Yol
Mən bir yolun yolçusuyam,
Yol gedirəm sənə sarı.
Bu yolda durulur adam,
Sudan təmiz, aydan arı.
Məni yolumdan eləmə,
Bu əl-qolumdan eləmə.
Məni olumdan eləmə,
Nə olar, bəxtimə yarı.
Yol gedirəm, düzümə bax,
Ey eşqim, bir üzümə bax.
Od vuranım, közümə bax,
Yaram var, yaramı sarı.
Ölüb, yenidən doğulam,
Yenə bu nurla yoğrulam.
Bir ozan dədə oğluyam,
Yolumu yolsuzdan qoru.
Eşqim, sənə izim bəlli,
Əhdim bəlli, sözüm bəlli.
İçimdəki dözüm bəlli,
Yetir nicatımı, Tanrı.
Sevgidən ötrü
Həsrətə sevginin işığı düşdü,
Ümidin ovcunda gəldin könlümə.
Yollar ayrıcında sükut görüşdü,
Bir anın özü də ömürmüş demə.
Tutub əlimizdən apardı bizi,
Bu tale karvanı azmaya barı.
Öpdük döngə-döngə məhəlləmizi,
Qaçdıq küçəmizdən dünyaya sarı.
Kəsdik nəfəsini bəd şübhələrin,
Çıxdıq dar içindən genişə yol-yol.
Uymadıq felinə çox "bəlkə"lərin,
Keçdik ay altından günəşə yol-yol
Əbədi qalacaq sevgidən ötrü.
Əbədi bahar
Bir zülmət içindən çıxıb günəşə,
Özümlə gətirdim dünyama səni.
Telinə taxdığım bircə bənövşə
Əbədi bağladı yazına məni.
Sənə sarı
Elə duyuram səni,
günəşi
kor öz içinin nurunda görən kimi,
işığı sevən kimi.
Xoşbəxtliyin yaşanırkən
görünməz olduğu qədər,
bilinməz olduğu qədər
bir həsrətsən.
Sevgin
yalnız ruhumun yetişəcəyi əlçatmazlıq.
Hələ də axtarıram səni.
qəlbin qəlbimdə var ikən
əllərini əlimdə tapmağa.
Sənə yol gəlirəm
daha bu sənsizlikdən qopmağa.
Qarşıla məni.