ilə Vaqifin məqbərəsinin açılışı olub. Məhz 14 yanvarda mənim buraya gəlməyimin çox böyük rəmzi mənası vardı. İlk səfərimdə buraya gələndə birinci göstərişim o oldu ki, məqbərə bərpa edilsin. Çünki vandallar məqbərəni dağıtmışdılar. İçərisində Vaqifin barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər. Necə ki, bütün azad edilmiş torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start verdik".
Şahanə Müşfiq



