Avropa Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda AŞPA Daimi Komitəsinin iclasında bildirib.
XİN rəhbəri deyib: "21-ci əsrdə belə çox sayda qaçqınların və belə münaqişələrin olması yolverilməzdir".
Nazir Azərbaycanın AŞPA-dakı sədrliyini şərh edərkən qeyd edib ki, bu dövrdə Azərbaycan bir sıra iri beynəlxalq tədbirlər keçirəcək:
"Ölkədə yaxın altı ay ərzində 18 beynəlxalq tədbir keçiriləcək. Biz maksimum şəffaflıq və açıqlıq nümayiş etdirmək niyyətindəyik, çünki Avropa ölkələri mübahisə etməməli, bir-birilərini anlamağa çalışmalıdırlar". Məmmədyarov daha sonra əlavə edib ki, Azərbaycan AŞPA-dakı sədrliyi zamanı öz fəaliyyətini avropalı tərəfdaşları ilə əlaqələndirəcək.