"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri unudulmaz teatr və kino xadimi, Xalq artisti Məhluqə Sadıqovaya həsr olunub.
Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində doğulub. Beş il buradakı 1 nömrəli qız məktəbində təhsil alıb. 1930-cu ildə ailəsi Bakıya köçür və Məhluqə xanım 6 nömrəli məktəbdə orta təhsilini davam etdirir.
O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub.
Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.
Məhluqə xanım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.
O, 40 ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin aparıcılarından biri olub. "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində filmlərin səsləndirilməsində yaxından iştirak edib.
Məhluqə Sadıqovanın sənətdə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.