Azərbaycanda yeni tədris ili üçün ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlər üzrə işə qəbul olmaq və iş yerinin dəyişdirilmək istəyən müəllimlər üçün ərizə qəbulunun tarixləri müəyyənləşdirilib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmr imzalayıb.
Əmrə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" və digər müvafiq sənədlər təsdiq edilib.
Əmrə əsasən, müvafiq qurumlar mayın 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etməlidirlər. Əmrə görə, 1-10 iyun tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu aparılacaq.