
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9, 10, 11 sentyabr tarixlərində Nizami rayonu Heydər Əliyev adına park-bulvarda “ANAİB I Bilik Kitab Sərgisi” keçiriləcək.
525.az ANAİB-ə istinadən xəbər verir ki, “Biliyiniz möhkəm olsun!” şüarı altında keçiriləcək sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı təşkil ediləcək.
Bu dəfə iyirmi dörd nəşriyyat və mağaza 80 %-dək endirimli məhsulları ilə qarşınızda olacaq.
Sərgi çərçivəsində tanınmış ədiblərin imza mərasimləri, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi dəqiqələri, “face-art”, master-klasslar təşkil ediləcək.
Eyni zamanda tədbirdə məşhur yazıçılar Elxan Elatlı və Rövşən Abdullaoğlunun imza günləri, “Soyuq Günəş” filminin aktrisası İranə Kərimova və reper Prometenin ifası nəzərdə tutulub.
Sərgidə valideynlər övladlarının istifadə etmədikləri kitabları ehtiyacı olan uşaqlara hədiyyə edə bilərlər.
Qeyd edək ki, sərgi hər üç gün 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.



