- İlk növbədə onu qeyd edim ki, hakimlərin müstəqilliyinin gücləndirilməsi və məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətlərinin genişləndirilməsi Məhkəmə-Hüquq Şurasının daim diqqət mərkəzində olan prioritet məsələdir. Elə buna görə də Şura tərəfindən bu sahədə beynəlxalq təcrübə təhlil edilmiş və qanunvericiliyə müvafiq dəyişikliklər barədə təkliflər hazırlanmışdır.
Yaxın zamanlarda Milli Məclisə təqdim ediləcək həmin təkliflərə əsasən hakimlərin fəaliyyətlərinə kənar müdaxilələrin qarşısının alınması mexanizmlərinin müəyyən olunması, onların müstəqilliyinin daha da gücləndirilməsi məqsədi ilə səlahiyyətləri müddətində maaşlarının azaldılmasının qadağan edilməsi, məhkəmələrin büdcə layihələri hazırlanarkən Şuranın iştirakının təmin edilməsi barədə və s. mütərəqqi normalar nəzərdə tutulur.
Həmin iclasda vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə 3 hakimin tutduqları vəzifədən azad olunması, bir hakimin isə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar da qəbul olundu.
Onu da qeyd etməliyəm ki, öz fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən, haqlı narazılıq doğuran hakimlərə qarşı Şura həmişə barışmaz mövqedə olub.
Təkcə ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən 6 hakimin səlahiyyətlərinə xitam verilmiş, 5 nəfər tutduğu vəzifədən azad olunmuş, habelə 3 məhkəmə sədri aşağı işə keçirilmişdir. Təbii ki, insan haqlarının təmin etmək, qərəzsiz və ədalətli olmaq, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hər cür hərəkətdən çəkinmək hakimin ən ümdə vəzifəsidir. Əks halda o, yüksək hakim adına layiq ola bilməz.
- Amma nədənsə hər dəfə Şuranın belə qəti qərarlarının qəbulundan sonra bəziləri bu qurumun heç bir əsaslı rolu olmaması, qərəzli qərarlar qəbul etməsi barədə fikirlər səsləndirirlər. Məsələn, bu günlərdə "Azadlıq" qəzetində vəkil Müzəffər Baxışovun bu barədə yazısı dərc olunub.
- Əvvəla qeyd edim ki, Məhkəmə-Hüquq Şurası məhkəmə islahatlarının mərkəzində duran, onun hərəkətverici qüvvəsi olan dövlət orqanıdır. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı elə bir mütərəqqi tədbir yoxdur ki, Məhkəmə-Hüquq Şurasında müzakirə edilməsin. Məhkəmə hakimiyyətinin özünüidarə qurumu kimi Şurada bütün qərarlar kollegial - Şura üzvü olan 15 nəfərin səsverməsi ilə qəbul edilir. Hətta sədri də Şura üzvləri özləri seçirlər.
Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi isə müstəsna qaydada yalnız Şuranın hakim üzvlərinin səlahiyyətindədir. Şuranın hakim olmayan heç bir üzvü bu məsələdə iştirak etmir. Bu isə hakimlərin müstəqilliyinin əlavə təminatıdır.
Lakin təəssüf ki, metroda alış-verişdən tutmuş, küçədə kameraların quraşdırılmasına qədər bütün məsələlərə "ekspert" qismində münasibət bildirən Müzəffər Baxışovu həqiqət deyil, qrant verən havadarlarına öz "şücaətini" nümayiş etdirmək maraqlandırır. Onun qərəzli populizm xarakterli çıxışları artıq hər kəsdə ikrah hissi doğurur.
Hesab edirəm ki, heç bir halda şəxsi qərəz vicdanı üstələməməlidir. Hamıya məlumdur ki, Müzəffər Baxışov prokurorluğun yerli qurumlarında ən aşağı vəzifədə - prokuror köməkçisi işləyib və insan haqlarını pozduğuna, qətiyyətlə pislənən əsassız yoxlamalar keçirilməsi kimi qanunsuzluğa yol verdiyinə görə bu orqanlardan xaric edilib. Bir neçə il əvvəl isə indi bəyənmədiyi məhkəmə hakimiyyətində təmsil edilmək, hakim olmaq üçün dəfələrlə müraciətlər edib, lakin imtahanlardan kəsilib. Başqa sözlə bu vəzifəyə layiq hesab edilməyib.
Bu baxımdan bütün məhkəmə qərarlarını qanunsuz, ədalət mühakiməsinin səmərəliliyinə yönələn tədbirləri isə əsassız adlandıran Baxışovun həmin müsahibəsi şəxsi uğursuzluğunun qərəzli ifadəsindən başqa bir şey deyil.
Halbuki, statistikaya görə ölkədə bütün mülki işlər üzrə yekun qərarların 88,5%, cinayət işləri üzrə hökmlərin isə 70 %-i ilə tərəflər razılaşmış, həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməmişdir.
Bu insan cılız məqsədi naminə ictimaiyyətə yalan məlumatlar verməkdən də çəkinmir. Belə ki, hakimlər barəsində Məhkəmə-Hüquq Şurasına dəfələrlə şikayətlər etdiyini, lakin onların araşdırılmadığını deyən Baxışovun son 5 il ərzində Şuraya bir müraciəti belə daxil olmayıb.
Əslində vəkil hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır, öz davranışı və peşəkar fəaliyyəti ilə vəkilliyə kölgə salmamalıdır. Yalan danışmamalıdır. Onun bu cür yersiz bəyanatları nəinki vəkilliyi, hətta hüquqşünas peşəsini də nüfuzdan salır.
Lakin əsassız iftiralarına görə öz həmkəndlilərinin də qəzəbinə tuş gəlmiş və hətta doğulduğu kəndə buraxılmamaqla hədələnən şəxsi bundan sonra tutduğu yoldan çəkindirmək çətin ki, mümkün olsun.



