|
|
|
|

Əziz oxucular!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV
Filologiya üzrə
elmlər doktoru, professor
Molla Zeynalabdin Sağəri Qarabaği
Molla Zeynalabdin ibn Molla Sadıq Sağəri Qarabaği 1791-ci ildə Şuşa şəhərində anadan olub. Şair haqqında dövrün bir sıra mənbələrində, o cümlədən, Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab", Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" təzkirələrində, Cavad Heyətin "Azərbaycan ədəbiyyatına bir baxış" adlı əsərində və Seyid Əzim Şirvaninin "Təzkirə"sində məlumat verilir. Şairi şəxsən tanıyan Mir Möhsün Nəvvab onun "ucaboylu, xoş görkəmli, xoşsifət, göygöz bir şəxs" olduğunu, mollalıq və zövzəxanlıq etdiyini, musiqi elmində məharət və səriştəsi olmaqla yaxşı səsi və avazı da olduğunu qeyd edir. Müstəhidzadə isə onun əsl adının Axund Molla Zeynalabdin olduğunu, erkən yaşlarında Qarabağın tanınmış alimlərindən olan atası Axund Molla Sadıqdan dərs aldığını və hicri 1230-cu ildən ömrünün sonuna qədər müdərrislik etdiyini, şeir yazmasını, farsca və türkcə iki divanı olduğunu yazır.
Sağəri 1854-cü ildə Şuşa şəhərində vəfat edib. Onun "Həyat və məmat" adlı türkcə divanı 2006-cı ildə tədqiqatçı alim Gülər Əmirəhmədova tərəfindən nəşr olunub. Buradakı şeir nümunələri həmin nəşrdən götürülüb.
Qəzəllər
Ey könül, uyma bu dünyayə ki, möhnətxanədir,
Hər kişi kim uysa dünyayə, yəqin, divanədir.
Bir könül kim mehnəti-eşqlə məmur olmaya,
Padşahsız mülkdür, viranədir, viranədir.
Aşiqi-vəhdət təmənna eyləməzlər kəsrəti,
Bu cəhan Həqq aşiqinə bil ki, zindanxanədir.
Nəşeyi-eşqi nə bilsin cahilü divanələr?
Yandıran eşq atəşinə balü pər pərvanədir.
Rindlər baxsun külahimə, nə zahidlər mənim,
Əksəri-əlfazımız zahirdə çün rindanədir.
Tiri-qəmzəndən həzər qılmaz könül, pərvası yox,
Gör təriqi-eşqdə könlim necə mərdanədir!
Xəlqə eyləllər ibadət, Həqdən qafildir,
Mən necə qail olum zahidlərə: fərzanədir?
Sağəri vəhdət meyindən məstdir, məzur dut,
Küfrimə hökm eyləmə, zahid, demə məstanədir.
***
Ta atəşi-eşqin bu dili-canə düşübdür,
Dil parələnüb hər biri bir yanə düşübdür.
Çin mülkini hindulər alub qarət edübdür,
Ya küfr gəlüb səfheyi-imanə düşübdür,
Könlüm quşı pərvaz edüb künci-qəfəsdən,
Bildüm ki, gedüb zülfi-pərişanə düşübdür.
Bihdanədi, ya danədi mürği-dilə, ya xal,
Marutsifər çahi-zənəxdanə düşübdür.
Nə danədi, nə xali-siyəh dövri-rüxündə,
Göz mərdümidi çöhreyi-cananə düşübdür.
Min dil cəm olub dami-səri-zülfünə bişək,
Yalquz demə kim, bu dili-divanə düşübdür.
Ləli sözini ağzına alma, həzər eylə!
Hər kəs ki alub ağzına, bil, qanə düşübdür.
Duzəx oduna Sağəri yanmaz, bu yəqindir,
Hicran gecəsi atəşi-suzanə düşübdür.
***
Vermə könül o zülfi-pərişanə, Sağəri!
Əqrəb evində müşkil olur xanə, Sağəri!
Ol türrə içrə vermədi təmkin bu könlümə,
Gahi sabah, gah sitəmi-şanə, Sağəri!
Əyyami-vəsl qədrini çün bilmədün, könül!
Yan həsrətilə atəşi-hicranə, Sağəri.
Çak etdi matəmində giribanını, göz aç,
Bir sal nəzər o çaki-giribanə, Sağəri!
Zənciri-zülfə düşməzdi mürği-dil, vəli,
Saldı kəməndi-zülfinə bir danə, Sağəri!
Ey padişah, lütf qılub eylə bir nəzər,
Gör, sağərimdə badə dönüb qanə, Sağəri!
Müxəmməs
Hər zəman kim nəzərim ol büti-rənayə düşər,
Olı divanə könül eşqdə, pərvayə düşər,
Əqrəbi-zülfdən ay çöhrəsinə sayə düşər,
Tərsə bax, çöhrəsini dur edər, ayə düşər,
Atəşi-eşqə düşən eşqdə qovğayə düşər.
Bəs ki könlüm quşi hicranda qılub naləvü ah,
Ruzgarım olmuş zülfi-siyəh kimi siyah,
Atəşi-suzi-fəraqın bədənim qıldı təbah,
Taqətim yoxdu yanam hicrdə, Allaha pənah!
Nə qədər cəhd edərəm vəslinə, fərdayə düşər.
Həzər et, urmagilən zülfünə hər dəm şanə,
Rəhm elə könlümə, etmə sən onı divanə,
Tabei-küfr olub yetdi könül imanə,
Arizi-şəminə olmuş bu könül pərvanə,
Yandurur balü pərin, kimsə ki sevdayə düşər.
Göz qalub yolda, nigarım məni yad eyləmədi,
Atəşi-hicr ara könlümi şad eyləmədi,
Məni odlarə salub, həlli-murad eyləmədi,
Od dutub yandı könül, bir kəsə dad eyləmədi,
Dad qılmaq bu təriqətdə fürumayə düşər.
Ey könül, bəsdi dəxi, naleyi-əfğan etmə!
Məni qanlarə salub qədi-dilü can etmə!
Zülf tək sən məni aləmdə pərişan etmə!
Paybəndi-ələmi-atəşi-hicran etmə!
Sağəri, nalə səsi günbədi-xəzrayə düşər.
Rübailər
Ey dil, dəxi gəl zülfi-pərişanı unut!
Ey göz, dəxi ol çöhreyi-cananı unut!
Ey Sağəri, tövbə qılgilən üsyandan,
Bəsdir dəxi, keçdi ömr, şeytanı unut!
Ey məhruxü sərvqəddü şirinhərəkat!
Üşşaqə sənin şəhdi-ləbindən həyat.
Məhrum məni şəhdi-ləbindən qılma,
Ta almaya cismü canımı suzi-məmat.
Ta eylədi qönçə ləli-cananilə bəhs,
Andandı dönüb qanə, qılub canilə bəhs;
Əfsürdə olub badi-xəzandan qönçə,
Çün biədəb etdi güli-xəndanilə bəhs.
Ta tiği-məhəbbət etdi cismim məcruh,
Əsrari-məhəbbət oldı aləmdə vüzuh;
Hicran odına yandı tənü cani-əziz,
Olmadı edəm nigarə dərdim məşruh.
Könlüm bu cəhanda olmadı hərgiz şad,
Qətlimə olub cəm bu gün əhli-fəsad;
Bir bəndeyi-acizəm, sana yüz dutdum,
Ya canımı al, ya ki, bana qıl imdad.
Sud eyləməz aşiqinə zəncirü kəmənd,
Dildar vüsalıdı bana faidəmənd;
Tərk eyləməz eşq aşiqi-divanə,
Gər xəlqi-cəhan versə bana yüz min pənd.
Hər kəs ki fəraq odunda suzan olmaz,
Vəslə yetişib vasili-canan olmaz;
Hər kəs ki keçər canü dilindən, bişəkk,
Cananə yetər, hiç peşiman olmaz.
Ta eylədüm ol zülfi-pərişanə həvəs,
Eşqində onun eyləmədüm canə həvəs;
Mən maili-vəsldim, o kafər, neylim,
Mən eylədi vəsli, qıldı hicranə həvəs.



