|
|
|
|

Dünən Təhsil Nazirliyində SABAH qruplarının qeydiyyatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Təhsil Nazirliyi Elm və Ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov jurnalistlərin suallarını cavablandırıblar.
Mətbuat konfransında ilk olaraq çıxış edən nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, SABAH qrupuna tələbələrin qəbulu ilə bağlı qeydiyyata start verilib. Qruplar Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində yaradılacaq, dərs deyən müəllimlər isə əsasən ali təhsil müəssisələrindən seçiləcək.
Onun sözlərinə görə, SABAH qrupunda təhsil almaq üçün indiyə qədər 70 müraciət daxil olub. Bu tələbələr üçün fərqli mühit, fərqli şərtlər və fərqli gələcək təmin ediləcək. Bu gün ali təhsildə fərqli mühitin yaradılmasına böyük ehtiyac var. Biz çalışırıq ki, Respublika üçün xaricdə kadr hazırlığını tədricən Azərbaycan ali təhsil müəssisələrində təşkil edək və bununla da tədrisin səmərəliliyini yüksəldək.
Daha sonra Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev qeyd edib ki, SABAH qruplarının yaradılması ilə bağlı təhsil naziri Mikayıl Cabbarov müəllimlərin qurultayında səsləndirib. Qısa müddətdə bu istiqamətdə çox işlər görülüb. Ölkədə iqtisadiyyat sürətlə inkişaf edir. Bu inkişafa lazım olan kadrlar sürətə davam gətirmir. Qrupların yaradılması universitetlərdə rəqabət mühiti formalaşdıracaq. Əmək bazarının tələblərinə cavab verəcək.
SABAH qruplarına seçim Azərbaycan respublikasında fəaliyyət göstərən 32 ali təhsil müəssisələrinin birinci kursunda müvəffəqiyyətlə təhsil alan, fənlər üzrə göstəricisi 61-dən yuxarı olan tələbələrdən seçiləcək. Xüsusi təyinatlı ali məktəblər istisna olmaqla həm özəl, həm də dövlət ali təhsil müəssisələrinin tələbələri qatıla biləcəklər. Mövcud 8 ixtisas qrupundan 5-i üzrə seçiləcək. Bunlar təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji ixtisas qruplarıdır. SABAH qruplarına seçim bu ixtisas qruplarına daxil olan 52 ixtisas üzrə 1300-ə yaxın tələbə oxuyacaq.
Y. Piriyev onu da bildirib ki, SABAH qruplarında xarici dil biliklərinə ciddi diqqət yetiriləcək, ixtisas dərslərinə daha çox diqqət ayrılacaq və tədris fərqli üsullarla aparılacaq, həmçinin dərslərin bir hissəsi xarici dildə tədris olunacaq. Xarici universitetlərdən mütəxəssislər dəvət olunacaqlar. Onlar əsasən xarici dil dərslərinin və ixtisas fənlərinin xarici dildə tədrisinə cəlb olunacaq.
Qruplarda təhsil alan az təminatlı ailələrin uşaqları üçün yataqxana ilə təmin olunacağını deyən Aparat rəhbərinin müavini onu da vurğulayıb ki, bu gün ali məktəblərinin yataqxanası yoxdur. Ancaq Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Damla" yataqxanası Təhsil Nazirliyinin balansında olduğuna görə orada təmir işləri aparılacaq və 300 aztəminatlı tələbə yerlə təmin olunacaq.
Təhsil Nazirliyi Elm və Ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov vurğulayıb ki, qruplara sənəd qəbulu mayın sonuna kimi davam edəcək. İyunun 1-dən 15-dək isə müsabiqə və müsahibə mərhələsi başlayacaq. SABAH-ın tələbələri elmi-pedaqoji potensialı və tədris-laboratoriya bazası yüksək səviyyədə olan universitetlərdə təhsil alacaq. TN tərəfindən hazırda müəyyən olunan 8 ali təhsil müəssisəsində BDU, ADİU, AzTU, AzMİU, ADNA, ADPU, ADU, BSU tələbələr təhsil alacaqlar. Bu məzunların diplomları adi qruplarda təhsil alan tələbələrin diplomu ilə eyni olacaq, lakin diploma əlavələr fərqlənəcək.
SABAH qruplarına bölgə universitetlərindən qəbul olan tələbələrin yataqxana və yeməklə təmin olunacağını deyən sektor müdiri əlavə edib ki, lakin bu yerlər məhduddur. Qruplara qəbul olan tələbələr baza ali təhsil müəssisəsinə mərkəzləşdirilən formada köçürüləcəklər və müvafiq olaraq bu ali təhsil müəssisəsinin diplomunu alacaqlar. Qeyd edək ki, SABAH qruplarında təhsil almaq istəyən tələbələr sabah.edu.az (http://sabah.edu.az/az/qaydalar) saytına müraciət edə bilərlər.
"2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulu başlayır. Onun sözlərinə görə, xarici ölkələrdə təhsil almaq üçün sənəd qəbulu mayın 22-dən avqustun 8-dək elektron qaydada aparılacaq. Bu barədə namizədlərə müsabiqədən keçmək üçün əlavə məlumat veriləcək. Müsabiqədə iştirak edənlər elektron qaydada təqdim etdikləri sənədlərin əslini də Təhsil Nazirliyinə təqdim etməli olacaqlar. Dövlət Proqramının təqaüdçüləri bakalavriat səviyyəsi üzrə təhsil almaq üçün 29, magistratura, doktorantura və rezidentura səviyyəsi üzrə isə 35 yaşadək olan Azərbaycan vətəndaşları sırasından seçilirlər. 2014-2015-ci tədris ilində dövlət proqramı çərçivəsində seçilən xaricdəki ali məktəblərinin birindən təhsil almaları üçün qəbul üçün məktub alan gənc və hazırda təhsil alan iddiaçılar xaricdə təhsil almaq üçün sənədlərini təqdim edə bilərlər. Şəffaflığı təmin etmək məqsədilə xaricdə təhsil almaq iddiaçıların müsabiqəsində bu ildən başlayaraq, audio-video çəkiliş aparılacaq. Bununla da prosesin hansı qaydada şəffaf aparıldığı audio-video çəkilişlərlə təsdiq olunacaq.
Nazirlik rəsmisi rezidentura səviyyəsi üzrə bu ildən mövcud olacaq bəzi yenilikləri də açıqlayıb. Azərbaycanda tibb təhsili alan gənclərin çoxunun Almaniyada rezidentura təhsili almaq istədiyini deyən C. Valehovun sözlərinə görə, Almaniyada səhiyyə sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər olduğundan bu ölkədə rezidenturaya qəbul üçün də müəyyən dəyişikliklər var. Almaniyanın səhiyyə qanunvericiliyində 1 aprel 2012-ci il tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə dövlət proqramı çərçivəsində rezidentura səviyyəsi üzrə təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə vermiş, universitet klinikalarında işçi müqaviləsi imzalayan tələbələrin sənədləri qəbul ediləcək.
Vəfa MƏMMƏDLİ



