Səbail rayon İcra Hakimiyyəti rayon icra başçısının müavininin qəza törətməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Səbail RİH-in sektor müdiri İsrafil Kərimov Lent.az-la əlaqə saxlayaraq bildirib ki, rayon icra hakimiyyəti başçısının müavini Yavər Abdullayev heç bir yol-nəqliyyat hadisəsi törətməyib:
“Mətbuatda gedən bu xəbərlər yalandır və həqiqəti əks etdirmir. Həmin hadisəni törədən Sabir Hacıkərimov artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 10 AS 509 nömrəli “Hyundai” həqiqətən də Səbail RİH-ə məxsusdur və Yavər Abdullayevin xidməti avtomobilidir. Lakin maşını həmin vaxt Y.Abdullayevin sürücüsü Sabir Hacıkərimov idarə edib. Sabir Hacıkərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Xalid Cəbrayılovu, Salyan rayon sakinləri Zəfər Xəlilovu və Misir Şirinovu vurub və M.Şirinov xəstəxanaya aparılarkən yolda ölüb.