Hazırda dünya əhalisinin 15 faizi, Azərbaycan əhalisinin isə 5,6 faizi (530 min nəfər) əlilliyi olan şəxslərdir. Onların 62 860 nəfərə yaxını sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Əlilliyi olan şəxslərin ümumi sayının 44,4 faizini qadınlar təşkil edir. Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə 11 min 912 nəfər əlil olub. Həmçinin məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5 faizə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5 faizdir. Ancaq əhalisinin gənc olması səbəbindən Azərbaycanda əlilliyin ümumi səviyyəsi digər ölkələrə nisbətən aşağıdır.
Bəs Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları qanunvericilikdə necə əksini tapıb, onlar üçün hansı imkanlar yaradılıb?
Qayğıya əsaslanan siyasət
"İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır". Bu sözlər 17 yanvar 1995-ci ildə Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşdə Prezident Heydər Əliyevin çıxışında yer alıb. Müstəqil Azərbaycanda bu istiqamətdə işlərə də ötən əsrin 90-cı illərinin ortalarında bu böyük dövlət xadimi tərəfindən başlanılıb, 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə davam etdirilir. Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasında əksini tapan bir sıra təşəbbüslər hələ ötən əsrin 90-cı illərində milli qanunvericilikdə təsbit olunub. Konvensiyada müəyyən olunan öhdəlikləri yerinə yetirməyə qadir olan Azərbaycan 2008-ci ilin oktyabr ayında Konvensiyaya və Konvensiyanın Fakültativ Protokoluna qoşulub.
Bu şəxslərə qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir. Əmək pensiyası hüququ olmadıqda, onlara sosial müavinətlər ödənilir, müvafiq kateqoriyadan olan əlillərə Prezident təqaüdləri təyin olunur. Hazırda əmək pensiyası alanların 27 faizi, sosial müavinət alanların 57,2 faizi, Prezident təqaüdü alanların isə 52,2 faizi əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb. Cari ilin mart ayında Azərbaycan Prezidentinin imzaladığı, ümumən 32 907 nəfər əlili əhatə edən sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılıb. Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezident təqaüdü təsis edilib. Beləliklə, əmək pensiyası almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği 67 manatdan artırılaraq 127 manata çatdırılmaqla, yaşayış minimumunun üzərinə çıxarılıb. Müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi də nəzərdə tutulub.
Ötən dövr ərzində 5 minə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub, 4 mindən çox müharibə əlilinə avtomobil verilib. Bu il ərzində bu təbəqələrdən olan insanlar üçün Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı, Bərdə, Ağdam rayonlarında və Bakı şəhərinin Nərimanov rayonunda yeni yaşayış binaları, Bakının Sabunçu rayonunda Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi istifadəyə veriləcək. Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün 5 milyon manat ayrılıb. Beləliklə, növbədə olan əlillərin cari il ərzində avtomobillə tam təminatı həyata keçiriləcək.
Müalicə və məşğulluq imkanları
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla, ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Bu mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunur. Evlərində və sosial xidmət müəssisələrində sosial-məişət xidməti göstərilən vətəndaşların 3 min 666 nəfəri əlilliyi olan şəxslərdir. Onların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları da var.
Təhsil və peşə hazırlığı məsələsinə gəlincə, 2001-ci ildə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanun qəbul edilib, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarlar verib. Beləliklə, artıq 13 ildir ki, inklyuziv təhsil həyata keçirilir.
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının dəstəklənməsi istiqamətində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı ciddi addım sayıla bilər, mərkəz belə şəxslərin peşə hazırlığına (xalçaçılıq, rəssamlıq, kulinariya, toxuculuq və s.) xidmət edən ilk mərkəzdir. "Sosial Müdafiənin İnkişafı" Layihəsi çərçivəsində hazırlanan modul tipli təlim proqramları da xüsusilə əlilliyi olan şəxslərin əmək bazarında tələb olunan peşə vərdişlərinə yiyələnmələrində müasir və çevik vasitədir. Həm də əvvəllər əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraiti göstərilməyib, məşğulluqlarına mane yaradan "əmək qabiliyyətsiz" sözü yazılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu maneəni aradan qaldırıb və artıq əlillik qrupu verilən bütün şəxslərin əlillik arayışlarında onlar üçün əmək zəmanəti qeyd olunur ki, bu da əlilliyi olan şəxsə bu və ya digər müəssisədə öz fiziki imkanlarına uyğun işlə təmin olunmağa imkan verir. Əlilliyi olan şəxslərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar isə dövlət büdcəsinə aylar üzrə hər iş yeri üçün respublika üzrə orta aylıq əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər.
2009-2013-cü illərdə Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edən 2 min 468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin olunub, 60 nəfəri isə ödənişli ictimai işlərə göndərilib. 2007-ci ildən etibarən də xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil olunur və son 5 ildə 268 nəfər əlil həmin kurslara cəlb olunub. Cari ilin I rübü ərzində isə daha 20 nəfər əlil üçün ingilis dili üzrə 3 aylıq, 18 nəfər gözdən əlil üçün isə brayl sistemi üzrə təlim aparılmaqla kompüter istifadəçisi peşəsi üzrə 2 aylıq peşə hazırlığı kursu təşkil olunub. Son 5 ildə isə 265 əlilliyi olan sahibkara verilən 11,4 milyon manat güzəştli kreditlər hesabına 1000-dək yeni iş yeri yaradılıb.
Həssas yanaşma
Son illərdə milli qanunvericiliyə dəyişiklik və əlavələr edilərək "16 yaşınadək əlil uşaqlar" anlayışı "Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" anlayışı ilə əvəz edilib, "uşaqlıqdan əlil" anlayışı qanunvericilikdən çıxarılıb. Məqsəd belə uşaqlara cəmiyyətdə olan digər uşaqlar kimi yanaşılmasıdır. 18 yaşınadək dövlət tərəfindən sosial müavinət verilən bu uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları var. Aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər.
Təkcə son beş ildə 13 min 74 nəfər sağlamlıq imkanları məhdud uşaq həm ölkə daxilindəki, həm də xarici ölkələrdəki reabilitasiya mərkəzlərində reabilitasiya xidməti ilə təmin olunub. Prezident İlham Əliyevin 14 mart 2012-ci il tarixli fərmanı ilə tətbiqinə başlanılan "Sosial xidmət haqqında" qanun sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya imkanları yaradıb. Nazirlər Kabinetinin 2013-cü ildə təsdiq etdiyi "Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"na müvafiq olaraq sağlamlıq imkanları məhdud uşaqlara sosial işçi və sosial xidmətçi tərəfindən evdə (səyyar) sosial xidmət göstərilə bilər. Bununla yanaşı, bu uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub. Fondu tərəfindən istifadəyə verilən Yevlax şəhərində məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzini, əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün respublikanın üç bölgəsində yaradılan Regional İnformasiya Mərkəzlərini qeyd etmək lazımdır.
İnfrastrukturun uyğunlaşdırılmasına gəlincə, Heydər Əliyev Mərkəzi, "ADA" Universiteti, "ASAN Xidmət" mərkəzləri əlilliyi olan şəxslərin istifadəsi üçün tam uyğundur. Yeni istismara verilən piyada keçidləri belə insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub. Dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir. Artıq müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına başlanılıb, xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinə və "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsinə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması barədə xüsusi maddələr daxil edildiyini açıqlayıb.
Görüləcək işlər
Ancaq əlilliyi olan şəxslər üçün bərabər hüquqların tam təmin edilməsi və bərabər imkanların yaradılması üçün hələ də bir sıra işlərin görülməsinə zərurət var. Birinci, dövlət qurumlarında da bu şəxslər üçün iş yerləri ilə bağlı kvota müəyyənləşdirilməsi, müəyyən kvotalar üzrə işə götürülmənin statistikasının aparılması vacibdir. İkinci, əlilliyi olan şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, dövlət büdcəsinə vəsait köçürülməməsinə görə müəyyən edilən cərimənin miqdarının artırılmasına ehtiyac var. Hazırda cərimələrin miqdarının elə də yüksək olmaması bu sahədə effektiv tənzimləməyə mane olur. Üçüncü, bu gün görürük ki, bəzən əlilliyi olan hər hansı şəxsin təcili xaricdə müalicəsi lazım olur və bu zaman dövlət qurumlarının həmin şəxsin müalicəsini təşkil etməsi proseduru çox vaxt aparır. Əlillər Fondunun yaradılması bu sahədə daha operativ addımların atmasını şərtləndirər. Dördüncü, müvafiq icra hakimiyyəti orqanlarının əlilliyi olan şəxslərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin yeni respublika standartlarını hazırlaması məqbuldur. Beşinci, "Təhsil haqqında" qanunun təkmilləşdirilməsi, əlilliyi olan gənclərin İKT istiqaməti üzrə orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə, o cümlədən yeni yaradılacaq İnformasiya Texnologiyaları Universitetinə güzəştli qəbuluna şərait yaradılması yaxşı olardı. Altıncı, mobil rabitə şirkətlərinin bu insanların işə qəbulunda maraqlı olması üçün təbliğati işlərin, maarifləndirmənin aparılması məqsədəuyğundur. Yeddinci, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılan elektron informasiya resurslarında əlilliyi olan gənclərin işə cəlb edilməsi yaxşı olardı. Səkkizinci, bu insanların xarici şirkətlərin (bp, Statoil və s.) sosial layihələrinə cəlb olunması gündəmə gəlməlidir. Doqquzuncu, bu şəxslərin ictimai nəqliyyatdan (avtobuslar və s.) istifadəsi sahəsindəki mövcud problemlərin aradan qaldırılması üçün qanunvericilikdəki tələblərin sərtləşdirilməsi, ictimai nəqliyyat vasitələrini bu şəxslərin rahat istifadəsi üçün uyğunlaşdırmayan nəqliyyat şirkətləri üçün cərimələrin müəyyən edilməsi vacibdir.
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən siyasət və görülən işlər yaxın gələcəkdə bu məsələlərin həllini tapacağını göstərir.
Qeyd: Yazı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Ramiz MİKAYILOĞLU



