|
|
|
|
Malik ATİLAY
Saat 8-i göstərərkən...
Gözəl yaşamaq yetməz,
Gözəl ölmək də lazımdı
Çünki
Daha çox ölümüylə yadda qalır adamlar
Saat 8-i göstərərkən
Sentyabr ayının son günlərində
Yağanda yağış
Çətirini evdə unutduğun üçün
Tabutun ölçüsünü götürən usta kimi
Qarış-qarış ölçəcək bədənini damlalar
Lev Tolstoy küçəsindən keçəndə
Əriylə dalaşan qadının
Sevgisindən ərini nişan almayıb
Pəncərədən tolazladığı külqabı
Düz yanına düşəcək
Həyatın sonuncu addımıyla bir addım ayıracaq səni
Xəzri kimi soyuq ölüm nəfəsbənəfəs arxanca gələndə
Bütün işıq dirəkləri - dar ağacı
Bütün ulduzlar - intihar həbi kimi görünəcək
Ölməyəcəksən...
Ölməyəcəksən...
***
Günəşin əksi düşər...
Əsrlər, əsrlər əvvəl
Hansısa uşağın əlindən çıxıb
Anasının gözyaşı kimi dumduru göyüzündə
Səyyaha çevrilmiş sapsarı şardı günəş ,
Hər sabah o uşağı axtarmaq üçün
Qaranlığın xurcununu qızılı şəfəqləriylə deşərkən
Günəşin əksi düşər
Mavi gözlərinə dənizin.
***
Saat bir, iki, üç...
Saat bir, iki, üç
Hücum əmri gözləyən ordu misalı
Yuxusuz və həyəcanlıyam
Üzməkdən yorulub
Torların qoynunda dincələn balıq kimi
Yorğunam da bir az
Şimşəklər gümüşü çatlar salır,
Qara aynasına gecənin
Səkkiz ya doqquz yaşındayam,
Fatmayı dənizində
Balıqqulaqlarını doldurmuşam cibimə,
Üstümdə ovuc-ovuc Xəzərlə gəzirəm
Hara getsəm
Sərxoş atasından qorxub
Oyuncaqlarıyla qısıq səslə danışan uşağın pıçıltısıtək
Pıçıltısını eşidirəm dənizin.
Damlalar bulud dilində nəsə yazır pəncərəmə,
Xəbər gətiriblər mənə,
Zamanın tikanlı məftillərinin o üzündəki adamlardan
Saat bir, iki, üç
Tavandan asdığım kəndirin
Altındakı kətilə çıxıram
Dənizi görmək üçün.
***
İkinci mərtəbədəki işıqlı pəncərə
Pəncərədən
Bayıra süzülür işıqla qol-qola nə varsa evdə...
İkinci mərtəbədən səkiyə tuşlanan bir həyat axır indi
Sap-sarı işıqlarla
Uşaqların gülüşü tökülür əvvəlcə
Evin sakitliyini oyuncaqları kimi bir küncə gizlətdikləri günlər görünür sonra
Sonra göz yaşları da axır boz asfalta
Sındırılan qablar kimi
Qırılmış ürəklər də təkrar-təkrar çırpılır yerə
Yenidən qırıq-qırıq olur.
Bayram süfrələri,
Üfürülən ad günü şamları
Şamların qulağına pıçıldanan arzular da
Ard-arda
Qovuşur asfaltla
Yaşanmayan günlər astaca intihar edir pəncərədən yerə atılaraq
İllərdi məhbusu olduğu dodaqları tərk edir təbəssümlər
Acı bir boşluq qalır işıq boyu süzülən şəkillərdə
Kimsəsiz qəhqəhələr yayılır bəyaz örtüyə düşən ləkətək
Səssizliyində şəhərin
Sevgilər
əli-qolu bağlı , yaxşı-yaxşı gizlədilmiş məktublarda
Gözə görünmədən aradan çıxır
Pəncərədən həyat yağır
İşıq yağır
Qaranlığın üst-başına...
Həyat axır
İkinci mərtəbəki işıqlı pəncərədən...