Ötən bazar gedişlər uzağa qol açmışdı,
Döngələr kəsişmişdi, yer üzü susamışdı.
İçimdə bir darıxmaq, qızımla əylənirdim,
Xoşbəxtlər ölkəsinə bizdən gileylənirdim.
İndiki bu yorğunluq, keçmişin gümrahlığı,
Əl-ələ bir xatirə, yanaq qızarmışlığı.
Bir ürək təşvişinə tanış köhnə küçələr,
Saatlar ilə dönür, bitmirdi dəqiqələr.
Yenə həmin may ayı, yerindəydi ağaclar.
İşləməyən işıqfor, nazlanırdı yağışlar.
Tanış bir qoxu hopdu ağac tumurcuğuna
Elə çox bənzəyirdi gənclik iztirabıma.
Qulaq, səsi duymuşdu, ürək də qısılmışdı,
"Görəydim bircə dəfə" - bu arzuya çatmışdı.
Saçları tökülmüşdü, bığları ağarmışdı
Üzü dəyişməmişdi, baxışı qocalmışdı.
Ətri həmin ətirdi - sevdiyimi vurmuşdu
Hədiyyə təsbehimin mərcanı saralmışdı.
Bir gözucu baxışa ayağım tutulmuşdu.
Nəfəsim dayanmışdı, dodağım qurumuşdu.
Məni asdığı ipdən bir yelləncək qurmuşdu.
Üzü məxmər döşəyə qadını oturmuşdu.
Allah, bu nə rastlayış, bu nəyin bədəlidir.
Səninlə bölüşdüyüm sevgimin əcəlidir?!
Yenə dayanmaq üçün kökləndim qüruruma.
Gücüm uşaqlaşmışdı, tutunmuşdum qızıma.
Uzaqlaşdım birtəhər: "Məni görər üzülər,
Birdən məni tanımaz, son ümidi öldürər" .
Yenə addımlayırdım, qulağımda həmin səs.
Köhnəni üstələyən ağrı, bir yeni qəfəs.
Bu cür düşünməmişdim,
xəyal da etməmişdim...
Tanrım, daha dərdimi üsyanıma də
yişdim.
***
Səbir dolu darıxmağa düşmüşəm.
Ümid məndən qaçar olub ayaqsız.
Sevməyibmiş məni bir sağol qədər
Başdansovdu təəssüfmüş, zamansız.
Xəyallarım bir dumana yar olub
Bəxt sınayır, gülümsəyir, yellənir.
Dəli Şəhla xəyalında ağatlıyla evlənir
Saçın yolub, "olmadı..." - gileylənir.
Giley-güzar daşar olub başımdan
İnanmazdım çiy südəmmiş insana.
Belə yerdə söz yorulur, az qala
Mən nə deyim səndə olan insafa?!
Tavanı tökülü, divarı yamaq,
Könlümün yaşlılar evi qübarda.
Evindən bir qoca - yollarda qonaq
Gəl çıx, gözləyirəm səni bu vaxtda.
Dön getdiyin qollara
Sən gedəndən pəncərəm
işıq üzü görməyib.
Bayırda nə baş verir
Yadıma da düşməyib.
Günəşi gözüm görmür,
Kədər ovcuma dolur.
Mənim sənli gicgahım
Xatirələr yoğurur.
Niyə getdin, bilmədim,
Mən ki kiçik deyildim.
Səndən böyük sevgimlə
Mən nəyinə yetmədim?!
Məni atmağa nə var?
İki cümlə tabı
nda.
Səndən böyük qürur var
Gördüyün bu qadında.
İşdi, birdən qayıtsan
O biz gedən yollara,
Bir qucaq peşmanlıqla
Dön, qaçdığın qollara.
Saxla suallarını,
Boğ bağrının başında,
Bəsdir daha, əskilmə,
Yerin sevgi dışında.
Xəbərin varmı?!
Yuxulu payızın yorğun səhəri
Boğur baharımı gediş kədəri
Mənli uzaqların xəbər-ətəri
Ay ruhu sarmaşıq, gözləri nəmli
Şəhərin hüznündən xəbərin varmı?!
Əqrəblər şütüyür fərəqətindən
Yetim bir körpənin qəbahətindən.
Günahın sonrakı xəcalətindən,
Sevgi qəhərindən, sədaqətindən
İçmisən, dadından xəbərin varmı?
Yağış inad ilə döyür damımı..
Tavan da qaçırıb həsbi-halını.
Misram sovuracaq yuxularını,
Payızın verdiyi təb-ilhamımı
Sən verə bilmirsən, xəbərin varmı?!
Siyaha bəyaz dən qonaq olacaq,
Ömür həsrətlərlə ovudulacaq
Göz yaşın yağışa ahəng olacaq,
Yalquzaq bədbəxt də şeir yazacaq,
"Hicranı vüsala nə çatdıracaq?
həsrətin sonundan xəbərin varmı?"
İnsan qocalsa da, ümidlər bitmir,
Ümid hər arzuya-kama yetirmir.
Bildiyim gedərin gəlməzi gəlmir,
Mənim gəlməzlərə qaçıb gedənim,
Yuxuma gəlmirsən, səbəbin varmı?
Boyat havaların qızmar günəşi,
Eybi yox, lap olsun solğun şəfəqi.
Örpəyin qaldırıb göyə atacaq?
Təbəssüm adıyla müjgana inad
Məni də qucacaq, xəbərin varmı?!