
"Azərbaycan" jurnalının builki 9-cu sayı çapdan çıxıb. Jurnalın cari nömrəsi Vətən müharibəsi şəhidlərinin ruhlarına hörmət əlaməti olaraq 27 sentyabr - Anım gününə həsr edilib.
Jurnal akademik İsa Həbibbəylinin "Azərbaycan" jurnalının redaksiyasına ünvanladığı "Bədii yaradıcılıq - elmi idrakın donoru kimi" sərlövhəli məktubla başlayır. Akademik məktubunda qələmə aldığı poemanın məziyyətlərindən, qayəsindən söhbət açır. Ardınca İsa Həbibbəylinin "Xəmsə - XXI əsr" adlı intellektual poeması oxuculara təqdim edilir.
"Poeziya" bölməsində Rafiq Yusifoğlu, Ay Bəniz Əliyar, Müxəmməd Haqverdi, Məmməd Tahir və Hikmət Məlikzadənin şeirləri işıq üzü görüb.
Azad Yaşarın tərcüməsində tanınmış Britaniya nasiri Roald Dalın "Missis Biksbi və polkovnikin hədiyyə verdiyi kürk" adlı əsəri jurnalın bu sayında yer alıb.
"Nəsr" bölməsində yazıçı Vüsal Nurunun "İlğımda çimən atlar" romanı və Günel Natiqin "Boncuq" hekayəsi oxuculara təqdim olunub.
Tanınmış şair Ramiz Qusarçaylının "Şuşa İli"nə həsr etdiyi "Gün Şuşa günüdü, il Şuşa ili" adlı poeması da jurnalın yeni sayındadır.
"Tənqid və ədəbiyyatşünaslıq" bölməsində iki yazı diqqətə çatdırılıb. Təyyar Salamoğlunun "Bir romanın izi ilə" adlı yazısı Sultan Məcid Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani" adlı əsəri barədədir. "Nizami ruhuna heykəldi Gəncə" adlı yazıda isə Vaqif Yusifli Gəncə ədəbi mühiti, oradakı hazırkı ab-hava barədə söhbət açıb.
Oktay Şamilin "Gərək ayrı cib tikdirəsən" adlı felyetonu "Yumor səhifəsi"ndə yer alıb.
Jurnal ənənəvi olaraq "Kitab rəfi" ilə yekunlaşır. Bu bölmədə yeni nəşrlər barədə oxuculara məlumat verilib.
Nadir YALÇIN



