|
|
|
|
"Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfərinin tarixiliyi orasındadır ki, güclü erməni diasporunun mövcud olduğu ölkənin ermənilərlə sıx işbirliyində olmuş prezidenti Cənubi Qafqaz regionu turnesini Azərbaycandan başladı". Bu sözlər Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna məxsusdur.
Politoloqun sözlərinə görə, bu, Fransanın Azərbaycana verdiyi qiymətdir. O, bunun, eyni zamanda Azərbaycanın qazandığı dəyər olduğunu bildirib. Onun sözlərinə görə, bu, həm də gənc Azərbaycan dövlətinin dünyanın geosiyasi reallıqlarını dəyişə bilmək bacarığının göstəricisidir: "Fransa ermənipərəstlikdən özbaşına uzaqlaşıb, Azərbaycana yaxınlaşmır. Ümummilli lider Heydər Əliyevin Avropa siyasətində Fransa xüsusi yer tuturdu. Fransa ilə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın hədsiz böyük rolu var. 2013-cü ildə Fransa ilə Azərbaycanın ticarət dövriyyəsi 2 milyard dollar olduğu halda, Fransa ilə Ermənistanın ticarət dövriyyəsi 81,9 milyon dollar təşkil edib. Ollandın Bakıda keçirdiyi görüşlərin təfsilatı vacib olsa da, bu səfərə regional turne kontekstindən baxmaq Azərbaycanın maraqlarına daha çox cavab verir. O, Dağlıq Qarabağ probleminin həllindən təkcə Azərbaycanda danışmadı. Qarabağ tənzimlənməsi ilə bağlı onun Ermənistanda verdiyi bəyanatlar ermənilərin mövqeyinin yalan olduğunu sübut etmək üzərində qurulmuşdu. Ermənistanın Qarabağ münaqişəsində həll variantını Olland həqiqi həll variantı hesab etmir. Bununla da Olland kəskin surətdə ermənilərin əleyhinə getdi. Ollandın Dağlıq Qarabağ tənzimlənməsində digər vacib bəyanatını Gürcüstanda olarkən verdi. Gürcüstanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv olmağa çağıran Olland rəsmi Tbilisinin bu istiqamətdə addımlarına dəstək verəcəyini bildirdi. Bakıda imzalanan Fransa-Azərbaycan kosmik əməkdaşlıq məsələləri haqqında sənəd erməniləri narahat edir. Onların fikrincə, Fransa onlayn rejimdə yerüstü monitorinq aparmaq qabiliyyətinə malik köhnəlmiş iki peykini Azərbaycana satmaq niyyətindədir. Bu, Azərbaycana işğal olunmuş əraziləri, o cümlədən Ermənistan ərazisini onlayn rejimdə izləmək imkanı verir. Bu kontekstdə Ollandın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyini daha irəli getmiş mövqe hesab etmək mümkündür".
Politoloqun sözlərinə görə, Fransanın ortalığa qoyduğu "soyqırım" məsələsində Ermənistana, Qarabağ tənzimlənməsində Azərbaycana dəstək" formulu bəzi dövlətlər tərəfindən də anlayışla qarşılanır: "Olland yeganə prezidentdir ki, regional turne çərçivəsində Azərbaycan və Ermənistandan kənarda, Gürcüstanda da Dağlıq Qarabağ tənzimlənməsindən danışdı. Gürcüstanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb etmək istəyir. Olland Gürcüstan Prezidenti Marqvelaşvilini Fransaya dəvət etdi".
Daha sonra Abxaziya probleminə toxunan politoloq bunları bildirib: "Abxaziyada rusiyapərəst müxalifət inzibati binaları, o cümlədən prezident administrasiyasının binasını ələ keçirdi. Prezident Aleksandr Ankvab istefa verdi. Abxaziyada narazılıq həmişə olub. Lakin bu narazılıq həmişə idarəolunan həddə olub. Ən azı hakimiyyətə təzyiq göstərilib. İndi idarəedicilər müxalifətə daha çox sərbəstlik veriblər. Abxaziyadakı hadisələrin baş verdiyi tarix çox şeyi deyir. Rusiya Prezidenti Vladimir Putinin Abxaziya məsələləri üzrə köməkçisi Surkovun Abxaziyaya səfərindən dərhal sonra bu hadisə baş verdi. Rusiya Prezidenti, eləcə də yüksək çinli Kreml rəsmilərinin Abxaziyada baş verənlərə münasibət bildirməməsi də diqqəti çəkir. Yenidən Abxaziyaya qayıtmış Surkov bu hadisələri Abxaziyanın daxili işi kimi qələmə verdi".
Türkiyə jurnalistlərinin Abxaziyada səfərdə olduğunu qeyd edən M.Əhmədoğlu deyib ki, Surkov vəzifəyə təyin olunduqdan sonra Abxaziyaya ayağı dəyməmişdi: "Onun səfərinin Türkiyə jurnalistlərinin səfərindən sonraya düşməsi də təsadüfi hesab edilməməlidir. Ehtimalımıza görə, Abxaziyadakı müxalifətin aktivləşməsinin və uğurunun əsas səbəbi məhz Türkiyə jurnalistlərinin Abxaziyaya səfəridir. Türkiyəlilərin Abxaziyaya səfərinə Kreml hədsiz həssaslıq göstərdi. Kremli bu məsələdə günahlandırmaq o qədər də düzgün deyil, çünki Abxaziyanı Rusiyanın təsir zonasından çıxarmaq mümkündür. Rusiyada bəzi qruplar uzun müddət Abxaziyanı Ermənistana dəmiryolun açılması üçün Gürcüstanı güzəştə getməyə vadar etmişdilər. Ankvab Abxaziyanın həqiqi müstəqilliyinin tərəfdarı idi. O, Abxaziyanı Rusiyanın da tərkibinə görmək istəmirdi. Kiçik Abxaziyanın müstəqil siyasət aparmaq potensialı Rusiyada inam yaratmır. Ən azı Abxaziyanın özündəki əhalidən 2-3 dəfə çox abxazların Türkiyədə yaşaması Abxaziya məsələsində Rusiya üçün yuxuqaçırıcı faktordur".
Politoloq hesab edir ki, hazırda ən azı 3 münaqişədə Rusiya ilə Türkiyənin maraqları toqquşur: "Dağlıq Qarabağ, Abxaziya və Krım. Rusiya bu məsələlərin hansısa birində Türkiyəyə güzəştə getməlidir. Türkiyə jurnalistlərinin Abxaziya səfəri Kreml rəsmilərinə bəlkə də Türkiyə xüsusi xidmət orqanlarının təmsilçilərinin səfəri kimi göründü. Eyni zamanda, jurnalistlərin hazırladığı materiallar yaxın gələcəkdə Türkiyədə Abxaziya ilə bağlı vəziyyəti kəskinləşdirə bilər. Bu isə çərkəz məsələsinin də aktivləşməsinə gətirib çıxaracaqdır. Nəticədə Türkiyə çərkəz məsələsini aktivləşdirməklə Rusiyanın hər üç münaqişəli regionda mövqeyini zəiflədə bilər. Məsələnin daha bir xüsusiliyi orasındadır ki, Türkiyə Rusiyanı, Rusiya da Türkiyəni itirmək istəmir. Rusiyanın Dağlıq Qarabağ və Abxaziya münaqişəsinin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki passivliyi Rusiyanın özünün əleyhinə çevrilir".
M.Əhmədoğlu qeyd edib ki, Rusiyanın Abxaziyadakı indiki siyasətinin riski təkcə Türkiyə ilə əlaqəli deyil: "Ermənilər sayca çoxdur, özlərini sayca birinci hesab edirlər. Ermənistan Abxaziya və Türkiyə siyasətlərini əlaqələndirə biliblər. Avropa İttifaqı Abxaziyada uzunmüddətli layihələr reallaşdırır. Abxaziyanın istefa vermiş prezidenti Ankvab və mərhum eks-prezident Baqapş möhkəm dost idilər. Hər ikisi Abxaziyanın müstəqilliyinin tərəfdarı olmaqla yanaşı, müstəqil Abxaziyanın həm də Türkiyə ilə əlaqələrinin qurulmasına çalışırdılar. Abxaziya yeni dövlət idarəçiliyi modeli taparsa və bu idarəçilikdə rus soyadlı şəxslər təmsil olunarsa, Rusiya Abxaziyanın ondan uzaqlaşmayacağına inanacaqdır. Əks-təqdirdə belə hadisələr zaman-zaman təkrarlanacaqdır".
AQİL



