APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Rəhim Həmlbər Səid İbrahimzadəni İran hakimiyyətinin əleyhinə fəaliyyət göstərməkdə və təbliğat aparmaqda günahlandıraraq üç ay bir gün (91 gün) müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Buna səbəb onun Təbrizin “Səhənd” stadionunda milli şüarlar səsləndirməsidir. İran İslami Cəza Qanununa görə, bu həbs cəzasına bir günün əlavə olunması həmin qərardan 20 gün müddətində apellyasiya şikayəti verilməsinin mümkün olmayacağını göstərir. Yəni azərbaycanlı fəal həbs cəzasını tam başa vurmalıdır.
Qeyd edək ki, S.İbrahimzadə bu ilin mayın 1-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinə çağırılıb. Azərbaycanlı fəal bunu səbəbini öyrənmək üçün ötən həftə məhkəməyə gedib. S.İbrahimzadə müstəntiq tərəfindən bir neçə saat dindirildikdən sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına göndərilib, ancaq daha sonra müvəqqəti azadlığa buraxılıb. Lakin sonradan azərbaycanlı fəalın yenidən saxlanıldığı və Təbriz Mərkəzi Həbsxanasının 12-ci korpusunda olduğu ortaya çıxıb. S.İbrahimzadə bundan əvvəl 2011-ci ilin sentyabrın 3-də Təbrizdə Urmiya gölünün qurumasına qarşı etiraz aksiyalarına qatıldığına görə tutulub. O, 87 gün Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanıldıqdan sonra ailəsinin qoyduğu mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.