Gəl, Sən Allah, üzürlü say,
Buralar tör-töküntüdür.
Gözlə, açım pəncərəni,
Hə, otaq bir az bürküdür.
Bu nəhəng təkliyim səni
Deyəsən, yaman hürküdür.
Əsl qadın faciəsi
Tozlu pəncərə şüşəsi
Dəhlizin ortasındadır
Dağılmış bir zibil qabı
Cırılmış iki-üç şəkil
Çərçivənin sınıqları
Parçalanmış qırmızı don
Və dikdaban ayaqqabı...
Sükut, vahimə, kölgələr
Dualar çarmığa çəkir
Ümidləri, intiharı...
Qürur geyinir əzabı
Yalnızlığın taleyimdə
Yaratdığı iltihabı...
Xatirələr guruldayır
Yağış yağır damır tavan
Zamanın çatlarında qan...
Bir az asta gəz nə olar
Xatirələr oyanacaq
Və qarşında utanmadan
Ağrıları soyunacaq...
Ayağını qanadacaq
Son arzunun çilikləri
Və anamı ağladacaq..
Bilirsənmi, sükut səsi
Adamı lap dəli edir,
İntəhasız tənhalığın
Darıxmağın iniltisi?!
Bir də gecə olan kimi
Bu itlərin ulaması
Xatirənin tikan kimi
Bədənimi dalaması...
Hərdən, vahiməli olur
Ayrılıq da udur məni
Bir söz deyim, amma gülmə,
Düz başımın üstündəki
Bu eybəcər Mona Liza...
Hə, o da qorxudur məni.
Ay yad adam, getmə dayan
Bir çay qoyum, təzə dəmlə,
Elə adamsızlaşmışam,
İstəmirəm itirməyi.
Axşamacan dərdləşirik
Bir mən bir də qara pişik...
Yox, onun günahı deyil
Talemin tərs gətirməyi...
lll
Salam, əzizim...
Burda yenə gecədir.
Yazıram ki, soruşum,
Görən halın necədir?
Bircə nigaran qoyma
bir kəlmə də olsa yaz,
Özünə yaxşı bax ha
eşitdim ki, soyuqdur
Qalın geyin əynini.
Tamam yadımdan çıxıb,
ağlım çaşıb, bağışla
Axı sən xoşlamırdın
anan kimi danışıb
Qayğını çəkməyimi.
Nə yeyib nə içirsən?
Yoxsan, getmisən bil ki,
gündə ən azı min yol
gözlərimdən keçirsən..
İstəmirəm korlayım
əhvalını amma ki
Heç özümdə deyiləm..
Yediyim dərddir ancaq,
içdiyimsə zəhərdir
Sənsiz məni yaşadan
bir quru xatirənsə
həsrətində gecələr
öldürən bu qəhərdir.
Ax, üşüdür səsinin
buz kimi soyuqluğu
Titrəyirəm, tənhalıq
iliyimə işləyir
İsti hərarətinlə
hansı heykəl baxışa
Ruh üfürdün görəsən?
Yenə hava küləklidir,
üşüməli küləkdir
Gözəl günlər səninlə
getdi xatirə olub
Bilirəm ki, heç zaman
geri gəlməyəcəkdir
Deyirəm ki, biləsən...
Payladım ən sonuncu
əlvidamı hardasa
Məni yalnız buraxma
vidaları sevmirəm
Gəl yenə əvvəlkitək
köksünə sıx, qucaqla
Allah haqqı, saçlarım
çiynin üçün darıxır
Kəsmirəm heç, dəymirəm
uzadıram acıqla.
Bu sərsəri duyğular
yox, heç tanış deyildi
Səndən əvvəl o adamın
gözü də yaş deyildi
Saçı da payız idi,
o balaca qız idi
Sərçətək kövrək idi
ürəyi daş deyildi...
Hələ ömrün yazıydı,
hələ də qış deyildi...
İndi bu boz şəhərin
bütün küçələrində
Sənin ayaq izlərini
baxışlarım yalayır
Hamıya sevgi düşdü,
payımasa tənhalıq:
"Özgəyə it hürəndə
mənə çaqqal ulayır".
lll
- Bax əzizim,
Mən səni and verirəm
Cəbrailin vəhyinə,
İsrafilin suruna,
qiyamətlər qoparma!
Sən gəl məni bağışla,
nə günahım varsa keç
əfv etməyin - ucalıq...
Kiçilməzsən bununla
Yoxsa Allah bu qədər
böyük olarmıydı heç?
- Mən səni bağışladım,
doxsan doqquz içindən seçilənə
"Əl-Əfuv" adına
Katolik kilsəsinin
Müqəddəs xaçına
O bakirə Məryəmin
məsum hamiləliyi,
Üfürülən ruhuna
Bağışlanma adına
Tanrının yer üzündə
axıdılan qanına,
Məsihə bağışladım
ən müqəddəs günaha,
müjdə daşıyıcısı
Mariya Maqdalenaya...
Mən səni bağışladım
Lap ulu tanrılara,
Zeus, Apollon, Hera
Athenaya, Froya
Və səni bağışladım
gözyaşları quruyan,
Yusif üçün kor olan
Yaqubun gözlərinə
Turi-Sinada xəlvət
Musanın duyduğuna
Tanrının səsinə,
Əhdi-Ətiqdə
ona dediyi sözlərinə
Mən səni bağışladım
səhər çıxıb gedənə...
gecə gələnə xatir...
("Sən nə bilirsən ki,
gecə gələn nədir?")
Və səni bağışladım
gecələr itiləşən
tənhalıq qələmimdə
yazdığım sətirlərə
ölüm dolu ətirlərə.
Və Qaranlıq altara...
And olsun bu saydığım
bütün müqəddəslərə,
Bəddua eləmədim,
Bir kəlmə qarğamadım,
Əhdi-Cədid buyruğu
"Bağışla" əmri üçün
Mən səni bağışladım
Mən səni bağışladım!
İndi qəfəs açıqdır,
daha uça bilərsən...