
Azərbaycan hər zaman qonşu dövlətlərlə dost və mehriban münasibətlərin tərəfdarı olduğunu bəyan edib. Həm də bunu təkcə sözdə ifadə etməyib, həmçinin, öz əməli addımları ilə göstərib. 44 günlük Vətən müharibəsində ölkəmizin böyük Zəfəri regionda yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycan dəfələrlə qonşu dövlətləri bu imkanlardan istifadə edərək, regional əməkdaşlığı gücləndirməyə çağırıb. Amma görünür, sözdə qonşu, dost olduğunu deyən bəzi ölkələr, daha dəqiqi İran bütün bunlardan “məmnun” qalmayıb. Əks halda, tarixi əlaqələrə malik yaxın qonşusunun, müsəlman dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, 30 illik işğala son qoyub, terrorçuları öz torpaqlarından qovmasından niyə narahat olsun ki?! Axı, İran hər zaman “müsəlman təəssübkeşi” kimi çıxış edib. Bu baxımından əslində, İran Azərbaycana görə də sevinməli idi, amma sevinə bilmədi. Çünki hər zaman dəstək olduğu, Qarabağın işğalının 30 il davam etməsinə münbit şərait yaratdığı, bütün iqtisadi dəstəyi verdiyi Ermənistanın məğlubiyyətini, Azərbaycanın qələbəsini həzm edə bilmir.
Faktlarla danışaq. İrandan ard-arda rəsmi şəxslərin, dindarların bəyanatları, hətta təhdid dilinə keçmək cəsarəti, Ermənistanla yüksək səviyyəli qarşılıqlı səfərlər, Baş nazir Nikol Paşinyanın İranı ölkəsi üçün “nəfəslik” adlandırması çox mətləblərdən xəbər verir. Onsuz da 30 illik işğal zamanı Azərbaycan torpaqlarında İranın və digər ölkələrin qanunsuz əməlləri barədə rəsmi Bakının məlumatları var idi. Bəlkə də, uzaq Avropanı başa düşmək olardı, qonşu İranı isə yox. Ermənilər öz yurd-yuvasını məcburi tərk etmiş azərbaycanlıların mülklərini sökərək iranlılara satmışdılar. İşğaldakı ərazilərdə dini abidələrin, məscidlərin dağıdılmasına, təhqir edilməsinə, donuz saxlanılmasına İran illərlə göz yumub. Hətta İrəvanadakı Göy məscidi təmir etdirib, farslaşdırıb, icarəyə götürməkdən belə çəkinməyib. Eynisi Şuşada da baş verib. İran şirkətləri Şuşadakı Yuxarı Gövhər ağa məscidini qanunsuz olaraq yenidən inşa edərək Azərbaycan üslubundan fars üslubuna "çevirdikləri" günlər isə artıq geridə qalıb.
İşğal müddətində Qarabağa qanunsuz yüklər daşınıb. Və təəccüblüsü budur ki, işğaldan sonra da buna son qoymayıblar. Azərbaycan tərəfi bu ilin avqustunda çox sayda İran yük maşınının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına qanunsuz keçdiyi barədə məlumat əldə edib. Təkcə iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşın (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib və çıxıb. Bundan sonra, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub, səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib. Ancaq ötən müddət ərzində İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün heç bir təsirli tədbir görməyib. Əvəzində ermənilərlə müxtəlif qaranlıq məsələlərdə əlbir olublar. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün o maşınlara erməni qeydiyyat nömrələri vurublar. Onlara elə gəlib ki, bu yolla öz hərəkətlərini pərdələyə bilərlər. Amma alınmayıb. Bu barədə Bakının əlində konkret foto-sübutlar var.
Azərbaycan tərəfi cavab olaraq ən yüksək səviyyədə bildirdi ki, qonşu ölkə kimi istənilən xoş münasibətə hazırdır, ancaq bizimlə təhdid dilində danışmağı, düşmənlərimizə, xüsusilə Qarabağdakı terrorçu və separatçı ünsürlərə bu və ya digər formada dəstək verilməsini qəbul etməyəcək, bunun qarşısını almaq üçün lazımi addımlar atacaq. Bəli, ən yüksək səviyyədə lazımi tədbirlər görüldü.
Hər kəs bilməlidir ki, Azərbaycan 90-cı illərin çarəsiz Azərbaycanı deyil. Biz, Tehranın 1992-ci ildə Tehranda Qarabağ münaqişəsi müzakirə edilən zaman Şuşanın işğalını, işğal olunmuş ərazilərdə daşların belə iranlı işbazlar tərəfindən daşınıb aparılmasını, işğal dövründə Ermənistanla İran arasında iqtisadi əlaqələri, birgə layihələri, qarşılıqlı səfərləri, rəsmi şəxslərin bir-birinin ünvanına epitetlərini, tərifləri, müharibə dövründə İrandan Ermənistana silah-sursat, yanacaq və s. hərbi təyinatlı yüklərin daşınmasını, hətta müharibədən sonra belə, İrandan Qarabağa qaçaqmalçılıq yolu ilə yanacaq daşınmasını, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bir neçə gün əvvəl İrana tələm-tələsik baş tutan son səfərini, bir sözlə, heç nəyi unutmadıq.
Azərbaycan əraziləri işğal altında qaldığı 30 il ərzində bir dəfə də olsun təlim keçirməyən İranın işğaldan sonra sərhəddə təlimə başladığını da gördük. Haqlı sual yaranır: bəs indiyə qədər niyə təlim keçirmirdiniz? Bununla niyyətiniz nədir?!
Azərbaycan ərazilərinin işğalına görə, müsəlman ölkələri - Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti Ermənistanla diplomatik əlaqələr qurmadılar. Müsəlman aləmində yalnız İran qatı ermənipərəst siyasət yürüdərək bunu nümayişkəranə şəkildə, açıq-aşkar öz əməlləri ilə sübuta yetirdi. Həmin siyasətin nəticəsidir ki, bu gün dünyada İranın Ermənistandan başqa dostu yoxdur.
İran onu da unutmamalıdır ki, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin Tehrana qarşı istifadə etməsinə imkan verməyib, bu mövqe ən yüksək səviyyədə ifadə edilib. Həmçinin, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib və buna cəhd göstərənlər də layiqli cavablarını alıblar. İran rəsmiləri boş bəyanatlar vermək əvəzinə, öz yanaşmalarına yenidən baxmalı, regional əməkdaşlığa maneə yaratmamalıdır. Radikal yanaşmaların davam etməsi isə yalnız İran üçün mənfi fəsadlar törədə bilər.
PƏRVANƏ



