
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi "İsgəndərnamə" poemasında yer kürəsinin yaranması, insanın əmələ gəlməsi, digər canlıların mövcudluğu ilə bağlı əsrlər boyu insanları düşündürən sualı belə cavablandırmışdı: "İlahi varlıq (Allah) insanı müəyyən çərçivədə xəlq edib ki, o, müəyyən tezlikdə olan səsi eşidə bilsin, müəyyən məsafəni görə bilsin və s. O cümlədən, müəyyən səviyyədə biliklər əldə etmək imkanı olsun ki, ilahi bilgilər, həmçinin, dünyanın, insanın, digər canlıların yaranması haqda olan həqiqətlər ona həmişə sirr olaraq qalsın".
Bəlkə də fəlsəfənin ən böyük sualının cavabı böyük həmyerlimizin aydın zəkasından süzülərək hələ neçə əsr bundan əvvəl bütün təfərrüatı ilə deyilib. Ancaq insanlar hələ də bu cavabı axtarır, niyə, nə zaman, necə kimi suallarla müxtəlif ünvanlara müraciət edir, kompüterdən arxeoloji qazıntılara kimi çoxşaxəli məlumat mənbələrindən yararlanmaqla Nizami Gəncəvinin az qala 1000 il əvvəl izah etdiyi həqiqəti dərk edənədək usanmadan axtarırlar. Ona görə də, dünyada ən çox ehtimallar, fərziyyələr, fikirlər bu sahədədir desək, bəlkə də yanılmarıq. Bu cavablar arasında elə möhtəşəmləri olmuşdur ki, bəşəriyyətin elm sükanını döndərə bilmiş və böyük bir elm məktəbi yaratmışdır.
Belə parlaq araşdırmalardan birini təkamülü biologiyanın əsas konsepsiyasına çevirmiş məşhur ingilis alimi Çarlz Darvin (1809-1882) edib. O, təkamül nəzəriyyəsinə riyazi (deməli, həm də elmi) əsas verərək təbii seçmənin təkamülün əsas mexanizmi olduğuna dair elmə yeni geniş konsensus gətirib. Bütün dünya elmində inqilabi dəyişikliklərə səbəb olan "Növlərin mənşəyi" kitabı ilə populyasiya genetikası və müasir təkamül sintezinin əsasını qoyan Çarlz Darvin çağdaş biologiya elminin ən görkəmli nümayəndələrindən sayılır. Bu gün təkamül nəzəriyyəsinə münasibət birmənalı olmasa da, etiraf etmək lazımdır ki, həmin konsepsiya 100 ildən artıq müddət ərzində bütün dünya ölkələrində ən çox öyrənilən, tədris edilən, istinad olunan elm olub, dünyanın bütün qabaqcıl universitetlərində Darvinizm adlı kafedra, muzey, kabinet və digər elm mərkəzləri yaradılıb, bu sahədə çox dəyərli tədqiqatlar aparılıb, görkəmli alimlər yetişib, təkamül nəzəriyyəsi ilə bağlı on illərlə beynəlxalq elmi konfranslar, simpoziumlar, qurultaylar keçirilib. Çox fərəhli haldır ki, bizim ölkəmiz də bu nəhəng elm nəzəriyyəsindən kənarda qalmayıb, Azərbaycan öz görkəmli alimləri, Darvinizmə verdiyi elmi töhfələri ilə beynəlxalq səviyyədə qabaqcıl elm mərkəzlərindən biri olub. Dünya şöhrətli Mendel, İohansen, Hardi, Vaynberq, Çetverikov, Rayt kimi nəhəng Darvinçi alimlərin ırasında Azərbaycanın Mirəli Axundov kimi böyük bir ziyalısı, görkəmli alimi olub.
Bu il həmin görkəmli alim, pedaqoq, Əməkdar elm xadimi və Əməkdar müəllim, Azərbaycanda genetika elminin banisi, biologiya elmləri doktoru, professor Mirəli Abdulla oğlu Axundovun anadan olmasının 120 ili tamam olur.
Mirəli Axundov 1902-ci ildə Şəki şəhərində dünyaya gəlib. İbtidai təhsili orada aldıqdan sonra 1919-cu ildə Azərbaycan Müəllimlər Seminariyasına daxil olub. 1923-cü ildə seminariyanın 8 nəfərdən ibarət ilk məzunlardan biri də Mirəli Axundov idi. O, 1923-1926-cı illərdə Zaqatala şəhər ibtidai məktəbinin müdiri və Zaqatala sənaye və kənd təsərrüfatı texnikumunda müəllim vəzifəsində çalışıb. 1926-cı ildə Bakı Dövlət Universitetinə daxil olub və 1930-cu ildə biologiya ixtisası üzrə bitirib.
1932-ci ildə Moskva Pedaqoji İnstitunun genetika ixtisası üzrə aspiranturasına daxil olub, məşhur genetik alimlərdən A.S.Serebrovski və N.K.Koltsovun rəhbərliyi altında xromosomlarda krossinqover hadisəsini tədqiq edib. O, sonralar tədqiqatlarını ev quşlarının növ və cins tərkibinin genetik cəhətdən öyrənilməsinə və ontogenezdə genetik proqramın realizə olunmasına bioloji aktiv maddələrin təsirini öyrənməyə həsr edib.
Mirəli Axundov 1937-ci ildə Bakı Dövlət Universitetində ilk dəfə Genetika və darvinizm kafedrasını yaradıb, 1937-1949-cu və 1959-1988-ci illlərdə həmin kafedraya rəhbərlik edib və onun nəzdində Zaqafqaziyada yeganə olan və hazırda onun adını daşıyan "Təkamül təlimi" muzeyini təşkil edib. Onun elmi yaradıcılığının əsas incisi isə XI-XIX əsrlərdə Azəbaycanda bioloji fikrin inkişafı tarixinin tədqiq edilməsidir. Müəllif faktlara əsaslanaraq sübut edib ki, Nizami, Füzuli, Xaqani, Həsən bəy Zərdabi, M.F.Axundov kimi klassiklər bir sıra bioloji fikirləri ilə zamanı qabaqlamışlar. Bu sahədə onun 20-yə yaxın elmi məqalə və iki monoqrafiyası çap olunub. Bunlar onun 1965-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil edib. Müntəzəm olaraq ümumittifaq və respublikada keçirilən forum, simpozium, konfrans və sessiyalarda məruzələrlə çıxış edib.
M.Axundov respublikada biologiya elminin tədrisinin yaxşılaşdırılmasına və Azərbaycan dilində terminologiyasının yaranmasına böyük səy göstərib. Bu sahədə apardığı tədqiqatlar 30-dan artıq elmi-metodiki məqalə və 3 kitabda öz əksini tapıb. M.Axundov Azərbaycan dilində ali məktəblər üçün bir sıra dərsliklər və dərs vəsaitləri yazıb. O, "Genetika", "Təkamül təlimi", "Biologiyaya giriş", "Darvinizm", "Darvin təliminin əsasları" , "Biologiyadan vəsait", "Biologiya" kimi dərslik və dərs vəsaitlərinin müəllifidir. Elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində M.Axundov "Yer üzərində həyatın əmələ gəlməsi və inkişafı", "Darvinin həyat və fəaliyyəti", "Faktlar milyoneri Ç.Darvin", "Okeanda bir damla", "İnsan genetikasına səyahət" kimi bir sıra kitablar yazıb, müxtəlif jurnal və qəzetlərdə 50-yə yaxın elmi-kütləvi məqalə dərc etdirib.
M.Axundov "Bilik" Cəmiyyəti xətti ilə 45-dən artıq mühazirələrlə çıxış edib, Azərbaycan Milli Televiziyası ilə 20 ildən artıq "Təbiəti sevənlər" verilişini aparıb. M.Axundovun 200-dən artıq elmi-tədqiqat, elmi-metodiki, elmi-kütləvi kitab, broşür, dərslik, dərs vəsaiti və məqalələri çap olunub. M.Axundov respublikamızın maarif və mədəniyyəti sahəsində müntəzəm olaraq geniş miqyasda ictimai işlər aparıb. O, universitetin biologiya üzrə "Elmi əsərləri"nin redaktoru olmuş, uzun illər Təhsil Nazirliyinin elmi-metodiki şurasına rəhbərlik edib, respublikada "Genetika və Seleksiyaçılar Cəmiyyəti"nin Bakı şöbəsinin sədri, EA nəzdindəki respublika Biologiya elmləri tarixi şurasının biologiya seksiyasının sədri, biologiya fakültəsinin tədris-metodiki şurasının rəhbəri vəzifələrində çalışıb. M.Axundov elmi, pedaqoji və ictimai fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti tərəfindən Əməkdar müəllim, Əməkdar elm xadimi kimi adlara layiq görülüb.
Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi, böyük alim və səmimi insan, yüksək mədəniyyətli vətəndaş, xalqına sədaqətlə xidmət edən nəcib şəxsiyyət, professor Mirəli Axundov 90 illik ömrünün 70 ilə yaxın bir dövrünü maarifimizin, elmimizin inkişafına, şəxsi nümunəsində yeni ziyalı təbəqəsinin formalaşmasına, yüksək ixtisaslı bioloqların yetişdirilməsinə həsr edib, bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
Məcnun BABAYEV
BDU-nun professoru,
"Əmək" ordenli Əməkdar müəllim



