
Ötən il avqustun 29-da dünya şöhrətli müğənni, Azərbaycan professional vokal sənətinin banisi, Xalq artisti Bülbülün Şuşadakı ev-muzeyinin bərpadan sonra açılışı keçirildi. Bu əlamətdar tədbirin bir illiyi münasibətilə muzeyin direktoru Fəxrəddin Hacıbəyli ilə həmsöhbət olduq, görülmüş işlər və qarşıdakı planlar barədə danışdıq.
F.Hacıbəyli ötən bir ildə muzeydə həyata keçirilmiş işlər barədə ətraflı məlumat verdi: "Muzey bir il öncə fəaliyyətə başlasa da, bu müddət ərzində burada bir sıra təmir işləri aparıldı. Muzeyin həyətində yay konsert salonunun yaradılması, orada müəyyən dizayn işlərinin görülməsi və tikinti işləri bu 1 il ərzində başa çatdırıldı, muzeyin inzibati binası da təmir olundu".
Muzeyin direktoru eksponatların toplanması, yerləşdirilməsi ilə bağlı önəmli məqamlara da toxundu: "Bəzi mənbələrdə qeyd olunur ki, ev-muzeyin əvvəlki dövründə 6000-dən yuxarı eksponat olub. Bəzi mənbələrdə isə eksponatların sayının 9000 olduğu deyilir. Şuşanın qəfil işğalı imkan verməyib ki, muzeyin eksponatları binadan çıxarılsın. Milli-mənəvi dəyərlərimizi ehtiva edən bütün əşyalar ermənilərin əlinə keçib və hamısı məhv edilib. Muzeydə çox dəyərli fotoşəkillər, qramofon valları olub.
Bilirsiniz ki, 1982-ci ildən Bakıda Bülbülün ev-muzeyi fəaliyyət göstərir. Həmin muzeyin direktoru Fərqanə xanım Cabbarova çox gözəl muzey bilicisidir. Muzeyin bütün incə məqamlarına bələd olan bir xanım kimi biz həmişə onun köməyindən bəhrələnirik. Şuşadakı ev-muzeyin ekspozisiyasının qurulması, eksponatların düzümü, nümayişi üçün müvafiq yerlərin seçilməsi Fərqanə xanımın zəhmətinin nəticəsidir. O, öz əməkdaşları ilə birlikdə Şuşaya ezam olundu və eksponatları yerləşdirdi".

F.Hacıbəyli qeyd edib ki, ziyarətçilərin muzeylə bağlı təəssüratlarını özündə əks etdirən kitabların nəşr olunması nəzərdə tutulub: "Bu bir ildə muzeyimizi 30 mindən çox insan ziyarət edib. Muzeydə ziyarətçilərin ürək sözlərini özündə əks etdirən 2 xatirə kitabı var. Kitabın biri fəxri qonaqlar üçün, digəri isə ümumən vətəndaşlar üçün nəzərdə tutulub. Dünyanın hər yerindən Bülbülün ev-muzeyini ziyarətə gəlirlər: Amerikadan, Avropa ölkələrindən, Orta Asiyadan, Rusiyadan, Gürcüstandan, Yaponiyadan, Çindən, ərəb ölkələrindən... Fikrimiz var ki, qonaqların təəssüratlarını kitab halında çap etdirək. Həmin kitab Bülbülün ev-muzeyinə dünyanın marağının təcəssümü olacaq".
Bir il ərzində bir sıra tədbirlərə məhz Bülbülün muzeyi ev sahibliyi edib. F.Hacıbəyli Bülbül adına Beynəlxalq VIII Vokal müsabiqəsinin yekun konserti barədə də məlumat verdi: "Qeyd etdiyim kimi, muzeyin həyətində 250-300 nəfərlik gözəl bir yay konsert salonu mövcuddur. İlk tədbirimiz Bülbülün 125 illik yubileyi münasibətilə həyata keçirildi. Tədbir Bülbül adına Beynəlxalq VIII Vokal müsabiqəsi çərçivəsində baş tutdu. Müsabiqə Bülbülün doğulub-böyüdüyü evdə təntənəli şəkildə yekunlaşdı. Dünyanın hər yerindən yekun konsertə qonaqlar gəlmişdilər. Münsiflər heyəti Azərbaycanın tanınmış bəstəkarları, ictimai xadimləri ilə yanaşı, Rusiyadan, Gürcüstandan gələn görkəmli şəxsiyyətlərdən ibarət idi".
Xaricdə çalışan azərbaycanlı diplomatların Şuşadakı konfransı barədə söhbət açan direktor tədbirin bədii hissəsindən ayrıca bəhs etdi: "Konfransın rəsmi hissəsi Gövhər ağa məscidinin yanında, bədii hissə isə Bülbülün ev-muzeyinin yay konsert zalında keçirildi. 200 nəfərdən çox diplomatımız həmin konsertdə iştirak edirdi. Xarici işlər nazirimiz Ceyhun Bayramov başda olmaqla, bütün tamaşaçılar konserti hərarətlə qarşıladılar".
Bülbülün ev-muzeyinin açılışının bir illiyi bu günlərdə yığcam bir tədbirlə qeyd olunub. F.Hacıbəyli qeyd etdi ki, açıq havada baş tutan tədbir xoş təəssüratlarla yadda qalıb: "Bu ildönümü ərəfəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Xarıbülbül" şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi açılışı oldu. Elə həmin gün muzeyin açılışının bir illiyini rayon rəhbərliyi və bir sıra digər qonaqlarla birgə qeyd etdik. Səhnəmizin Məcnunu, sevilən xanəndə Səbuhi İbayev, Milli Konservatoriyanın tələbəsi Mirəli Sarızadənin ifaları səsləndirildi. Növbəti ay da tədbirlər planı ilə zəngindir".
F.Hacıbəyli planlar barədə də məlumat verdi: "İstəyirik, muzeyimiz musiqi ocağına çevrilsin, silsilə konsertlər, görüşlər, müsabiqələr təşkil olunsun. Şuşada maraqlı afişa yerləri planlaşdırmışıq. Həmin yerlərdə afişalar, muzeyin həftəlik iş planları öz əksini tapacaq. Muzeydə ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur".
Nadir YALÇIN



